DÜYÜNƏ DÜŞƏN İŞLƏRİ O AŞIRARDI

FAİQ QİSMƏTOĞLU
67653 | 2014-12-04 01:42
Hər elin, obanın bir qabaqda gedən və yol göstərən ziyalısı, insanları olur. Bizim Böyük Bəhmənli kəndində də uzaqgörən, ağayana, ziyalı və ağsaqqal insanlar çox olublar. O insanların yeri həmişə görünür. Çünki onlar məclisə girəndə və xeyir-şərdə iştirak edəndə camaat barmaqla göstərib, deyib ki, bu gələn filankəsdi. Həmin kişilər də həmişə ağır oturub batman gəliblər. Yəni özlərinin sanbalını, hörmətini və izzətini həmişə qoruya biliblər...g
Haqqında danışacağım ziyalısa bu yaxınlarda dünyasını dəyişib. Həşim müəllim Rzayevi deyirəm. Bizə rus dilindən dərs demişdi. Az-çox nəsə rus dilində danışa biliriksə, buna görə rəhmətlik Cəmil müəllimə və Həşim müəllimə minnətdarıq. Sözümün canı o deyil ki, Həşim müəllim rus dilini bizə öyrədib. Sözümün canı odur ki, Həşim müəllim elə bir insan, elə bir ziyalı və elə bir adam olub ki, həmişə bəhmənlilərin yaddaşında və ürəyində əbədi yaşayacaq.
Həşim Rzayev 1925-ci ilin yanvarın 12-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. Uzun müddət Böyük Bəhmənli kənd orta məktəbində rus dili müəllimi işləyib və Həmkarlar təşkilatının sədri olub. 1977-ci ildən 2004-cü ilə qədər isə kənddəki Allahyar Əliyev adına 2 nömrəli tam orta məktəbdə çalışıb. Ömrünün 60 ildən çoxunu şagirdlərinə sərf edib və buna görə də heç vaxt peşmançılıq hissi keçirməyib. Əksinə, Həşim müəllim deyərdi ki, mənim şagirdlərimin əksəriyyəti biz müəllimlərə başucalığı və üzağlığı gətirir.
Bir neçə ay yaşasaydı gələn ilin yanvarın 12-də 90 yaşı tamam olacaqdı. Havayı deyil, 90 yaş yaşamaq və böyük işlər görmək, insanların qəlbində qalmaq heç də hər insana və hər müəllimə nəsib olmur. Ən azından ona görə ki, gərək elə yaşayasan ki, sənin ömrün başqasına nümunə sayılsın. Yadıma böyük şairimiz Mikayıl Müşfiqin aşağıdakı misraları düşür:

Bu vəfasız ömür, bu coşğun dərə,
Gərək boş-boşuna axıb keçməsin.
Bu gözəl cahanı sanıb pəncərə,
Hər gələn sadəcə baxıb keçməsin.

Həşim Rzayev bu dünyanı pəncərə kimi saymadı. 90 il yaşadı və özünün əbədi izini qoydu. Yüzlərlə şagirdlərinə yaşamağın, mübarizə aparmağın və həyatda nüfuz qazanmağın yollarını öyrətdi. İndi Həşim müəllim nəinki balalarının, nəvələrinin, hətta şagirdlərinin ömründə yaşayır...g
O, bir kənd müəllimi idi. Ancaq fərasəti, bacarığı, qabiliyyəti və qeyri-adi hərəkətləri ilə rayonda çox böyük hörmət qazanmışdı. Başqa sözlə demiş olsaq, Həşim müəllim bağlı qapıları və düyünə düşmüş işləri bir göz qırpımında yoluna qoya bilirdi. Hansı kolxoz sədri, hansı vəzifəli şəxs yolunu azırdısa, Həşim müəllim onu düz yola qaytarmağı bacarırdı. Düz yola qayıtmayanda qatara minərdi və Bakıya gələrdi, yuxarı vəzifədə olan şəxslərlə görüşüb həmin adamı cəzalandırardı.
Günlərin bir günündə bizim kənddəki zastavanın naçalniki camaatı çox incidirmiş. Bu məsələni Həşim müəllimə çatdıranda o sabahı günü naçalnik Poznakovla görüşür və onu yerində otuzdurur. Deyir ki, sənin ağlın başqa yerə getməsin, bu dəqiqə gedib generalla danışaram, iki gündən sonra səni bu kənddən uzaqlaşdırarlar. Yadından çıxarma ki, sən ən qədim tarixi və mədəniyyəti olan Bəhmənlidə zastavanın rəisisən. Həşim müəllim rus dilini gözəl bildiyinə görə Poznakovun dərsini verir və Poznakov da həmin gündən özünü yığışdırır.
Kənd camaatının tez-tez işi zastavaya düşür və Həşim müəllimə xahiş edərdilər ki, Poznakova desin, Poznakov da onlara icazə versin və sərhədi keçib odun, ot gətirsinlər. Çünki xeyirdə-şərdə sözün açığı, camaatın oduna, yanacağa çox böyük ehtiyacı var idi. Həşim müəllim deyən kimi o, camaatı "adaya" buraxır və ordan odun qırıb gətirərək xeyir-şəri yola verirdilər. Üstəlik də mal-qara acından qırılanda yenə camaat Həşim müəllimə üz tutardı. Həşim müəllim bu məsələləri də yoluna qoyardı və camaatın mal-qarası sərhəddən keçərək "adada" otlayardı.
Həşim Rzayev haqqı pozulanlara, məmurlar tərəfindən incidilənlərə və kimsəsizlərə həmişə arxa olardı. Kimsə gəlib çətinə düşdüyünə görə, polisə, prokurorluğa və məhkəməyə xahiş etməyi ondan rica edərdilər. Həşim müəllim də təmənnasız-filansız həmin adamların qabağına düşər, gedib onların işini aşırardı. Çünki rayon rəhbərliyinin və hüquq-mühafizə orqanlarının Həşim Rzayevə böyük hörməti vardı. Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev deyir ki, Həşim müəllim Bəhmənlinin tanınmış ziyalılarındandır. O, həmişə haqqı-ədaləti müdafiə eləyib. Rayonda gedən abadlıq, quruculuq işlərini görəndə sevincindən ürəyi köksünə sığmırdı. Deyirdi ki, biz də sizə arxayıq. Arxanda həmişə Bəhmənli camaatının köməyini hiss edəcəksən.
O, gözəl ailə başçısı, gözəl ziyalı və gözəl də müəllim idi. Həşim Rzayevin 4 övladı var: Həsən, Natiq, Südabə, Lətifə. Dörd övladının hər birinə ali təhsil verib. Həsən Rzayev Allahyar Əliyev adına 2 nömrəli tam orta məktəbinin direktorudur. Qızı Südabə isə ibtidai sinif müəllimidir. Natiq və Lətifə də müxtəlif vəzifələrdə çalışırlar. Onun 9 nəvəsi var.
Elə insanlar var ki, tək özləri üçün deyil, yazımızın əvvəlində xatırlatdığımız kimi, el-oba, kənd-kəsək üçün yaşayıblar. Məhz Həşim Rzayev də belə ziyalılardan, ağsaqqallardan və tanınmışlardan olub. Onun yeri zamanından və məkanından asılı olmayaraq, həmişə görünəcək. İndi necə ki, xeyir-şərdə camaat deyir: "Həşim müəllimin yeri yaman görünür".

TƏQVİM / ARXİV