adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Axı mən Dostoyevski deyiləm!

SAMİRƏ ƏŞRƏF
30604 | 2014-12-06 01:23
Bu mühitdə yaşamaq bədbəxtçilik, biabırçılıq, it zülmü, intihardı. Təhsil, səhiyyə yararsız vəziyyətdə, həmin sahənin savadsız insanları günü-gündən çoxalıb bədbəxt olmağımıza münbit şərait yaratmaqdadılar. İstedadsız və fırıldaqçı adamlar bahalı evlərdə yaşayıb, maşınlarda gəzirlər. İstedadı ilə bir çox şeylərə qadir olanlar isə səfil, ac-yalavac günündə ömürlərini başa vururlar. Hər tərəf boş, duyğusuz insan sifətləri ilə dolub daşır. Yaşayış və insan həyatı o qədər mənasızdır ki, hətta sakitcə oturduğun yerdə başına göydən yekə bir daş düşüb səni bir andaca torpağa gübrə edə bilər. Həmin həyata ironiya olaraq isə bir stəkan limonlu çay ilə bir nimçə halva artıqlamasıyla bəs edir.
Hələ mən küçəyə çıxmağı, mağazaya getməyi, avtobusda bir dəst paltardan çıxmağı demirəm. Əsəblərin yeddi yerdən çarmıxa çəkilir. Məsələn, şəhərin küçələrindəki palçığa dünyanın ən bahalı marka ayaqqabıları davam gətirməz, onda qalmışdı ki, məmləkəti başına götürən it dərisindən, siçan quyruğundan hazırlanan Çin istehsalı ayaqqabılar ola.
Əvvəllər, yəni qədim zamanlarda quraqlıq olanda insanlar cürbəcür ayinlər düzəldib, əllərini göyə açıb dualar edirmişlər ki, Tanrı göydən yerə yağış yağdırsın, hər tərəfi sel, su yuyub təmizləsin. İndi isə yerə bir damcı su düşən kimi, kasıbın gözü pəncərənin soyuq şüşəsindən süzülüb gedən yağış damcılarında, dili isə ürəyində dua etməkdə olur ki, bircə yağış tez kəssin. Çünki özü cəhənnəm, səhər dərsə gedən uşağının balaca, çəlimiz ayaqları yağışdan islanıb, donacaq.
Yaşamaq üçün artıq heç nəyə ümid qalmayıb. Tutaq ki, evindən bir saatlıq hansısa iş dalınca qaçmaq istəyirsən (bəli çıxmaq yox, məhz qaçmaq ) vəssalam. Sənin həmin günün demək olar ki, məhv olunmuş gün hesab oluna bilər.
Gəlin, elə evin kandarından başlayaq. Əlini atırsan liftin düyməsinə. Lift işləyir, amma sən dayandığın mərtəbəyə gəlmir. Niyə? Çünki doqquzuncu mərtəbədə ilişib qalıb. Və bu ilişmə artıq neçə illərdi ki, elə ilişik vəziyyətdədir. Pilləkənləri piyada düşməyə məcbursan, başqa yolun yoxdu. Çıxırsan küçəyə, bomboş yolu keçmək istədiyin yerdə hardansa bahalı bir maşın vəhşi dağ qartalı kimi ağına-bozuna baxmadan şığıyıb yanından keçir, asfaltın murdar gölməçəsini sənin üstünə sıçradır. Mağazaya gedib nəsə almaq istəyirsən, birdən kimsə sənə sürtüşə-sürtüşə gəlib başının üstündən adlayıb bir qucaq zir-zibili boşaldır piştaxtanın üstünə ki, satıcı birinci onu yola salsın. Sən də kor-peşman, mattım-mattım ayıbına kor olub baxırsan ki, bu işlərin axırı necə və nətər olacaq.
Evinə qayıdıb gəlib qapından içəri girisən və şükür edirsən ki, nəhayət burda heç nəyə əsəbiləşməzsən. Amma kimə deyirsən. Bu dəfə də dəxilsiz yerdən ya işıq kəsilir, ya qaz olmur, ya da Dostoyevskinin əsərlərindəki qəhrəmanları xatırladan üst qonşunun ərə gedib qayıtmış ağıldankəm çolaq qızı, alkoqolik oğlu, onun isterik arvadı və həmin ailənin başçısı yenicə türmədən çıxmış qoca atasının dava-mərəkəsi sənin əsəblərini məhv edir. Sənin isə çıxıb qonşunun qapısını döyüb: "Ay başınıza dönüm, bir hovr sakit olun, axı mən Dostoyevski deyiləm!" - deməyə üzün gəlmir.
Televizoru açan kimi süni, dekorotiv aparıcıların "təqdim" etdikləri sağlamlıq verilişləri, həmin verilişlərdə dorçunlarını çəkib oturmuş Novruz yumurtası kimi boyalı həkimləri gözümüzü mazol etsə də artıq heç kim səhiyyənin düzgün idarəedilməsinə inanmır. Cavab isə çox sadədi. Bir xəstəlikdən çox yox, beş sanballı xəstəxanda analiz versək, hərəsindən bir avaz gələcək. Biri deyəcək bir aylıq ömrün qalıb. O biri deyəcək yer üzündə səndən sağlam adam yoxdur, digəri isə sən əsl cərrah masasına uzadılıb yarı şaqqası çapılacaq xəstəsən kimi ürəkbulandıran sözlərlə qanını it qanına döndərəcək. Nöşün ki, sənin bədənin çürüyüb heç kimin xəbəri yoxdu. İndi gəl baş çıxar görüm, bunların hansı doğru cavabdı.
Məktəblər yuxarıda sadaladıqlarımdan da betər vəziyyətdədir. Təmir olunmuş, içi bəzəkli məktəblərdə savadlı müəllimlər artıq çıraqla gəzilir. Onlar da sovet təhsilindən qalma insanlardılar. Sovetin son insanı da yoxa çıxandan sonra bizim halımız qalacaq dişinin dibində saqqız, əlində planşet olan məzəli, savadsız qızcığazların ümidinə.
Məktəblərdə göz-görəti durum hələlik bu yerdədi: Kimin uşağı bir balaca yaxşı geyinib-kecinirsə, müəllim mütləq onu irəli çəkməyə çalışır.
Bir dəfə ibtidai siniflərin birinə girdim. Gözlərimə inanmadım. İyirmi nəfərdən ibarət olan sinifdə gözləri zəif olan, eynək taxan üç şagird vardı. Onların üçünü də müəllim ən axırıncı partada əyləşdirmişdi. Qabaqda isə imkanlı kişilərini qızları, oğlanları oturmuşdu. Bu da o deməkdir ki, müəllimlərin çoxu artıq vicdanlarını itiriblər. Bu yaxınlarda bir əhvalat eşitdim. Həmin eşitdiklərimdən sonra mənim vicdanlı müəllim anlayışına olan ümidlərim yerli-dibli yox oldu. Bir uşağın atası oğurluq üstündə tutulub. Uşaq atası azadlıqda olanda məktəbin əlaçılardan ibarət sinfində oxuyurmuş. Sinif rəhbəri onun atasının tutulma xəbərini eşidən kimi bir bəhanə ilə uşağı öz sinifindən çıxartdırıb zəif uşaqlar oxuyan sinfə ötürür. Uşağı öz sinfinə qəbul edən başqa müəllimə onu uşaqlara elə ilk gündən dəcəl, avara, tərbiyəsiz uşaq kimi təqdim edir. Üstəlik də son olaraq belə deyir: - Bu uşağın atası yoxdu, ölüb.
Hər şeyi qoyuram bir tərəfə, ancaq müəllimənin sağ adamı niyə ölü kimi təqdim etməsi açığı mənə bir az qaranlıq qalmışdı. Sonra ordan-burdan eşitdim ki, bəli məhz uşağın anası ərini oğru kimi yox, ölü kimi tanıtmaq istəyir.
Burda azərbaycanlı kişisinin halına bir ağız ağlamaq lazım gəlir. Ona görə ki, onun arvadı bir az çətinə düşən kimi yeni tanış olduğu insanlara ərini ya narkoman, ya ölü, ya da Qarabağ şəhidi kimi tanıdır.
Bir tanış qadın vardı. Bizimlə bir rayondan idi. O, cavanlıqda qeyri-qanuni bir adamla yaşamışdı. Ondan da bir oğlu olmuşdu. Rayonda onu tanıyan hər kəs bu məsələdən xəbərdar idi. Qaçqınçılıqdan sonra qadın onu tanımayan hər kəsə ərinin Qarabağ şəhidi olduğunu dedi. Ər isə sağ-salamat çadır şəhərciyində kartof-soğan satıb öz külfətini dolandırmaqla məşğul idi.
Əlqərəz, sadaladığım bu qədər həngamədən sonra mən belə bir mühitdə yaşamağın necə ağır və məşəqqətli olduğunu bir daha dərindən dərk edirəm. Sadəcə olaraq bir məsələyə təəccüb edirəm ki, işıqlı insanlar niyə hələ də buralarda çırpınıb dururlar?!
Yoxdu - ağlı, istedadı, intellekti, bacarığı olan heç kimin işıqlı gələcəyi yoxdu. Bu o qədər açıq və aydındır ki, bunu görməmək üçün gərək ya kor olasan, ya da kar. Əgər kimsə mənim haqsız olduğumu düşünürsə, mən də nə kar, nə də kor olmadığımı çox yaxşı bilirəm. Mənim işim təbii ki, gənc və perespektivli insanlarladı. Sual oluna bilər ki, bəs sən burda nə gəzirsən?! Haqlı sualdı. Amma cavab vermək çətindi...
...Bir neçə il əvvəl tanınmış yazılçılarından biri ilə müsahibə hazırlamışdım. Necə oldusa söhbət hərlənib, fırlanıb ailənin üstünə gəlib çıxdı. Yazıçı heç vaxt yadımdan çıxartmayacağım qüssəli bir cümlə işlətdi: "Bu imkansız həyata özümdən başqa üç nəfəri, ailə üzvlərimi də şərik eləmişəm. Bax, buna görə mən doğurdan da hər zaman xəcalət çəkirəm. Utanıram!"


TƏQVİM / ARXİV