adalet.az header logo
  • Bakı 21°C

CƏHALƏT QUYUSU

FAİQ QİSMƏTOĞLU
70742 | 2014-12-06 01:22
... Elə bil ki, gözümüzü bağlayıb, başımızı qatıb və kimsə bizi cəhalət quyusuna doğru sürükləyir. İnanmırsınız, müxtəlif televiziya kanallarında yayımlanan bəzi canlı verilişlərə baxın. Görün orda xalqa nə sırıyırlar? Camaata avamlığı, cəhaləti və ən nəhayət, xurafatı aşılayırlar. Biri çıxıb deyir ki, fala baxıram, onu televiziya kanalları reklam edir, camaat da fala baxana inanıb onun qapısına gedir və sonra da dərin quyuya düşərək ordan çıxa bilmir...
Sanki XX əsrin əvvəllərindəki bir mühit yaranıb. Onda Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyov... digərləri bu milləti cəhalətdən xilas edə bilmədilər. Nə qədər yazdılar-yazdılar, yenə millət o cəhalətdən geri dönmədi. Bir mahnının sözlərində deyilir: "Qayada yatmış idim, top atdılar, oyanmadım".
Top səsinə oyanmayan millət nə yazı-pozuya oyanar, nə qışqırığa baxar, nə də hay-küyə fikir verər. Elə şirin yuxuya gedər ki, onu kimsə yuxudan çətinliklə qaldıra bilər.
Hətta bu yaxınlarda müxtəlif televiziya kanallarında gedən bəzi verilişlərlə bağlı Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və Milli Məclisin vitse-spikeri Bahar Muradova da öz fikirlərini səsləndirdilər. Hər iki dəyərli ziyalı bildirdi ki, bizim çox müsbət cəhətlərimiz və nümunəvi ailə modellərimiz var. Bax, bunları gündəmə gətirmək və xalqa təbliğ etmək lazımdır. Amma nə olsun, yenə bəzi kanallar öz işindədir, milləti gözdən və nüfuzdan salmaq üçün nə gəldi onu eləyir. Bax, bundan baş açmaq olmur.
Cəlil Məmmədquluzadə "Bəzi işlər" felyetonunda yazırdı: "Molla Əbdürrəşid əfəndi gedib gəzib, gəzib, axırda başlayıb ki, dünyada nə qədər ki gözü bağlı tayfalar var, onların hamısından başı qapazlı, ayağı patavalı, ağzı doşablı, qulaqları kar və beyinləri çürük - müsəlman tayfalarıdır.
İbrahimovun yazdığına görə, Hindistanın paytaxtı Bombey şəhərində müsəlmanların yüzdən artıq məscidi var, amma ikicə mədrəsələri var ki, orada da 50 şagirddən artıq yoxdur. Müsəlmanlar məcuzi hindlilərə nisbətən çox geridə qalmışlar. Hindlilərdən məhkəmələrdə və hökumət idarələrində məmurları var, amma müsəlmanlardan yox kimidi.
Bu sözləri yazandan sonra "Vəqt" qəzeti ürəkdən bir ah çəkib deyir: "Müsəlmanların halı Çində də, Hinddə də, Rusiyada da, Türkiyə və İranda da birdir. Bunlara hava iqlim, gördükləri və eşitdikləri təsir etmiyor".
Biz də Əbdürrəşid İbrahimovdan və "Vəqt" qəzetindən təvəqqe edirik ki, təzə sözləri varsa, danışsınlar, xalq qulaq assın. Bunlar köhnə sözdür".
Rəhmətlik Mirzə Cəlilin sözünə qüvvət, biz köhnə söz demirik, təsə sözləri demək istəyirik. Məsələn, demək istəyirik ki, bu avam kütləni ayrı-ayrı KİV-lər cəhalət quyusuna az çəksinlər. İndi siz təsəvvür edin, orta səviyyəli bir müğənnini (onun elə səsi və istedadı da yoxdur) az qala hər gün televiziya kanalları reklam eləyir. Hətta hər hansı mövzu ilə bağlı ekspert kimi də həmin müğənnini verilişə dəvət edirlər, o da ağzına gələni danışır. Çünki zalım oğlunun, yaxud da zalım qızının nə elə savadı var, nə də elə dünyagörüşü. Başı ancaq toylara qarışıb. Elə yuxuda da toy görürlər. Niyə də görməsinlər? Bir akademikin, bir professorun bir ildə qazandığını onlar bir toyda həll edirlər. Hansı ki həmin verilişlərə bir ziyalı, bir şair, bir yazıçı dəvət oluna bilər və o da millətə nəsə bir söz deyə bilər. Bax, həmin sözü deməyə kifayət qədər istedadlı insanlar var.
Ancaq nə etmək olar ki, televiziya kanallarına da eyni siyasətçilər, eyni tanınmışlar və eyni ziyalılar dəvət olunurlar. Guya bu ölkədə beş-on nəfərdən başqa savadlı və istedadlı adam yoxdu. Şəxsən mən istedadlı adam görəndə onu ən böyük var-dövlət kimi dəyərləndirirəm. Çünki çox yerdə oxumadığım, eşitmədiyim və görmədiyim şeyləri onun söhbətində hiss eləyirəm. Belə adamlardan heç vaxt doymaq olmur.
İndi qayıdaq yenə bəzi adamların cəhalətə yuvarlanmasına. Bu yaxınlarda "Adam içində" verilişində bir neçə gəncin aparıcılıq qabiliyyəti yoxlanılırdı. Hətta tanınmış diktor və xalq artisti Sabir Ələsgərov da onların arasındaydı. Aparıcı olmaq istəyən gəncdən soruşdular ki, Ramiz Rövşəndən bir bənd şeir de. O gözlərini döydü və sanki heç nə eşitməyirmiş kimi susdu. Sonra kimsə yenə sual verdi: "Bəlkə Məmməd Arazdan bir şeir deyəsən?" Həmin gənc başını aşağı saldı və dinmədi. Ekspertlər o ki var onu danladılar.
Əgər kimsə Səməd Vurğundan, Məmməd Arazdan, Bəxtiyar Vahabzadədən, Ramiz Rövşəndən... bir şeir bilmirsə, vallah, ona azərbaycanlı demək olmaz. Heç olmasa ürəyində bir damla Vətən sevgisi, millət məhəbbəti olan bir adam mütləq böyük Məmməd Arazın "Dünya sənin, dünya mənim, dünya heç kimin" şeirini yada sala bilər.
Bilirsiniz, indiki gənclərin bəziləri niyə savadsızdır? Çünki onların başı əyləncələrə, internetdə olan yazışmalara (özü də pis işlərə) və ən nəhayət, tüfeyliyə qarışıb. Bu adamlar heç vaxt nə Səməd Vurğunu, nə Məmməd Arazı, nə də Ramiz Rövşəni tanıyacaqlar. Çünki onlar kitab oxumurlar. Nəinki onlar, hətta tanınmış müğənnilər belə nə klassik, nə də müasir Azərbaycan yazıçılarını və şairlərini oxumaq istəmirlər. Müğənnilərdən biri mahnı oxuyur, bilmir ki, onun sözləri Bəxtiyar Vahabzadəyə məxsusdur. Kimsə deyəndən sonra müğənni gülür və utanmaz-utanmaz fanoqrama ilə yenidən camaatın başını qatır.
Bir dəfə xalq şairi, rəhmətlik Bəxtiyar Vahabzadə söhbət zamanı dedi ki, məndən xahiş etdilər ki, universiteti fərqlənmə diplomu ilə bitirmiş bir xanımı işə düzəldim. Mən də "baş üstə" deyib Misir müəllimə zəng elədim. O da xahişimi hörmətlə eşitdi və bildirdi ki, sabah filan məktəbə xanım işə çıxsın. Elə oldu ki, həmin xanımı yanıma dəvət elədim, dedim görüm savadı var, ya yox. Sual-cavab zamanı məlum oldu ki, universiteti "fərqlənmə" ilə bitirmiş bu xanımın nə Səməd Vurğundan xəbəri var, nə Məmməd Arazdan, nə də digərlərindən. Hələ mən klassikləri soruşmadım. Qıza dedim ki, sənin işin düzələn deyil. Sonra da Misir müəllimə zəng vurub həmin məsələni həll etməməsini rica etdim.
Bax belə. Bizim ən böyük günahımız və səhvimiz ondan ibarətdir ki, oxumaq, öyrənmək istəmirik. Ancaq fala baxanların, ekstrasenslərin və bəzi mollaların dediklərinə qulaq asıb cəhalət quyusuna yuvarlanırıq. Cəhalət quyusuna düşəndən sonra isə heç kim bizi ordan çıxara bilməyib və bilməyəcək də...


TƏQVİM / ARXİV