adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

KANYON

MƏZAHİR ƏHMƏDZADƏ
45899 | 2014-12-06 01:21
Mənim doğulub boya-başa çatdığım gözəl rayonumun o qədər özəllikləri var ki... Bütün bunlar barədə yeri gəldikcə söhbət açmağa, nəsə bir şeylər yazmağa çalışmışam. Keçmişindən-bugünündən, kəndindən-şəhərindən, adamlarından... Ağaclarından, təbiətindən də yazmışam, hətta bəzən bunları obrazlaşdırmışam da.
Tanıyanlar, görənlər bilir ki, mənim doğma, sevimli rayonumun mərkəzi, yəni şəhər hissəsi qarşı dağların ətəklərinə söykənir. Bu dağlar aranın şərq sərhədlərindən başlayaraq şimal-qərbə doğru sıralanıb əsrarəngiz mənzərə yaradır. Böyük Qafqazın buralarda kiçilən, əriyən ətəkləri sanki bir az aşağılarda Boz dağla estafetləşərək qollarını bir tanrı sevgisi ilə açıb da bu gözəlliyi qoruyur. Bəd nəzərlərdənmi, pis niyyətlərdənmi, acgözlərdənmi?
Bir zamanlar bu şəhərin tən ortasından dərinliyi və eni o qədər də böyük olmayan bir çay keçərdi. Adına Əlvan deyilən bu çayın suyu adi vaxtlarda kiçik arxların axıntısından da az olardı. Dağların arasıyla dolanıb gələn Əlvan çayının əbədi mənbəyi yox idi, yuxarılardakı bulaqlardan qidalanardı. Ancaq elə ki, dağlara, şəhərə yağış yağardı, onda Əlvanın suyu artıb çoxalar, hətta şəhər üçün qorxu yaradardı. Və ayrı-ayrı illərdə dağlara yağan güclü və aramsız yağışlar çayı elə selləndirmişdi ki, o, məcrasından çıxaraq şəhəri, ətraf küçə və evləri zədələmiş, dağıntılar törətmişdi də.
Axırıncı daşqından sonra hökumət böyük vəsait hesabına çayın şəhərə daxil olduğu iki dağ arasındakı 150 metrlik məsafədə nəhəng bənd qurulmasını planlaşdırdı və bu tədbir o vaxtki Mərkəzi Komitənin birinci katibi, ümummilli liderimiz Heydər Əliyevin sayəsində tezliklə həyata keçirildi. Qat-qat qurulan bu bəndin təkcə bünövrəsinin eni 35 metrə çatırdı. Bundan sonra leysanlar zamanı dağların, dərələrin gur sularını şəhərə daşıyan Əlvan çayı öz funksiyasını itirməyə başladı. Bundan sonra həmin gözlənilən və ya qəfil qabaran sular bəndin xüsusi qurğuları vasitəsilə ayrıca tikilmiş beton kanallara yönələrək şəhərin sol sahilindəki o məşhur çaya istiqamətləndirildi. Göy çaya...
Qorxu bitdi. Ancaq Əlvan adlı çay da öz ömrünü başa vurdu. Şəhərdə onun yatağı boyunca küçə salındı, yol çəkildi, evlər tikildi-elə bil ki, burada çay nədir, heç kiçicik su bərəsi də olmayıbmış...
Ancaq ad yaşadı. Bənddən üzü dağlara doğru qıvrılan çay yatağı indi Əlvan dərəsi kimi tanınır və maraq doğurur.
Söhbət açdığım əhvalatlar 40-45 il bundan əvvəllər baş versə də bütün bunları yaxşı xatırlayıram. O vaxtlar, yeniyetmə və ilk gənclik çağlarımızda dərə boyunca səfərə çıxıb gəzib-görənlər bu yerlərin özünəməxsus gözəlliyindən, necə deyərlər, aranın beş addımlığında "gizlənən" dağ silsilələrindən, meşə və bulaqlardan elə cəlbedici söhbətlər edirdilər ki... Bir gün biz də dostumuz Qalib Əfəndinin təşkilatçılğı ilə 4-5 nəfərlik dəstə düzəldib özünün çay missiyasını itirərək dərə adlanan Əlvana səfər etdik. Deyilənlər, danışılanlar hələ az imiş. Ən başlıcası isə 28-30 dərəcə istidən, dərəyə doğru 4-5 kilometr getdikdən sonra şəhərdəkindən 5-6 dərəcə sərin bir havaya düşmüşdük. Digər tərəfdən də növ-növ ağacların əhatəsindəki oksigen bolluğu, dağ-meşə ətri, qoxusu...
Əlvanın sırf dərə kimi uzunluğu 18-20 kilometrdən artıq deyil. Eni bəzi yerlərdə 15-20 metrə qədər sıxılır, bəzi yerlərdə isə 120-150 metrə qədər genişlənir. Hündürlüyü də təxminən belə görünür. Ancaq bəzən çılpaq və vahiməli, sərt qayalıqlı, bəzən də yaşıl vadi kimi gözəl görüntülü... Həm də ki, bura öz quruluşuna, müəyyən xüsusiyyətlərinə görə adi dərələri deyil, daha möhtəşəm təbiət abidəsini xatırladırdı. Sonralar mən Əlvanın sağa-sola ayrılan və labirint kimi dolaşan qollarını, digər gizlinlərini də "kəşf" etdim özüm kimi təbiətsevər dostlarımla. Dərənin elə yerləri vardı ki, bəzən mən reallıq hissini unudub özümü heç vaxt olmadığım, yalnız Hollivud filmlərində gördüyüm uzaq Koloradoda yol gedirmiş kimi düşünürdüm. Aşağıdan yuxarı sıldırım qayaların üstündə sıralanan "lələkli" kolluqları hindulara - apaçilərə oxşatmaq fantaziyalarım da olurdu. Sonralar oxuyub öyrənəndə ki, nəhəng bir dərə, nəhəng bir kanyon kimi düşündüyüm Əlvan, mənim assosiasiya etdiyim Koloradonun dar bir küncündən də kiçikdir, heç də pərt olmadım. Nə olsun ki, Kordilyer dağlarında dərin çay dərəsi kimi, yəni kanyon kimi uzanan keçmiş hindular məskəni dünyanın ən nəhəngi imiş. Həqiqətən dünyada ən böyük kanyon Kolorado çayındakı Böyük Kanyondur. Uzunluğu 320 kilometr, dərinliyi isə bəzi yerlərdə 1800 metrə çatan nəhəng təbiət abidəsi! Bura indinin özündə də toxunulmaz bir yerdir, heç bir urbanik müdaxilə edilməyən məkandır. İndiyədək Hollivudun çəkdiyi filmlərdən təxminən 500-ə qədərinin bir çox epizodları Böyük Kanyonda lentə alınıb. Bir vaxtlar Qreqer Pekin, Ömər Şərifin, Qoyko Mitiçin, sonralarsa Riçard Gir və başqa məşhur aktyorların canlandırdığı unudulmaz obrazlar bizə həm də əfsanəvi Böyük Kanyonu təkrar-təkrar xatırladır.
...Bəli, belə bir nəhəngliyin müqayisəsindən mən heç də pərt olmamışdım. Mənim kanyonumun da özəllikləri çox idi və bütün bunlar məni qane edirdi.
Ancaq bu yaxınlarda bir hadisə ilə bağlı Əlvana gedərkən, oradakı adsız türk xilaskarının məzarını ziyarət edərkən gördüklərimdən yamanca pərt oldum. Xatırladım ki, çox illər bundan öncə mən həmin o türk şəhidinin uyuduğu məzar haqqında bir elegiya yazmışdım və kitabımda da vemişdim: "Başdaşında adın hanı?"
İndi mən dostlarla həmin məzarı ziyarət edərkən çoxdan yolum düşməyən dərəni də qərib bir nostalji ilə gəzmək arzusunda oldum. Kaş ki, gəzib görməyəydim. Nə qədər qorunmasına, nəzarət edilməsinə baxmayaraq mənim kiçik kanyon adlandırdığım Əlvan dərəsi mal-qara, qoyun-quzu fermaları və pəyələri, həm də otlaqları üçün sanki sahibsiz bir əraziyə çevrilərək öz doğallığını itirməkdədir. Belə davam edərsə, insanların icazəli, ya icazəsiz müdaxiləsi daha geniş şəkil alarsa, onda necə?
Çox acıdım, çox təəssüfləndim doğrusu.
Müqayisələrim, oxşatmalarım və əhval-ruhiyyəm məsafə və miqyas baxımından nə qədər fərqli görünsə də şüuraltı münasibətlərin təsiri özünəməxsus standartları diktə etmək gücündədir. Necə ola bilər ki, mən heç vaxt görmədiyim yerlərin cazibəsinə düşə bilərəm, vətənimin oxşar məkanlarına heyran qala bilmərəm? Hələ üstəlik statistik məlumatlarda yer alan digər dərə-kanyonlarımızın da nisgili bir yandan. Bir yandan da dahi şairimiz dərə, kanyon anlamında necə də obrazlı və bənzərsiz misralar qələmə almışdı:

"...Hamilə qadıntək yuxusu möhkəm,
Qucağı doludur dərələrin də..."

Yəni duman bu dərələrə qonaq gələndə sükutun fantastikasını bundan gözəl görmək də mümkün deyildi... Bu misraların, bu şeirin müəllifinin kim olduğunu mənə söyləmədən məni kosmopolit adlandırmağa da heç tələsməyin...

P.S. Böyük Kanyonu da əbəs yerə xatırlamadım. Amerikalılar daxili işlərinə qarışdıqları ölkələrdən təkcə biri üçün ayırdıqları vəsait hesabına həmin o kanyon boyunca ən müasir infrastrukturlu möhtəşəm bir şəhər də sala bilərdilər. Ancaq heç nəyə əl vurmurlar. Tanrının, ana təbiətin yaratdığı və min illərlə yaşı olan bu doğallığı qoruyub saxlamağı üstün tuturlar. Nə qədər qədim və vahiməli görünsə də.
Elə deyilmi, hörmətli professor, sevimli Qara Mustafayev?

TƏQVİM / ARXİV