adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Duel

17572 | 2008-03-30 12:53
İt it olmağını sübut etməli deyil. Onun it olduğu aydındır. İnsan isə ömrü boyu özünü sübut etməyə məhkumdur. İt bəzən elə baxır ki, "adam kimi" təəssürat yaradır. İnsan bəzən it kökündə olur. Adam kimi baxan itin dünyadan asılacağı yer yoxdur. İnsan isə dünyadan o qədər asılır ki, axırda it kökünə düşür. Daha dünyadan asılmağa yer qalmır.
   
   Dünyanın insan yaşayan hər yerində rəhbər var. Heç kim deyə bilməz ki, elə bir ölkə mövcuddur ki, orda başçı olmasın. Afrika çöllərində acından ölən qaraların da "vojak"ları var. Acından ölənin vojak nəyinə lazımdır? Bir də o nə "vojak"dır ki, ölüyə rəhbərlik edir?
   
   ?lüyə rəhbərlik edən diktatordur. ?lünün diktaturayla mübarizə aparmağa heyi yoxdur. Ona üstündə allahlıq edən kimsə lazımdır. O, mütləq kiminsə arxasınca getməlidir ki, harasa gedib çıxa bilsin. Allahın da yaxasından asılır ki, axırda cənnətə yetişsin. Diktaturaya isə ölü lazımdır ki, diktator ola bilsin. ?lünün tərkibində müxalifət yoxdur. Az-maz varsa da bu, vaxtilə onun susdurulan diktatorluğunun çabalamasıdır. Diktaturayla qapışan ölmüş diktatorluğunun sonuncu qalıqlarıdır. İndi o artıq ölüdür. Və mübarizəyə taqəti qalmayıb. İndi ona demokratiya lazımdır. Demokratiya leksik məhfumdur. Demokratiya insanın həyat tərzi deyil. Demokratiya dövlətin həyat tərzidir. Dövlətin! Diktaturanın təkmil formasıdır. İdarə edən heç nə demokratiya deyil. Amma diktaturadan fərqli olaraq demokratiya əfv edə bilir. Demokratiya azadlığın yalnız rəsmi adıdır. Dünyada isə demokratiya mövcud deyil. Çünki dünyada müharibə var. Zopa var, toppuz var. Azadlıq hər ölünün və dirinin tərkibində var. Ona yol açmaq, azadlığı "Demokratiya qəmişi"ndən qurtarmaq lazımdır. Heyif ki, nə ölülər, nə dirilər bunu bilmir.
   
   Diktator insandır. İt deyil, pələng deyil, fil də deyil. İnsan o qədər diktatordur ki, özü iqtidarında olmadığını Allaha tapşırıb. Allah insana heç nə tapşırmayıb, azadlıqdan başqa. İnsan azadlığın öhdəsindən gələ bilmir və Allahın adından rəhbərlik edir. Təkcə sivilizasiyanın qanunları deyil, həm də Allahın qanunları ilə yaranan diktatorluq insanın dünyaya nəzərən yaşamasına hesablanmayıb. İnsanın insana nəzərən yaşaması ilə qurulub. Bir insanın azadlığı o biri insanın diktaturasıyla məhdudlaşır, bir diktaturanın diapazonu qarşıdakı azadlığın diapazonuna hesablanır. Sən nə qədər Allahdan qorxursansa o, bir o qədər sənə hakimdir. İnsan nədən qorxursa onun diktaturası artır üzərində. Sürü halında yaşayanda da, kollektivləşəndə də, qloballaşanda da liderin arxasınca sürünürsə o necə azad ola bilər?! Kimsəsiz bomjun da yaşadığı ölkədə başqan var. Onun da arxasınca getdiyi azadlığın tən ortasına qəfildən təpinən başqan qanunu mövcuddur. Və bu qanundan gedəcək yer yoxdursa nə azadlıq?! İnsan qanunlarla özü öz yaşamını elə hörüb ki, axırda barama kimi içində boğulub ölür. Və diktatura bu dəm də, ölümün də bir diktator məhkəməsi qarşısına çıxış olduğunu yeridib, əl çəkmir.
   
   Uşağını qorxutmaq üçün xortdanlar uydurub insan. Böyüdükcə həmin xortdanlar allahlara çevrilərək daha çox qəddarlaşır. Xortdan balaca adamların allahıdır. Xortdanı heç vaxt görməyən uşaq ondan qorxur. Onun nə cəza verdiyini bilməyən balaca, adını eşidən kimi sözə baxır, yeməyini yeyir, əynini geyir, anasını sevir, atasına hörmət edir, böyüklərə qulaq asır. Böyüdükcə qüdrətə çevrilən xortdan yenə insanların simasında əmrlər verir, qadağalar qoyur, hədələyir, hər şeyə müdaxilə edir. O, hər yerdən izləyir. O, səma kimi həmişə insanın başı üstündədir. Və insan onu düşünəndə mütləq səmaya baxır. O, səma qədər əlçatmaz və uzaqdır. O qədər uzaq ki, görünmür. Ancaq onun bir durbini var. Durbin işıq sürətindən də itidir. O həmin bu durbinlə izləyir; hər yerdən. Əgər uşaqlığında allah ancaq sözə baxmaq üçün ortaya çıxırdısa, böyüyəndən sonra daimidir. İnsan xoşbəxt olduğu anlarda da özünü ona borclu sayır, çünki allah adamların simasında belə iddia edir və minnətdarlıq tələb edir. Əgər uşaqlıqda yemək yemədiyi üçün Xortdan insanı cəzalandıra bilərdisə, indi o hər şey üçün cəzalandırır. İndi allah hər addımda təqib edir. İndi allah daha təkəbbürlü, daha tələbkardır. İndi o, hər işdə danlamağa haqlı sayır özünü. Əgər uşaqlıqda xortdanı ancaq valideynlər çağırırdısa indi insana dəxli olmayan, yoldan ötən, yandan keçən, qonşuda yaşayan, həyətdə süpürgə satan, qapını döyüb dilənən hər kəs onu çağırır. Dərin-dərin sevmələr, qara, ağ, qırmızı, rəngli, rəngsiz sevdalar, ayrılıqlar, qovuşmalar, coşmalar gerçəkləşmək imkanı qazandıqca allah bütün işlərə qarışır. Allah sevgilisindən əvvəl girir insanla yatağa, allah insandan əvvəl cütləşir onun sevdiyi adamla. Allah insanın qarderobunu müəyyən edir, ağlını, qənaətlərini, fəlsəfəsini, həyat tərzini təyin edir, kasıb ya varlı , şanslı ya şanssız olacağını, acından ya toxluqdan öləcəyini, neçə dəfə tərk ediləcəyini, neçə dəfə dəli olacağını-hamısını qərarlaşdırır. Qəfldən maşınla vurur, qəfldən itələyib yıxır, qəfldən qolunu sındırır, əziz adamlarını bayram masası arxasında qəfldən öldürür, qəfldən evinə dəm qazı doldurub onu boğur, işlərini qəfldən alt-üst edir. Hər dəfəsində də elədikləri üçün ondan hesab sormaqda haqlı olmadığını insanın beyninə yeridir. Yaşamaqdan əlavə adamların simasında o qədər iş tapşırır ki, insanın yaşamağa vaxtı olmur. Tapşırıqlarına əməl etməsə cəzalandıracağı ilə hədələyir. Oturub it balası kimi ağlayır insan. Təngiyir həyatından. Bu dəm allah adamların simasında gəlib başını piyləyir. " Mən əziyyəti çəkənə verirəm. Bütün əziyyətlərinin əvəzini ödəyəcəm bir gün-axirətdə." Və birdən elə bezir ki, insan nəhayətsiz çöllükdə yuxarı dartınıb yumruqlarıyla havanı döyəcləyir. Əslində allahı döyəcləyir.
   
    -Nə istəyirsən məndən? Niyə qabağa çıxıb özünü göstərmirsən? Sən, orda olan, rəngsiz düşmən, niyə bilinmirsən? Çıx, nə sözün varsa de, nə cəzan varsa ver. Məni ən böyük yalanla uyutdun. ?midlə. Və bu ümidin qoynunda uçurumdan- uçuruma, xarabalıqdan- xarabalığa, ağrıdan- ağrıya dözdüm və inandım ki, məni qiymətləndirəcəksən. İnandım ki, yalnız qorxu kabusu deyilsən, həm də qoruyacaqsan. Adamların gəlib üstümə "Belə yazıb sənə" dedilər. Mən yaxandan yapışıb hesab soruram:
   
   -Niyə belə yazmısan?
   
   Göydən səs gəlmir. İnsan qulaqlarını şəkləyib kiçicik bir tık eşitmək istəyir. İstəyir ki, bu tıkın gəldiyi yeri tapıb özünü ora atsın. Cavab tapsın. Tık yerinə allah tum satan arvadın simasında peyda olur. Müdrik və ağıllı ifadə alıb deyir: "Mən sənə gül kimi yazı yazmışdım. Vaxtında düzgün yaşamadın. Hamısı öz günahlarındır."
   
   Və sonra çox rahat gedir tumunu satmağa. Gözdən itir. İnsan mat-mat tum satan allahın arxasınca baxır. Əsəbindən bədəni əsməyə başlayır. Dodaqları bir-birinə yapışır və çənəsi dartılır. Əvvəlcə hiss edir ki, beyni idarədən çıxır. Hiss edir ki, düşüncəsinə hakim ola bilmir. Qafasında cürbəcür səslər, əlaqəsiz sözlər, fikirlər dolanır. Bədənində qəribə həyəcan yaranır. Həyəcan getdikcə artır və ağlını pozmağa başlayır. Nə qədər çalışır, vəziyyətinin qarşısını ala bilmir. Düşüncəsini itirdiyini hiss edir. Şüuru anlaşılmaz şəklə düşür və fəaliyyətsizləşir.
   
   Sonra ayaqları yığılır. Dizləri və əlləri üstə torpağa yıxılıb beləcə dayanır. Sinirlərinin darmadağın olunması izahsız və dəhşətli qorxu yaradır. Hiss edir ki, beyni partlayacaq. Heç cür özünü ələ ala bilmir. Çarəsizlikdən qəribə səs çıxarmağa başlayır. Bəlkə də ağlayır...Beynində zorla bircə fikir cəmləşdirə bilir: "Əgər axirət günü doğrudan da varsa, mən səninlə üz-üzə dayanmaq və səni duelə çağırmaq üçün gözləyəcəm."
   
    Allah isə durbinlə səmadan onun necə it kimi zingildədiyinə baxır.

TƏQVİM / ARXİV