adalet.az header logo
  • Bakı 11°C
04 Dekabr 2014 14:35
17220
GÜNDƏM
A- A+

Saakaşvili ilə Abaşidze Batumi üstündə bu qədər savaşmamışdılar

Batumidəki bir olay az qala Qarabağ problemini də üstələyib. «Yeni Müsavat»la «Azadlıq» bir-birini qırır. Heç Saakaşvili ilə Abaşidze Batumi üstündə bu qədər savaşmamışdılar.

Xəbəriniz var, deməli, Batumidə adı dilimə yatmayan bir təşkilat tədbir keçiribmiş və orda Azərbaycan əleyhinə qətnamə qəbul etmək istəyibmişlər. Azərbaycandan gedən nümayəndələr buna etiraz ediblər və qətnamənin qəbul olunmasına mane olublar və qətnamə qəbul olunmayıb. Qısa və konkret. «Yeni Müsavat» da bunu xəbər eləyib və həmin təşkilatı da ermənilərlə işbirliyində təqsirləndirib və buna da faktlar gətirib. Vəssalam, şüttəmam, məsələ bitdi. Amma hara bitir, qırğın gedir. Qətnamənin qəbul olunmasına mane olanlar xalq düşmənidirlər.

Mən bircə məsələyə toxunmaq istəyirəm. Deməli, həmin təşkilat 1988-ci ildə Ermənistanda zəlzələ olanda ora yardım gətiriblər. Bu insanlıqdı, buna heç kim heç nə deyə bilməz, amma başqa bir məsələ də var. 1992-ci ildə də Dağlıq Qarabağdakı, ermənilərə külli miqdarda yardım gətiriblər və o yardımın içində də nələr var, Allah bilir. Amma bunu insanlığın adına yazmaq olmaz, niyə? Çünki Dağlıq Qarabağdakı ermənilər oturmuşdular isti evlərində-eşiklərində və rus birləşmələri ilə Ermənistan silahlı birləşmələri azərbaycanlıları qırırdılar, evlərini yandırırdılar və sair və ilaxır. Nəticədə Dağlıq Qarabağda yaşayan 60 mindən çox azərbaycanlı ayaqyalın, başıaçıq çöllərdə idi. Onlar belə insansevər idilərsə, beş dənə də şirniquş bizimkilərə gətirirdilər də. Ermənipərəstliyin buynuzu olur?