adalet.az header logo
  • Bakı 20°C

BiHƏYA... BiHƏYA...

OQTAY SALAMOV
21462 | 2008-03-30 12:53
Bu yazı bayramdan qabaq yazılmalı idi. İstəmədim öz qanımı da qaraldım, Rəksanə İsmayılovanın da. Əvvəl başdan deyək ki, kimisə məhkəməyə vermək prosedurunu bilmirəm və istəyirəm ki, bu yazı da həm də bir növ məhkəməyə iddia ərizəsi olsun. İddiam da həm müğənni Rəksanə İsmayılovaya, həm də "Sarı" jurnalına qarşıdır.
   
   
   
   Belə bir reklam var: "Reksona ilə özünüzü ağ ləkələrdən qoruyun". Millət, mən reklamsız deyirəm. Rəksanə ilə özünüzü qara ləkələrdən qoruyun. Kobudluq olmasın deyə bu məxluqa bundan sonra "xanım" deyə müraciət edəcəm, xanımlar məni bağışlasın. Bu xanım hamımızı - sizi də, bizi də ən yaxşı halda barmağına sarıyıb. Artıq onun elədikləri öz şəxsi işi olmaqdan ötüb hamımızın heysiyyatı ilə oynayır. Deyək ki, sağ-salamat qurtarsın, hamilədir. Bir müddət öncə Rəksanə növbəti fotosessiyalarının birində gələcək uşağının əməcəyi yeri, yəni əmcəyini televiziya ilə nümayiş elətdirmişdi. Sonra hırıldaya-hırıldaya dedi ki, bu şəklin ekrana düşməyindən guya xəbəri olmayıb. Udduq, dedik adam səhvini başa düşər, bir də belə qələt eləməz (elə burdaca deyim ki, qələt ərəb dilində səhv deməkdir. Rəksanə və vəkilləri bu sözə ilişməsinlər. Hırıldamaq sözü də bu xanım üçün şikayətə əsas vermir, onunku məhz hırıldamaq idi). Növbəti qələtini elədi, atası naməlum uşağa hamilə olduğunu elan elədi və Azərbaycan qızlarına, qadınlarına ekrandan namus, ismət dərsi verməyə çalışdı.
   
   Çox etinasız millətik, bu haqda yazanda hətta həmkarlarımdan da məni qınayanlar oldu. İctimaiyyətdən heç bir təpki görməyən Rəksanənin ayağı yer aldı, hamiləliyini proyekt elədi, az qaldı UZİ şəkillərini də gözümüzə soxsun. Heç onda da dinən olmadı. Açığı, burada Rəksanə qədər bizim də günahımız var, biz imkan verməsək heç bir müğənnifason ağız bahəm eləyib başından böyük hərəkət eləməz, ağzına gələni danışa bilməz. A kişilər, gör iş hara gəlib çatıb ki, hansısa Nadir Qafarzadə Xocalı soyqırımı günü İsraildə restoranda konsert verdiyinə görə millətin ayağına düşüb üzr istəmək əvəzinə ağzı köpüklənə-köpüklənə ekrandan deyir ki, mən saat beşdə anamı basdırıb saat yeddidə toy oxumuşam. Nadir, sən ananın (Allah rəhmət eləsin, ruhu səni bağışlamaz, barı bizi bağışlasın) meyidini ortada qoyub da gedib toy oxuya bilərsən, amma millətin matəm günü konsert verməyin bir yana, sonradan belə başından yekə danışmağına görə millət səni bağışlayacaqsa, onda yazıqlar olsun bu millətə, deməli, sən düz eləyirsənmiş...
   
   Qayıdaq Rəksanənin üst..., çaşdım, yanına. Bilmirəm Rəksanənin qadın olduğuna görəmi, ya anası-bacısı qadın alveri ilə bağlı həbsdə olduğuna görəmi (tfu sənin hərçi-bətərinə, ay dünya, ya da ay bizlər!), ya da elə belə olduğumuza görəmi Rəksanəyə yerini göstərmədik. Bundan ruhlanan xanım o qədər qudurdu ki, təzə bir fotosessiya keçirib bu dəfə uşağın çıxacağı yeri də soxdu gözümüzə. Mən bir yazımda demişdim ki, Rəksanə (onda Rəqsanə yazmışdım, sən demə, bunun heç adı da əməli-saleh deyilmiş) "fatasessiya"sını göstərməmiş bizə hamiləliyinin "fotosessiya"sını göstərir? Bu dəfə bu məxluqat (nə qədər çalışdımsa da, "xanım" deməyə dilim gəlmədi), mən yazdığıma görə üzr istəyirəm, yanı üstə uzanıb alt tumanını da göstərib şəkil çəkdirdi. "Sarı" jurnalı da onu rəngli, "kupnı planda" bizə göstərdi...
   
   Jurnaldan danışaq: Mən "Sarı" sözünün bir neçə mənasını bilirəm. Rəng, istiqamət (gəl mənə sarı), "sarımaq" felinin əmr forması (onu barmağına sarı), bir də mətbuat növünə verilən ad kimi, bulvar mətbuatı, qeyri-ciddi mətbuat kimi sarı. İndi bilmirəm bu sarı hansı sarıdandır, amma daha çox bizi sarıyana oxşayır. Çox güman ki, indi mətbuatın əksər yerlərində olduğu kimi, "Sarı" jurnalında işləyənlərin hamısı gəncdir, hələ özlərinin uşaqları yoxdur. Amma belə bir günü onlara göstərəndə, özlərinin balaları olanda başa düşəcəklər ki, belə şəkillər dərc edilmiş jurnalı, qəzeti evə, ailə yanına aparmaq olmur. Ayıbdır, vallah ayıbdır! Bunun adı ayıb da yox, rəzalətdir, bi...həyalıqdır...
   
   Amma nə bilmək olar, bu cavanlar özləri valideyn olanda (əgər olsalar) bəlkə də belə şəkilləri dərsliklərdə də çap edəcəklər. Artıq dəftərlərin üstündə edirlər ki... Mən bilmirəm gələcəkdə nələr olacaq. Bildiyim odur ki, bu gün səsimizi qaldırmasaq, etirazımızı bildirməsək sabah azərbaycanlı adı bizə haram olacaq, əgər artıq haram deyilsə...
   
   Çox istəyərdim ki, mənimlə razı olanlar, razı olmayanlar susmasınlar, hər iki tərəf etirazlarını bildirsin. Bir tərəf rəzalətə, bihəyalığa, digər tərəf mənim dediklərimə etirazını bildirsin. Olsun ki, susmayın, biganə qalmayın, sizin də balalarınız var, millətin abır-həya anlayışı var.
   
   Sonda tam ciddi surətdə həm Rəksanə İsmayılovanı, həm də "Sarı" jurnalını məhkəməyə verərək hərəsindən Uşaq Evinin hesabına keçirmək şərtilə pul cəriməsi ödəmə iddiası qaldırmağı təklif edirəm. Hüquqi yolunu bilənlər bunu etmək istəmirlərsə, öyrətsinlər, mən özüm eləyim. Bəlkə kimsə məhkəmə rüsumunu ödəməkdən çəkindiyi üçün bunu etmir...
   
   
   
   P.S. Əgər Rəksanə, ya da "Sarı" məni məhkəməyə vermək istəyirlərsə, qulluqlarında hazıram. Amma belədə özüm üçün də cərimə tələbim olacaq. Bu dəfə təkcə millətin yox, şəxsən mənim ləyaqətimi təhqir elədikləri üçün...

TƏQVİM / ARXİV