adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

iRƏVANLILAR

VƏSİLƏ USUBOVA
27695 | 2008-03-30 12:53
Yaddaşımda nələr oyanır, gözlərim önündə hansı hadisələr canlanır. Bir yazıb çatdıra bilsəydim, deyirəm. Soyqırım gününə nəzərdə tutduğum bu yazını başqa cür də adlandırmaq olardı. Bu adı rəmzi olaraq seçdim. Ağlım kəsəndən bəri irəvanlılar mənimçin soyqırım, qaçqınlıq, torpaq, yurd itkisinin rəmzi olublar Nə ad çəkmək, nə də bir ailənin timsalında tarixçə danışmaq niyyətim yoxdu. Bu barədə istənilən qədər yazılar verilib. Bəlkə də istənilən qədər deyil, müəyyən qədər, mövsümi xarakterli yazılar gedib. Modern düşünənlərimiz onları " yeraz" adlandırıblar. Lap ağır yükdaşıyan maşın markalarını xatırladır: "Kamaz", " Belaz".. Elə o ağır elləri, qədim tayfaları da günlərin birində süni tarix, qondarma dövlət yaratmaq niyyətində olanların bir barmaq işarəsiynən öz torpaqlarından, cənnət yurdlarından çıxarıb ilan mələyən düzlərə saldılar. Elə o zaman da kimi qəzəbindən, kimi də öyrəşə bilmədiyi aran yerinin qızdırmalı istisində namərdlərin at oynatdığı bu dünyanı tərk elədi.Beynəlxalq normalara görə, guya beş ildən sonra qaçqın statusunu itirərək olur yaşadığı yerin sakini. Deyənin dilini, yazanın əlini kəsən yoxdu ki,g Bəs, qaçqının yuxularını necə, görə bilən varmı?...
   
   Bizim tərəflərdə də onlardan yüzlərlə, minlərlədi.Bir kəndin yarısı, bütöv bir kənd irəvanlılardı. Orta məktəb müəllimlərimizin çoxu onlardı, Kürün o tayındakı kənddən hər gün qayıqla keçib dərsə gəlirdilərg Onlar bu yerlərə əkinçilik, sənətkarlıq mədəniyyəti gətirdilər.Evlər tikdilər, bağ-bağça saldılar. Onlar müharibədən sonra və əllinci illərin əvvəllərində öz qədim dədə-baba torpqlarından qovulanlardıg
   
   
   
   ***
   
   
   
   Səksən doqquzuncu ildə xəbər aldıq ki, Ermənistandan qovulanları gətirən qatarın Sarıcalarda qabağını kəsib Bakıya getməyə qoymurlar. Camaat da qatardan düşmür, paytaxta getmək istədiklərini bildirirlər. Redaktorla fotomüxbir stansiyaya getdilər. Fotomüxbiri şəkil çəkməyə qoymamışdılar. Qayıdandan sonra tükürpədici şeylər danışırdılar. Ancaq qəzetdə bir kəlmə də yazmağa icazə verilmədig
   
   O zaman gələnlərdən biri bizimlə qonşu oldu. Yaşı səksəni haqlamış Hasan kişi, oğlu, gəlini və bir yaşında körpə qız uşağıgHasan kişi həmişə başıaşağı gəzərdi. Tez-tez evdəkilərə deyirdi: " Elə tələsik çıxdıq ki, həyət-bacamdan bir ovuc torpaq da götürə bilməditm. ?ləndə gözlərimə səpərdiniz..."
   
   Qonşumuzda təxminən elə Hasan kişi yaşda bir rus da vardı. ?zünün dediyinə görə, ata-babasını üç yüz il əvvəl buralara sürgün eləmişdilər. Amma özünü qətiyyən qərib saymırdı, dilimizi bir kəlmə də öyrənməmişdi. Çünki ehtiyac görməmişdi bu dili öyrənməyə, gözünü açandan bu yerlərin sahibi görmüşdü özünü. Hər cür havada bütün günü həyətdə otururdu. O qarışıq illərdə deyəsən, uşaq-muşaq onlara söz atmışdı. Rayondakı bütün rusları, erməniləri XDS İcraiyyə Komitəsinə çağırıb demişdilər ki, heç kəs sizə güldən ağır söz deyə bilməz, gedin kefinizi çəkin.Onsuz da türk arvadları ilin bu başında da, o başında da doğurlar. Nə qədər qırsanız, tükənən deyil. Təki sizin başınızdan bir tük əskik olmasın...
   
   Bu qocaları bir dəfə də kəlmə kəsən görmədim. Millətlər yağnan su kimidi, heç vaxt qarışmırlar.Əslində onları nə qarışdırmaq, nə də ayırmaq lazımdı. Əgər dünyada cəmi bir millət, bir dil olsaydı belə yenə araqarışdıranlar tapılacaqdı...
   
   Amma biz qarışmağı da, əriyib yox olmağı da bacarırıq...
   
   
   
   ***
   
   
   
   Çox çəkmir ?zbəkistanın Fərqanə vilayətində " Çiyələk davası" ssenarisiylə qardaş qırğını törədilir...
   
   Redaktorun otağında yaşlı bir türk əyləşib. O da Axısxadan ?zbəkistana, oradan da Azərbaycana köçürülənlərdəndigRedaktoru qoyub üzünü mənə tutur:
   
   - A qızım, bu tarixdi eyg Gəlin, görün, yazıng Gün gələcək, kimsə bunun haqq-hesabını çəkəcək, axı...
   
   Onunla getməmişdən qabaq əynimi dəyişməkçin evə dəyirəm. Hasan kişi həyətdə bir daşın üstündə oturub papirosunu tüstülədir.
   
   O türklər nələr danışmadılar. Onlara nələri yaşatmışdılar. O zaman epizodları qəzetimizdə yazmışdım. İndi yazmıram. Çünki çoxları yenidən Fərqanəyə döndülərg Amma o zaman mənə təəccüblü görünən bir şeyi qeyd eləməkdən özümü saxlaya bilmirəm. Fərqanədən qovulanların çoxu Rusiyaya getmişdi, qalanları da getmək istəyirdilər. " Dovşana qaç, tazıya tut" deənlərin yanına. Görünür, imperiya həm də " xaç atası" rolunu oynaya bilir. ?zü də necə...
   
   O günlərdən iyirmi ilə yaxın bir vaxt keçir. O qoca türk də yəqin bu dünyadan köçüb. Amma hələ o yaşananların haqq-hesabını kimsədən soran yoxdu...
   
   
   
   ***
   
   
   
   Torpaqlarımıza sahiblənənlər gündə bir yeni üsula, hiyləyə əl atıb bizi də, dünyanı da aldadırlar. Biz də özümüzsayağı yeniliklər eləməkdən çəkinmirik. Məsələn, torpaq gətirmək üsulugİlk dəfə ziyalılarımızın Şuşaya səfərini seyr edəndə qışqırmaqdan özümü güclə saxladım. İlahi, bunlar nə edirlər? Təbii ki, səsimi çıxarmadım. Bizim məmləkətdə ancaq çini, titulu olanların səsi eşidilir. Mən səsi eşidiləcək adam deyiləm ki,g Eşitdiklərimizə, bildiklərimizə görə, bir ovuc torpaq o zaman götürülür ki, adam bir də o yerlərə dönməyəcəyini bilir. Bəs, indi nə baş verir? Necə anlayaq bunu? Yəni, mənə bir ovuc bəsdi, qalanı sənin olsun? Bu yerdə Tanrıdan səbr diləmək fikrim yoxdu. Zatən bizi o qədər səbirli yaratmış ki,..
   
   Möhtərəm millət vəkilimizin ata-baba yurduna səyahəti barədə "525-ci qəzet"də yazılarını oxudum. Çoxdandı belə yazılar məndə tamam fərqli duyğular yaradır. ?zümüzü bu gündə görmək çox ağrıdıcı, çox üzücüdü. Elə bilirəm ki, bu bizi itkilərə , göz yaşlarına, kövrəkliyə alışdırır.Amma doxsan yaşlı erməninin xalçanı hər hansı qiymətə öz sahibinə belə satmaması kifayət qədər təsirli səhnədi. Bizdə necə , belələri çoxdurmu? Deyirlər, biz Qarabağı satmışıq. Bəlkə də söhbət, tərəzidən, alverdən getmir, bu " satmaq" sözündə daha incə mətləblər var. Yəni, biz çox şeylərin alverini etməyə qadirik. Amma o qoca xalçanı ona görə satmır ki, üstündə portreti asılmış şəhidin ruhu inciyə bilər. Bizsə şəhid abidəsini dağıda, Qarabağ veteranını saatlarla qapı ağzında saxlaya, incidə bilirik...
   
   P.S. Bu yazının məğzini, məzmununu bir cümləyə də sığışdırmaq olardı: Bütün millətləri dədə-baba yurdundan qova bilmirlər. MƏN heç nə eliyə bilmərəm. Amma BİZ çox şey edə bilərik. Əgər BİZ ola bilsək...

TƏQVİM / ARXİV