adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

Mövcuduqmu?

18232 | 2008-03-20 15:56
Dəyərlərin tarixi, tarixin dəyərləri
   
   
   
   Fransa inqilabından sonra millətçilik duyğusu insanları birləşdirən ən ciddi dəyər kimi ortaya çıxır. Məhz bu inqilabdan sonra milli dövlətlər yaranmağa başladı. Bundan əvvəl isə Avropada belə bir "sement" rolunu xristianlıq oynayırdı. Lakin reformasiyadan sonra Avropada katolisizmin dayaqları sarsılmağa başladı. İbadət dili kimi latın dili statusunu itirdi, milli dillər önə keçdi. Protestantlıq və onun milli formaları İngiltərədə anqlikanizm, Almaniyada lüteran katolisizmə və onun kosmopolitliyinə qarşı çıxdılar. Milli kilsələr milli kimliyin formalaşmasında böyük rol oynadı. Onlarda ibadət milli dillərdə idi. Bununla da Avropada insanlar din yox, millət ətrafında birləşməyə başladılar.
   
   Azərbaycanlılar hər şeydə Ermənistanla müqayisə etməyi xoşlayırlar. İstənilən siyahıda sonlarda olmağımız problem deyil, təki Ermənistandan qabaqda olaq. Bizdən fərqli olaraq erməni milləti tam formalaşa bilib. Və bu proses zamanı Eçmiədzin kilsəsinin böyük rolu olub. Bir daha xatırladaq ki, ermənilər xristian dünyasında qriqoryan məzhəbinə mənsub yeganə xalqdır. Yəhudilərdə olduğu kimi. Erməni millətinin formalaşmasında xristianlığın oynadığı rolu təkrarlamağa islam Azərbaycanda heç cəhd də göstərməyib. Hətta islam Azərilərlə digər türk xalqları arasında sədd yaradıb. Çünki müsəlman olan bütün türklər sünni, Azərilər isə şiə məzhəbinə mənsubdur. İslam daxilində xristianlıqdakı kimi milliləşmə baş vermədi. Axundov yüz əlli il bundan əvvəl yazırdı ki, islam dini öz Martin Lüterini gözləyir. Martin Lüter gəlmədi. Seyyid Məhəmməd Nasr, Seyyid və Məhəmməd Kutup, Cəmaləddin Əfqani kimi islami reformatorlar olsa da onların heç biri Lüterin missiyasını nə intellektual, nə də praktik baxımdan gerçəkləşdirə bilmədilər.
   
   
   
   Ortada qalmışlar
   
   
   
   Nəticə açıqca göz qarşısındadır. İslam milliləşmədi, islahatlara getmədi. O cümlədən Azərbaycanda. Amma Türkiyə bu baxımdan istisna hesab oluna bilər. XIX əsrin axırlarında Avropada oxuyan və "Gənc türklər" adlanan qüvvələr milli ideologiyanı quraraq yeni yaranan Türkiyə Cümhuriyyətinin simasında onun reallaşmasına nail oldular. Türkiyə bu gün kamalizmin ideyasının realizasiyasından başqa bir şey deyil. Azərbaycanda isə 1917-ci ildə Mirzə Cəlil "Azərbaycan" adlı felyetonuna belə başlayırdı:
   
   
   
   Ax, unudulmuş vətən, ax, yazıq vətən!
   
   
   
   Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə olmuş qardaşlarını tapıb, dağılmış evlərini bina etməyə üz qoydular.
   
   
   
   Bəs sən haradasan, ay biçarə vətən?!
   
   
   
   Sonrakı abzasda isə Mirzə Cəlil yazır: "hamı qail oldu ki, vətən, vətən, vətən, dil, dil, dil, millət, millət, millət!.. Dəxi bu dairələrdən kənar bəni-noi-bəşər" üçün nicat yoxdur".
   
   Problem o zaman həll olunmadı. Bu baxımdan elə indinin özündə Azərbaycan xalqını birləşdirən dəyərləri təsəvvür etmək kifayət qədər çətinlik törədir. İslam fenomeni iddia olunduğu kimi Azərbaycan xalqını birləşdirən dəyər sayıla bilməz. Hər şeydən əvvəl ona görə ki, islam Azərbaycanda güclü deyil və ölkənin müsəlman əhalisi arasında məzhəb fərqliliyi ciddi şəkildə mövcuddur. Belə bir şəraitdə xalqın islam daxilində konsolidasiyası ancaq ən utopik xəyallar üçün mövzu ola bilər. Çünki sünnilik və şiəlik arasında çox ciddi nəzəri və praktik fərqlər mövcuddur.
   
   Azərbaycan xalqının həyatında millətçilik hissi də güclü deyildir. Xalqın və onun dilinin adının necə olması hələ də mübahisə predmeti olaraq qalır. Digər tərəfdən, hökumətin beynəlxalq təşkilatların təzyiqi ilə saxta "xalqlar dostluğu" imitasiyası yaratması da aparıcı etnos olan türklərin milli özünüdərki üçün ciddi problemlər yaradır. ?zünü həqiqi Azəri türkü hesab edən də, ləzgi də özünə "Azərbaycanlı" deyirsə bu artıq millətçiliyin beşikdə boğulması deməkdir. Müxalifət mətbuatı bunu hakimiyyətdə olanların etnik mənşəyi ilə izah etməyə çalışsa da həqiqi səbəb başqadır.
   
   
   
   Sement-Mentalitet
   
   
   
   Amma Azərbaycan xalqını birləşdirən bir şey olmalıdır. Bu, mentalitetdən başqa bir şey deyil. Azərbaycan mentaliteti xaraktercə çox mürəkkəb və qarışıqdır. Ona islamın qətiyyən dəxli yoxdur. Həqiqi türk kimliyinə də. Bu nəsə hibrid bir şeydir. O hər yerdədir. Azərbaycanlılar olan hər yerdə.
   
   Gəlin, indi bu mentalitetin ümumi konturlarını cızmağa çalışaq. İlk cəhəti artıq qeyd etmişik. Bu, mentalitetin hibrid olması ilə bağlı idi. Bayramlarımıza bir fikir verin: Yeni İl (Milad) xristianlıq, Novruz atəşpərəstlik, Ramazan və Qurban isə İslam dini ilə bağlıdır. Və Azərbaycan xalqı bu üç dinin bayramlarını eyni coşğu ilə qeyd edir. Əslində isə islam qəbul edildikdən sonra atəşpərəstlik inkar olunmalı idi. Yeni ilin qeyd olunması isə Sovet hökuməti dövründə baş verdi. Səbəb isə sadədir: xalqın müqavimət hissi çox zəifdir. Ya da ümumiyyətlə, yoxdur.
   
   Sovet dönəmi Azərbaycanda milli ziyalı sinfi yetişdirə bilmədi. Mirzə Cəlil, Mirzə Fətəli, Hüseyn Cavid, ?zeyir bəy, hətta Cəfər Cabbarlı Çar Rusiyası dövründə yetişmişdi. Stalin isə bu sinfin kökünü kəsdi, bundan sonrakı nəsilləri isə beşiyindəcə boğdu. Nəticədə Sovetlər dağılandan sonra milli dövlət qurmaq üçün ziyalı tapılmadı.
   
   Milli mentalitetin formalaşması daha çox müstəqillik dövrünə düşür. Çünki Sovet zamanında vahid sovet xalqı ideyası milli idealları arxa plana keçirirdi. Doğrudur, milli mədəniyyətlərin inkişaf etdirilməsi ideyası nəzəri şəkildə marksizm-leninizmdə qoyulmuşdu, praktik cəhətdən də yerinə yetirilirdi. Lakin bu işlər Vahid Sovet xalqını yaratmağa xidmət edirdi. Belə ki, bütün xalqlar öz milli mədəniyyətlərinin səviyyələrini rus xalqının səviyyəsinə çatdırmalı idilər. Bugünkü orta statistik azərbaycanlı özünü dünyanın ən böyük xalqının övladı hesab edir, Azərbaycan mədəniyyətinin bütün dünyada analoqu olmadığında israr edir. Sadəcə olaraq türk və müsəlman olduğumuza görə dünya bizi qəbul etmir. Onlar elə deyirlər. Biz nəinki ermənilərin, ümumilikdə bütün dünyanın simasında özümüz üçün düşmən obrazı düzəltmişik. Beləliklə, biz milli mentalitetimizin ilk prinsipini müəyyənləşdirmiş oluruq. Bu, dünyadan təcrid olunmuş bir xalqın özünə qapanması, özünə sevgisidir. Bu, "milli narsizm" dir. Əslində "milli narsizm" əsaslı olub-olmamasından asılı olmayaraq hər bir xalqda mövcuddur. Tutalım ki, siravi bir alman da, adi bir italyan da öz xalqının daha böyük olması haqqında saatlarla mübahisə edə bilər. "Milli narsizm" hər bir xalqa, daha dəqiq desək, kütləyə məxsusdur. Elitar azlıq isə əlbəttə ki, milli miqyas və məhdudluqdan çıxaraq ümumbəşəri ideyalarla yaşayır və onun ətrafında birləşir. Azərbaycan xalqının əsas faciəsini də burda görmək mümkündür. Bu xalqın tərkibində elita və kütlə sərhəddini ayırd etmək bizə müəssər olmur. "Milli narsizm" eyni şəkildə Azərbaycan ziyalısının beynində də kök atıb. Bu baxımdan Azərbaycan xalqını birləşdirən dəyərlər eyni şəkildə onun kütlə və elita hissəsinə mənsubdur. Milli mentalitet Azərbaycan xalqının bütövlüyünü və dayanıqlılığını təmin edən əsas cəhətdir.
   
   Biz Azərbaycan mentalitetinin başqa bir cəhətini təqdim edirik: kütlə mədəniyyətinin tam qələbəsi. Bu qələbənin rəsmiləşməsinə çox qalmayıb. Keçən əsrin 30-cu illərindən başlayaraq Avropada elitar mədəniyyətin tənəzzülü başladı. Sovetlər qapalı sistem olduğuna görə bu proseslər ondan yan keçdi. Azərbaycanda əsası çarizm dövründə qoyulan modern mədəniyyət Sovet vaxtında inkişaf etdi. Çünki Sovet hökuməti mədəniyyətə gəlirsiz və dövlətin inkişaf etdirilməsində borclu olduğu bir sahə kimi baxırdı. Televiziyalar, teatrlar, qəzetlər, nəşriyyatlar, kinostudiyalar dövlətin idi. Dövlət inzibati amirlik metodları ilə elitar mədəniyyəti inkişaf etdirir, kütlə mədəniyyəti üçün heç bir şərait yaratmırdı. Azad bazar olmadığı üçün kütlə mədəniyyəti məhvə məhkum idi. Lakin müstəqilllik dönəmində teatr, kino, ədəbiyyatda tənəzzül başlandı. Çünki xalq öz zövqünü təmin etmək üçün pul xərcləyirdi. Xalq isə elitar sənətin qalıqları üzərində şou-biznes yaradır və yaşadır. Nə qədər absurd görünsə də Azərbaycan xalqını birləşdirən dəyərlərdən biri şou-biznesdir. Amma misal üçün, Almaniyada milli özünüdərk fəlsəfə vasitəsi ilə baş vermişdi. Yaradıcılığında əsas yeri epistomoloji (idrak) problemləri tutan Emmanuel Kantın fəlsəfəsini Fridrix Engels "alman ideologiyası" adlandırırdı. Əlbəttə, ki, şou-biznes ilə Kantın "kritisizm" fəlsəfəsi arasında mahiyyət xarakterli fərqlər var və bu fərqlər özünü hər iki xalqın özünüdərk səviyyəsində göstərir. Mədəniyyət yoxdursa mədəniyyətin psevdoformaları onun rolunu oynamağa başlayır. Hər bir xalqı birləşdirən ən önəmli dəyərlərdən biri onun mədəniyyətidir. Hegel yazırdı: Mədəniyyəti tərcümə etmirlər, onu yaradırlar. Azərbaycan xalqı öz yaratdığı mədəniyyəti öz əli ilə məhv etdi. Ona yaşamaq şansını vermədi. Əvəzində isə zövqünə uyğun olan mədəniyyət şou-biznesi yaratdı. Bu şou-biznes Azərbaycan xalqını birləşdirən dəyərdir.
   
   Sonda üzərindən iki dəfə ötəri keçdiyimiz elita-kütlə probleminə bir daha qayıtmaq istəyirik. Dəyərlərə münasibətdə iki mövqeni ayıra bilərik: Dəyər yaradanlar; dəyərlərlə yaşayanlar. Elita bir qayda olaraq unikal keyfiyyətlərə malikdir, o, cəmiyyətin dəyərlərini, yumşaq desək, qəbul eləmir, elitaya mənsub olan, "palaza bürün, elnən sürün" məsəlini dilinə gətirməyən şəxs elitanın dəyərlərini də qəbul etmir, öz dəyərlərini özü yaradır və onunla da yaşayır. Kütlə isə bu cür dəyər yaradıcılığı aktından məhrumdur. O, yaşadığı dəyəri heç bir zaman tənqidi düşüncənin predmetinə çevirə bilmir, çünki, ümumiyyətlə, onun tənqidi düşüncəsi olmur. Azərbaycan ziyalısı da bir çox hallarda ictimai dəyərlərlə yaşayır. Çünki o, ictimai mövqeyini itirməkdən qorxur. Onun üçün kütlə söz sahibidir. Azərbaycanda artıq yeni intellektuallar yetişir. Onlar kütlənin həyat tərzini, dəyərlərini veclərinə almırlar. Xalqa qarşı münasibətləri bəzən təhqiramiz səviyyəyə çatır. Onlar xalqı birləşdirən mentalitetə qarşı açıq savaş elan edirlər. Lakin azlığın məğlubiyyəti qətidir. Çünki milli mentalitet nə qədər bayağı və məzmunsuz olsa da xalqı birləşdirir. Ona qarşı aparılan bütün savaşların sonu məğlubiyyətdir.
   
   Vəziyyət göründüyündən çox-çox pisdir. Bizi bir xalq olaraq birləşdirən dəyərlər çox bəsit və qeyri-ciddidir. Bu mədəniyyətlə tərbiyə olunan xalq heç bir bəşəri və milli ideal tanımaz. Şəxsi komfortundan başqa heç bir şey düşünməz. Onun sonu zəlalətdir. İndiki həyatımız isə yalnız jurnaldır. Kino sonra başlayacaq. Kino siyasətdəki faciə, mədəniyyətdəki faciə, elmdəki faciədən bəhs edəcək. Mirzə Fətəlilər yetişdirən xalqın məhvindən bəhs edəcək. Ekranlara yaxın oturun. ?z faciənizə özünüz baxın. Odu söndürüb külü ilə oynamaq buna deyirlər.

TƏQVİM / ARXİV