hacklink Adalet.az | KRIMDA İSTİRAHƏTİN DÜŞƏR-DÜŞMƏZİ OLUR Adalet.az | KRIMDA İSTİRAHƏTİN DÜŞƏR-DÜŞMƏZİ OLUR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

KRIMDA İSTİRAHƏTİN DÜŞƏR-DÜŞMƏZİ OLUR

("Tarix - ibrət alanlar üçün dərsdir" silsiləsindən)

24349    |   2008-04-12 09:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Vaxtilə SSRİ dövrünün ən gözəl istirahət kompleksləri Krımda yaradılmışdı. Yarımadanın özəl dilbər guşələri isə il boyunca seçilmişlərin ixtiyarında idi. Lenin istisna olmaqla, ölkənin bütün rəhbərləri məzuniyyətlərini təbiətin bu füsunkar qoynunda keçirməyə üstünlük verərdilər. Amma Krımın da düşər-düşməzi olurdu. Məsələn, 1964-cü ilin oktyabrında Nikita Xruşşovu aldadaraq Krımdan paytaxta çağırıb vəzifədən kənarlaşdırdılar, bütün imtiyazlarından məhrum etdilər. 1983-cü ildə Konstantin Çernenkonu bir gecədə çanlı meyidə döndərdilər. lməsə də, ölənə kimi şikəst qaldı. Nə rahat nəfəs ala bildi, nə adam kimi yerişini saxladı. Halbuki, bir qədər öncə suda balıq kimi üzürdü. Təxminən bir ay sonra Andropov da ağır vəziyyətdə Krımdan təcili olaraq Kreml xəstəxanasına gətirildi. zərində aparılan cərrahiyyə əməliyyatı uğurlu keçsə də, Baş katib artıq ölümə məhkum idi. 1964-cü ilin avqustunda Qara dəniz sahillərində dincələn İtaliya kommunistlərinin lideri Palmiro Tolyatti Krımda qəflətən dünyasını dəyişmişdi. Yadınızdadırsa, 1991-ci ildə M. Qorbaçovun Forosdakı yay tətilini də QKÇP-nin çevriliş cəhdi pozdu. Ona görə deyirəm, Krımın düşər-düşməzi var.
   Siyasət aləmində atacağın addımlar barədə vaxtından əvvəl bəyanat vermək hər zaman ayağı sayalı olmur. Lenin də, Stalin də, Xruşşov da hakimiyyətlərinin sonuna yaxın müəyyən islahatlar və kadr dəyişiklikləri etməyə hazırlaşırdılar. Bu barədə düşüncələrini, şəxsi qənaətlərini yaxın bildiklərilə paylaşmışdılar. Hər üç halda nəticə pis olmuşdu. 1982-ci ilin payızında Leonid Brejnev birmənalı şəkildə istefa vermək qərarına gəlmişdi. Hətta öz yerinə nəzərdə tutduğu namizədin adını noyabrın 12-də açıqlayacağını bəyan etmışdi. Sovet xalqı onu son dəfə Oktyabr inqilabının ildönümü günü - noyabrın 7-də, Siyasi Büro üzvləri ilə birlikdə Mavzoleyin tribunasında dayanan gördü. Noyabrın 8 və 9-da mühafizə xidmətinin rəhbəri Medvedyevin yazdığına görə, Brejnev ova çıxıb. Düzdür, özü silahdan atəş acmayıb, sadəcə olaraq maşından ovlanma mənzərəsini seyr edib. Bir gün sonra, noyabrın 10-da qəflətən dünyasını dəyişən Baş katib varisini elan etməyə macal tapmadı. Maraqlıdlır, ikinci İliçin namizədi kim ola bilərdi ? Heç şübhəsiz ki, varis olaraq M.Qorbaçovu nəzərdə tutmazdı. Çox guman, Çernenkonun adını çəkəcəkdi. Leonid İliçin ona inamı, etibarı böyük idi. Uzun illər əlinin altında işləyib kifayət qədər təcrübə toplayan bu insan ona sədaqəti, təmizliyi ilə seçilirdi. Brejnev əmin idi ki, belələri çörək itirən olmur, bağda ərik olmayanda da bağbanla salam-kalamı kəsmir. Aparatda yetərincə nüfuzu vardı. İdeoloji məsələləri, ümumi şöbənin işini və kargüzarlığı öz nəzarətində saxlayan Konstantin Ustinoviç son vaxtlarda Baş katibin adından göstərişlər vermək, iclas keçirmək səlahiyyətlərini də qazanmışdı. Lakin Brejnevin vəfatından sonra Kremlin "qocalar ittifaqı"nda qüvvələr nisbəti dərhal Andropovun xeyrinə dəyişdi. Konstantin Ustinoviç hadisələrin bu şəkildə inkişafına çox da təəssüflənmədi. Onun kimi iddiasız partiya xadimləri birincilərin yanında ikinci olanda daha qüdrətli olur və məsud yaşayırlar. Plenumda Andropovun Baş katib vəzifəsinə namizədliyini təsadüfi deyil ki, Çernenko təklif etdi. Amma buna baxmayaraq, "soyuq başı, qaynar ürəyi, təmiz əli" olduğu güman edilən Yuri Vladimiroviç müəyyən mənada Çernenkodan ehtiyatlanırdı. Andropovun tərcümeyi-halındakı boşluqlar barədə Mərkəzi Komitə Aparatının ümumi şöbəsində vaxtilə yetərincə ərizə və şikayətlər, digər sənədlər toplanmışdı. Çernenko bunları üzə çıxarmasa da, Leonid İliçə hamısını göstərmişdi. Andropov da 15 il DTK-da rəhbər işlədiyi müddətdə fürsəti lazımınca dəyərləndirə bilmişdi. Hamı elə bil onun ovcunun içindəydi. Siyasi çəkişmələr gedəndə quyruğu qapı arasında qalanları, şəraitə görə tez-tez simasını və mövqeyini dəyişənləri yaxşı tanıyırdı. Kimin qazanında nə qaynadığını, cibində hansı siçanların oynadığını, evində-ailəsində baş verənləri, beynində hansı küləklərin əsdiyini əzbər bilirdi. Təbii ki, bu və digər məxfi məlumatlardan agah olması ona əlavə güc verirdi. Andropov heç vaxt Bakıda olmasa da, bir Azərbaycan məsəlini yaxşı mənimsəmişdi: "iki qoçun başı bir qazanda qaynamaz!" Odur ki, məzuniyyətdən qayıdan kimi, Konstantin Ustinoviçlə üzüsulu xüdahafizləşmək istəyirdi. Bəlkə, elə təzə Baş katibin gizli niyyətindən duyuq düşdüyündən Çernenko 1983-cü ilin avqust ayında Krıma gedərkən nəinki həyat yoldaşını, oğlu Viktoru, gəlinini və iki yaşlı nəvəsi Kostyanı, hətta koməkçısı Viktor Pribıtkovu da ilk dəfə özüylə birlikdə aparmışdı. O bilirdi ki, Andropov da məzuniyyətə hazırlaşır və istirahət müddəti bir ay sürəcək. Deməli, Kremldə onun son vida zəngi oktyabrdan tez çalınmayacaqdı. O vaxta kimi isə qarşıda hələ düz iki ay vardı. Amma yaxşı deyiblər ki, sən saydığını say, gör Fələk nə sayır". O zaman hər iki katib nə biləydi ki, iki ay sonra onların hər ikisi dünyada ən şirin şey olan vəzifə deyil, can sağlıqlarını Krımda əbədi itirəcəklər...
   Haşiyə: Tarixə bir qədər nəzər salaq. 1918-ci ildə Lenini zəhərli güllə ilə vurdular. İndiyədək danışılır ki, Stalin də dünyanı öz əcəliylə dəyişməyib. Şayiələrə inansaq, onu da zəhərləmişlər. DTK-nın keçmiş sədrlərindən biri - Semiçastnı xatirələrində yazır ki, Brejnev Mərkəzi Komitənin ikinci katibi olanda bir neçə dəfə Xruşşovu zəhərləməyi ona təklif etmişdi. Nədənsə, Vladimir Yefimoviç bu təkliflə razılaşmamışdı. Nazir Fedarçukun balıq payından zəhərlənən Çernenko həkimlərin köməyi ilə ikinci dəfə həyata qayıtdı.
   * * *
   Nəzərdə tutulan kimi, 1983-cü ilin sentyabrında Y.M. Andropov məzuniyyətə yollanmışdı. O da müvəqqəti asudəlik gəmisinin lövbərini Qara dəniz sahilində suya salmışdı. Əhval-ruhiyyəsi yaxşı idi, özünü rahat və gümrah hiss edirdi. Beynində yeni siyasi kursuna uyğun növbəti gedişlərin planını cızırdı. Onun düşüncəsinə görə, şahmat taxtası üzərində fiqurların yerini dəyişməyin vaxtı çat-mışdı. Bir gün yenə rezidensiyanın ərazisindəki meşəlikdə təkbaşına gəzib dolaşırdı. zündə halsızlıq hiss edib ağac kölgəsində skamyada oturdu. Az sonra canı gizildədi, üşütdu. Köməkçilərindən isti paltar istədi. Baş katibin sağlıq durumundan təşvişə düşən qorumalar elə həyəcan təbili çaldılar ki, həmin vaxt Berlində ezamiyyətdə olan səhiyyə naziri Yevgeni Çazovu ziyafətdən birbaşa təyyarə meydanına gətirib, özəl uçaqla Simferopola çatdırdılar. İlkin müayinədən sonra təyyarə ilə Moskvaya istiqamət aldılar. Baş katibin üzərində ciddi əməliyyat aparıldı. Bu işə xarici mütəxəssislər də cəlb edilmişdi. Çazov müsahibələrinin birində söyləyir ki, 1983-cü ilin oktyabrından Yuri Vladimiroviçin daimi ünvanı Kuntseva xəstəxanası oldu. lümünün yaxınlaşdığını hiss etdikcə, vəzifə borcunu axıra kimi ödəyə bilməyəcəyini də dərk edirdi. Səhhətiylə bağlı Çernenkonu vəzifəsindən kənarlaşdırmaq fikri əvvəlki tək gündəmdə deyildi. Çünki artıq Andropov öz canının hayında idi. Bəlkə, onların ikisini də az müddətdə planlı şəkildə sıradan çıxaran, qarşıdakı illərdə Qorbaçovun hakimiyyətə gəlişinə zəmin yaradan və indinin özündə də tam üzə çıxmayan başqa bir ismi-pünhan vardı? Düşünülmüş və gözəl hazırlanmış məxfi əməliyyatları həyata keçirən qüvvələrin, qurumların varlığı da bu mühüm məsələdə istisna deyildi. Hər ötən günsə Kremldə "qocalar ittifaqı"nın tezliklə dağılacağının labüd olduğu fikrini gündəmə gətirirdi. Qısa fasiləylə bir-birinin ardınca hakimiyyəti xəstəxanadan idarə edən hər iki Baş katib ( Andropov və Çernenko nəzərdə tutulur-E.B.) arabir televiyiza ekranından qısa çıxışlarıyla xalqı sabaha ümidləndirməyə, ruhlandırmağa çalışırdılar. Amma ümumən götürəndə, neçə vaxtdan bəri xəstəxana palatasından idarə olunan məmləkətin, viruslu cəmiyyətin özünün vəziyyəti getdikcə pisləşirdi. Adı və xassələri tam bəlli olmayan epidemiya ölkəni get-gedə daha geniş miqyasda bürüdükcə ondan qurtulma ehtimalı da azalırdı. Yenə balıq yada düşürdü, daha doğrusu, balıqla bağlı rusların bir məsəli: "Rıba qniyot s qolovı". Bu məsəlin qarşılığı bizdə də var: "Balıq başdan iylənər".
   Adətən liderlərinin ayaqları taqətdən düşəndə, siyasi dayaqlar da zəifləyir. Gecikmiş məhəbbət kimidir gecikən hakimiyyət. Vəzifə var, taqət yox. Zaman sənin, amma canında halət yox. Dövran sənin, sənsə artıq bu yerlərdən, bu nemətlərdən tezliklə ayrılacağını dərk edən, qaranlıq dünyaya üz tutan bir köçəri quş. Görünür, bu hissı yaşamaq son dərəcə üzücüdür... Tarix boyu ən böyük hökmdarlar bu hissi yaşamağa, bu niskili özləriylə aparmağa məhkum olmuşlar.


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (86.36%)
Pullsuz (13.64%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK