adalet.az header logo
  • Bakı 11°C

QARABAğ GÖZƏLLƏMƏSi

VAHİD ƏLİFOĞLU
24412 | 2008-03-30 12:53
... Bəlkə də bu "ithafnamə" ya Fasyenin, ya Merzlyakovun xətrinə dəydi. Həm bu üçlüyü bir-birindən ayırdığıma, həm də həmsədrlər arasında ən cavanını, yeznəni fərqləndirdiyimə görə. Deyəsən bu uzun cümlə heç qayda-qanuna uyğun alınmadı. Neyləyim, mən ədəbiyyat müəllimimi deyiləm ki, "ərizə" sözünü "ərzə" yazam. Bu "yeznə" ifadəsi də heç yerinə düşmədi. Ayrı bölgələri bilmirəm, Qarabağda yeznə başqa "nəsnənin" də adı kimi işlənir...
   
   50-ci illərdə Füzulidə bir "raykom" katibi olub. Hərəkətləri, danışığı rəhmətlik Əli Məmmədovun xoşuna gəlməyib. "Büro" iclaslarından birində Əli müəllim katibə deyib ki, yeznə sən bir az "xodunu" alsan yaxşıdı, çox yuxarıdan gedirsən... Katib də Əli müəllimə deyib ki, ağsaqqal adamsan, o yeznə nə deməkdi, mənə deyirsən...
   
   Əli müəllim də halını pozmadan deyib:
   
   - Əşi, onsuz da dedim-demədim, vəzifən imkan verən deyil ki, səni kimsə qulaqlayıb qoşa arabaya...
   
   Nə isə. Tərəfkeşlik etdim. Nə qədər olmaya fransalı ilə, rusiyalı "ağsaqqaldılar". Hərçənd ki, hər iki istiqamətdən "ağsaqqal" çıxdığını eşitməmişəm... Fransız dilini bilmirəm, rusiyada "çallamış" şalvar geyənlərə "mujik" deyillər...
   
   ... Bizə dəlləklik edən təşkilatlar az idi, biri də dəmiynən gəldi. Böhran qrupu. Dəqiq bilmirəm deyəsən ruslar belə qrupları "şayka" adlandırırlar...
   
   ... Kənddən bir nəfər Bakıda oxuyurdu. Anası gəlib-gedənlərdən soruşur ki, bəs oğlumu görmədiniz? Gələnlərin də hamısının cavabı bir olur ki, ay na, oğlun qoşulub bir "şayka"ya axşamacan küçələrdədi, oxumaq nə gəzir. Yazıq arvad Bakıya belə bir sifariş göndərir:
   
   - Ay oğul, başına dönüm "şayka"dan çıx,başqasına gir...
   
   ... İndi bu "böhran" "şayka"sı da deyir ki, bəs Azərbaycanın iqtisadi inkişafı imkan verir ki, 2012-ci ildə Ermənistanla müharibə etsin... Soruşan yoxdu ki, ay öz hinində yumurtlamayan niyə 2012-ci ildə? Bəlkə 2008-də? İkincisi də Qarabağ haçandan Ermənistanın sayılır?..
   
   ... Allah tərəfi, bu "şayka"da bir Sara xanım var ey, heç keçməli şey deyil.
   
   ... Düşəsən qabağa bu xanımı siğə etdirəsən özünə. Qaçqın adamsan həm malıynan-puluynan kef edəsən bu fani dünyada, həm də çadarlarda duz yemiş dizlərin dincələ...
   
   Əslində bu "şayka" boş şeydi. Əsas üç həmsədrdir... Üç də ki, gözəl rəqəmdi. Bir özünə bölünür, bir də birə...
   
   Hələ onu demirəm ki, ciddi sənədlər imzalananda gərək qol çəkənlər ya üç olsun, ya da üçdən yuxarı... Yaxşı ki, dörd deyillər...
   
   ... Ağ gül, qırmızı gül, bir də sarı gül... O gülün birin üzəydim, saçlarıma düzəydim... Metyu Brayzanın toyunda sındıra-sındıra süzəydim... Bu da bizə qismət olmadı... Amma, "süzənlər" oldu...
   
   ... Üç bacı yığışdı, bir... On beş iil keçdi bir "nəyisə" əmələ gətirə bilmədilər...
   
   ... Bu bağın üç yolu var... Göydən üç alma düşdü...
   
   ... Rəhmətlik Əvəz əminin bir şeyr var idi. Şern "rədifi" "tımxır" sözü idi. Bu "tımxır" sözü arxaik sözdü həm də ən çox kənd yerlərində işlədilir.
   
   ... Canım "Ədalət"i həm də şəhərdə oxuyurlar, ona görə də "tımxır" sözünə bir az aydınlıq gətirək. "Tımxır" o adamlara deyillər ki, boyu gödək, peysəri qat-qat sifəti alma kimi...
   
   Bu parametrlərə "yeznəmiz" tam uyğun gəlir... Aldı görə Əvəz əmi, "yeznəni" öz gözəlləməsi ilə necə vəsf etdi:
   
   
   
   Vartan niyə verdi balıq,
   
   Çəkmən niyə oldu çarıq.
   
   Peysərdən canlısan, sifətdən arıq,
   
   Zor vermisən döşə, tımxır.
   
   İnsan gərək söz anlaya,
   
   Cansız neyləsin canlıya.
   
   Dadanmısan İrəvanlıya,
   
   Can gərək tablaşa, tımxır.
   
   Hər gəlişin sayalıdı,
   
   Görən deyir hayalıdı.
   
   Dodaqların boyalıdı,
   
   Çək sürməni qaşa, tımxır.
   
   Baxma mərdn yalvarına,
   
   Çıx Əvəzin talvarına.
   
   Sığışmırsan şalvarına,
   
   Gəl, əminlə yaşa, tımxır...
   
   
   
   Bu da Əvəz əminin gözəlləməsi. Bu şerin dörd bəndidə qaldı. Bəndlər qəzet səhifələrinə uyğun olmadığına görə yazmadım. Maraqlanan olsa göndərə bilərəm...
   
   ... Eh, ay bədbəxt Qarabağ. Gör sən nə günə qalmısan ki, kişiliyi, arvadlığı bilinməyən "tımxırlar" sənin havanı udur, suyunu içir... Amma Zakir Fəxri demişkən bu dünyada belə qalmaz... Qarabağ çox görüb belə "tımxır"ları...
   
   ... Aqil Abbasın "Batmanqılıncı"nda təxminən belə bir epizod var. Qala bəyi Vəli çıxır Əsgəran qalasının divarının üstünə və üzünü tutub Qacara deyir:
   
   - Qarabağa nahaq gəlmisən. Buralarda qatır nallamırlar...
   
   ... İndi Əsgəranda çəkiclərin taqqıltısından qulaq tutulur. Axşamacan qatır nallayırlar...
   
   Nalı, mıxı göndərən də məlumdu, qatırların bşını tutan da...
   
   Onda görənlər biləcək ki, bu dünya tək "şümal" boylulardan ibarət olsaydı heç Əvəz əmi də bu şeri də yazmazdı...
   
   ... Görəsən "yeznənin" ayaqqabılarının dabanları nallıdı, yoxsa yox?..

TƏQVİM / ARXİV