EL ÜÇÜN AĞLAYAN GÖZ KOR OLMAZ...

FAİQ QİSMƏTOĞLU
90997 | 2014-12-05 01:34

"El üçün ağlayan göz kor olar". Bunu atalarımız deyib. Yəqin atalarımız qanının qara vaxtında bu kəlmələri dillərinə gətiriblər. Amma yaşaya-yaşaya gördük ki, heç də hər şey atalarımızın dediyi kimi cərəyan eləmir. Düzdür, bəzi insanlar bu deyimi qabardaraq özləri haqqında fikirləşirlər. Düşünürlər ki, beş günlük dünyadı, elə özümüzə bir gün ağlayaq, firavan həyat quraq...
Təbii ki, çoxları da vəzifəyə sahib olanda elə özləri haqqında düşünürlər. Fikirləşirlər ki, vəzifəyə etibar yoxdu. Bir də gördün adamı çıxarıb böyrü üstə qoydular. Ona görə də nə qədər imkan var, problemlərini həll eləsinlər, ev-eşiklərini düzəltsinlər, var-dövlət qazansınlar.
Amma bu dünyadan köçəndə heç kim özü ilə o dünyaya nə var-dövlət aparır, nə də ev-eşik. Ən imkanlı və varlı milyonerlərdən biri olan türk iş adamı vəsiyyət eləyib ki, öləndə onun ayağındakı yun corabı çıxarmasınlar, elə bu cür də onu son mənzilə yola salsınlar. Ancaq molla dəfn mərasimində ona icazə vermir və milyonerin ayaqlarından o corabı çıxarıb sonra dəfn edirlər. Bax, bu da milyonların axırı. Əgər qismət olsa, kimsə o dünyaya 3 metr ağ apara bilir, qismət olmasa heç nə...
Sözümün canı ondan ibarətdir ki, bu gün el üçün ağlayan nə qədər gözlər var. Amma bu gözlər ağlayanda o yaşı silmək əvəzinə və o gözü qorumaq əvəzinə barmağımızla basıb həmin adamların gözünü yerindən çıxarmaq istəyirik. Ağa ağ, qaraya qara deyən, haqq-ədaləti hər şeydən üstün tutan insanları Allah da çox istəyir. Düzdür, əlləm-qəlləm, dələduz insanların belə adamlardan xoşu gəlmir. Amma belə adamlar yüzlük dollar deyil ki, hamının ondan xoşu gəlsin və razı qalsınlar.
Bu yaxınlarda Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov yodlaşdırılmamış duzlar barədə və eləcə də marketlərdə olan keyfiyyətsiz ərzaq məhsulları haqqında saytların birində məlumatlar yayıb. Həmin məlumatlara görə, Eyyub Hüseynovu İqtisadi İnkişaf Nazirliyinə dəvət ediblər və orda onu çək-çevirə salıblar. Saytın verdiyi məlumata görə, 2 saatdan çox Eyyub Hüseynovla nazirliyin məsul şəxslərinin söhbəti olub. Sonra da ona bildiriblər ki, dediklərini sübut eləmək üçün faktlar ortaya qoysun. Əgər faktlar ortaya qoyulmasa, onu məhkəməyə verəcəklər. Kim kimi məhkəməyə verir öz işidi,
Amma yüz dəfə imam üçün ağlayanda, bir dəfə də yezid üçün ağlamaq lazımdı.
İndi deyək ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov düz danışmayıb və qaldırdığı məsələləri də sübut eləmək üçün onun əlində kifayət qədər faktlar yoxdur. Ancaq Eyyub Hüseynov da iki ayağını bir başmağa dirəyib bildirir ki, dediklərimi sübut eləyə bilərəm və əlimdə kifayət qədər faktlar var...
Gəlin bu məsələyə bir az məsuliyyətlə yanaşaq. Kim deyə bilər ki, Bakının mağaza və marketlərində satılan ərzaq və yeyinti məhsullarının hamısı keyfiyyətlidi. İstənilən "bərkgedən" super marketə baş çəksən orda keyfiyyətsiz ərzağa da rast gələrsən və digər nöqsanlara da. İnsanlar var ki, mağazadan çörək alır, onun içərisindən şüşə, kəndir çıxır. Hətta bu yaxınlarda hansısa marketdən alınan yeyinti məhsulunun içərisindən qurd da çıxmışdı. Məgər bunları sübut eləmək üçün Amerika kəşf olunmalıdı? Axı hamı yaxşı bilir ki, bəzi marketlərdə nəinki ərzaq məhsulları, hətta digər məhsullar lazımi tələblərə cavab vermir.
Sirr deyil ki, adiyyəti qurumlar tərəfindən marketlərdə və mağazalarda yoxlamalar da aparılır. Amma o marketlərdə və mağazalarda tez-tez yoxlamalar aparılır ki, onların sahibləri bir o qədər də imkanlı adamlar və vəzifəli şəxslər deyillər. Bir də görürsən ki, balaca bir dükanı, yaxud mağazanı hansısa qurum mövcud nöqsanlara görə bağlayıb. Həmin dükanın da sahibi günlərlə, həftələrlə, aylara ora-bura ayaq döyəndən sonra mağazanın fəaliyyətinə yenidən icazə verilir. Guya hər şey düzəlib. Təki belə olsun!
O da bəllidir ki, yeni ilin gəlişi ilə əlaqədar olaraq bir çox market və mağazalar nə gəldi satışa çıxarmağa çalışırlar. İndi bir oğul lazımdır ki, yeni il qabağı "bərkgedən" marketlərdə olan bu nöqsanları üzə çıxarsın. Əlbəttə, biz demirik ki, adiyyəti qurumlar fəaliyyətsizdi, onlar çox işlər görürlər. Ancaq gəlin kimlərinsə gözünə düz iş gördüyünə görə kül üfürməyək.
Əgər biz hər gün müxtəlif mağazalarda nöqsanlarla rastlaşırıqsa, çörək mağazasına daşınan çörəyin standarta uyğun olmayan maşında aparılmasına göz yumuruqsa və həmin çörəkdən yanacaq iyi gəlirsə, buna görə Eyyub Hüseynovun nə günahı var?! El üçün ağlayan göz heç vaxt kor olmaz.Ən azından ona görə ki, Allah bu gözü kor olmağa qoymaz. O gözlər kor olar ki, onlar həqiqəti və reallığı görə bilməsinlər. Bax, buna da bizim heç bir qatışacağımız yoxdu...

TƏQVİM / ARXİV