adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Cəmiyyətin Proobrazı

16900 | 2008-03-20 15:56
Azərbaycan Respublikasında teleradio yayımı azaddır. "Teleradio yayımının azadlığı vətəndaşların informasiyanı qanuni yolla axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır." Teleradionun fəaliyyətinə dövlət yalnız qanun pozuntusuna yol verildikdə azad yayımı, vətəndaşın azad informasiya qəbulunu təmin etməklə müdaxilə edə bilər.
   
   Demokratik ölkələrdə siyasi partiyaların, dini qurumların televiziya təsis etmək hüququ olmasa da istənilən siyasi və dini baxışlı hüquqi şəxsin - əgər o, ölkə vətəndaşıdır və lisenziya almaq üçün bütün tələbləri ödəyirsə- (fiziki, əqli və hüquqi şəraiti imkan verir və s.) - teleradio yaratmaq hüququ var. Televiziyanın və ümumiyyətlə, jurnalistikanın qərəzli olmağa peşə ixtiyarı çatmır. Ancaq mövqeyini obyektiv müstəvidən əsaslandırmağa ixtiyarı var. Demokratik ölkədə bu yalnız o zaman müşahidə edilir ki, orada sağlam və səmimi siyasi mübarizə mövcuddur. Əgər mövcud deyilsə bunun iki səbəbi ola bilər. Ya ölkədə əsl demokratiya yoxdur, müxalif düşüncəyə şərait yaradılmır, ya da müxalifət elə günə qoyulur ki, müqayisədə əks tərəfin liderlik bacarığı və fəlsəfəsi qalib gəlir.
   
   Müstəqillikdən sonra Azərbaycanda yaranan ilk özəl telekanal ANS oldu. ANS yeni danışıq dili, informasiyanın çatdırılma metodu, yeni aparıcılıq tərzi, maraqlı epitetlər, hətta verilişlərin ad seçimində efirə sözün əsl mənasında yenilik gətirdi. Və Azərbaycan teleməkanında "ANS üslubu" termini yarandı. Peşəkarlaşdıqca və yerini telearenada bərkitdikcə xəbərlər və siyasi-analitik verilişlərlə xalqın sentimental hisslərini hədəf seçərək inam qazandı. Bir gün də eşitdik ki, bağlanıb. Səbəb kimi ANS-in Teleradio qanununda ciddi pozuntulara yol verdiyi bildirildi. Yayımı dayandırılan digər teleradio kompaniyalarına da yönələn ən optimal ittiham lisenziyanın uzadılmaması və müqəddəs vergilərdən yayınması idi. Ən optimal ittiham da ən optimal sual doğura bilir. Cavabı isə optimal olmur, amma birmənalı səslənir. Məsələn: 7 il fəaliyyət göstərən teleşirkətin qəfildən 3-4 illik vergi borcu olduğu elan edilərək qapısı bağlanır. Yayımı dayandırılır. Və bu 4-5 il ərzində niyə bu telekanaldan hesabat alınmayıb sualına çox sadə və rahat izahat gətirilir: "Dəfələrlə xəbərdarlıq edilib."
   
   Sıravi vətəndaşın ATS-ə 1 manat borcu olan kimi telefonu yerli-dibli kəsilir. O boyda şirkət 5 il dövlətə pul-zad ödəmədən efirdə at çapır, xəbərdarlıqla kifayətlənib birdən birə, ümumiyyətlə, yox edilir. Və nədənsə ANS-ə yenidən yayım haqqı veriləndən sonra o, əvvəlki kimi analitik təhlillər yox, meyxana yarışması göstərməyə başladı. Xalqın ən düşük adamları arasında müsabiqələr keçirib nə qədər gic var hamısını müğənni elədi. ANS əməlli-başlı qızışdı. Müğənni çatışmazlığı olan ölkəmizdə ömrünü kotanla keçirən nənələr-babalar səhnəyə gətirildi. Qoşuldu digər kanallara və milli mentalitet, mənəvi dəyərlər, milli sərvət paltarında, ölkədə bir dənə də mahnı oxumayan adam qalmasın ya Allahı ilə həyata keçirilən mövqenin reallaşma mexanizminə çevrildi.
   
   Efirə gələn hələ ki, sonuncu özəl telekanal (Xəzər) yayımının ilk günündən bayağı filmlər, kliplər və konsert proqramları təqdim etməyə qalxdı. Bu da o demək idi ki, ay millət, məndən ciddi heç nə ummayın hamı necə, mən də elə. ?mid edən də oldu ki, hələ gəncdir, uşaqdır, böyüyüb ağıllı kanal olacaq. Bekara. ATV də başlayanda elə düşünənlər var idi. Əşi, hələ ki, DJ kanalıdır. ?zünü düzəldən kimi yaxşı-yaxşı verilişlər verəcək. Gözlə. ATV düşündüyümüzdən də yaxşı olmadı. Və hətta efirin yaxşı nəyi var idisə sıxışdırıb çıxardı. İndi mətbuatda bıçaqlanan növbəti jurnalistin fonunda onun ilin ulduzcuğu yarışmasına baxıb nə qənaətə gələ bilərik ki başqa? Televiziya mətbuatın həmcərgəçisidirmi? Hər ikisi KİV-dirmi? Niyə əvvəllər bütün ictimai-siyasi hadisələrlə bağlı gecə-gündüz tok-şou hazırlayıb bağıran ANS indi ancaq mızıldanır? Niyə Elmarın qətli ilə bağlı buraxılış hazırlayan Space-in "Gecə Kanalı" bağlanır və Etibar Babayev işdən gedir(?) Və Space bilinmir nəyə çevrilir? Space-in xəbərlər proqramında süjet və mətn o qədər ütülənib, kraxmallanır ki, xəbərdən çox anonsa oxşayır. Heç cür anlaya bilmirsən ki, bu proqram nə demək istədi? Xəbər olduqca ehtiyatla və ölüvay təqdim olunur. Adamda elə təsəvvür yaranır ki, məmləkətdə hər şey qaydasındadır. Ona görə də Space xəbərləri "yeri gəlmişkən" xarakteri ilə çatdırılır. "ATV maqazin" ondan daha dinamik görünür, daha çox azart yaradır. Bu, jurnalistikadırmı?!
   
   ABŞ-ın ölkəmizdəki səfiri Enn Dersi "Azadlıq" qəzetinin əməkdaşının bıçaqlanmasına "sərt münasibət" bildirərək azadlıq sevən azərbaycanlılar buna etiraz bildirməlidir, azadlıq sevən azərbaycanlılar belə eləməlidir, azadlıq sevən azərbaycanlılar elə eləməlidir deyib özünə əl qataraq bu ciddi məsələyə ABŞ səviyyəsində baxılacağı hipnozu ilə əslində azadlıq sevən azərbaycanlıları arxayınlaşdırıb yerində otuzdurur. Enn Dersi özünü elə aparır guya belə bir hadisəylə ilk dəfə üzləşir və azadlığı sevən azərbaycanlıların niyə belə tədbirsiz və təşəbbüssüz olduğunu anlamır və bilmir. 21-ci əsrdə Səddam Hüseyni dünyanın gözü qabağında asan ABŞ üçün ölkəmizdə bir jurnalist bıçaqlanması möcüzədir və o, indiyə qədər respublikamızda baş verənlərdən xəbərsizdir. İraqı darmadağın edən ABŞ-ın bizə barmaq silkələməyə həddi çatmır. Demokratik etiketləri gözləyir. Ay-hay. Biz də xarici, daxili qurumların, səfirliklərin və daha nə qədər ların, lərin rəvayətlərinə qulaq verib qulağımızın nə vaxt birdəfəlik yerindən dartıb qoparılacağını gözləyirik ki, daha onda heç nə eşidə bilməyəcəyik.
   
   Metyu Brayzadan soruşurlar ki, sən niyə həmişə gülürsən, səni bura (ya da bizə) gülməyə göndəriblər?
   
   Metyu dişlərini qapamadan qulaq asır və gülərək cavab verir:
   
   -Dünyanı gülüş xilas edəcək!
   
   Televiziyalar isə konkurslar keçirməkdə davam edir. Çox maraqlıdır və çox qəribədir. Bütün qəzetləri oxuyub bu soxanı yandırırsan ki, bəlkə təsvirli bir açıqlamadan-zaddan ola, görürsən ki, Gülyanaq bacıları mahnı oxuyur. Yəni mətbuatda olan jurnalistlərdən bir dənəsi də televiziyada yoxdur ki, qəzet oxumayan milyonlara çıxıb özü bildiyi kimi bir şərh versin?! Gözüm Liderə sataşır. Aha, deyəsən var axı... Əlbəttə var. Efirdə çərən-pərən "sitat sonları" qeyrətə gəlib həmkarını-Aqil Xəlili dəstəkləmək duruşu yaratmaq istəyirdi ki, özü-özünü ifşa etdi. Başladı siyasətçilərin cinsi meyllərini təhlil etməyə. Keçdi filankəsə və ötənlərdən qalan naftalinli platformasını təbliğ etməklə məşğul oldu. Əgər seçkilər qabağı məmləkətdə baş verən hərbi-zorba sitatların sonu siyasətçinin seksual orientasiyasına həsr olunan qır-qırla bitirsə seçkilərin sonu nə olacaq görəsən?! 25 iyun 2002-ci ildə Azərbaycan Teleradio haqda qanunun 3-cü maddəsində deyilir:
   
   Maddə 3. Teleradio fəaliyyətinin əsas prinsipləri
   
   Yayımçı öz fəaliyyətində informasiyanın əhatəliliyi, obyektivliyi, tam və doğru-dürüstlüyü, vətəndaşların öz fikir və baxışlarını sərbəst ifadə etməsi, ideoloji və siyasi plüralizm, tərəfsizlik və qərəzsizlik, insanların şəxsi həyatına müdaxilənin yolverilməzliyi, milli-mənəvi dəyərlərin qorunması, peşə etikasına və əxlaq normalarına riayət edilməsi, proqramların keyfiyyətliliyi prinsiplərinə əsaslanır.
   
   Əlbəttə, qəzetlər təhqirdə ifrata varır bəzən. Amma televiziyanın bunun hər qarşılığını ödəmək addımı ötən yazıda qeyd etdiyimiz KİV-in iki bir-birinə müxalif qütbə ayrıldığını sübut edən faktor deyilmi? Və bu mənada yalnız müxalifət liderlərini təhqir edən TV həmin qarşıdurmada lider rolunu oynamırmı?
   
   Xalqın sentimentallığına hesablanan oyunbaz efir hesabatları, sitat sonları, yekunlar, zor durumda qalan xanalar parlamentdə müzakirəyə qoyulan hökumət hesabatlarının balaca nüsxəsidir. Danışılır, atılıb-düşülür, hay-huy qopur. Filankəs qəti etirazını bildirdi ki, hesabat qəbul oluna bilməz, çünki "nağıl rəqəmlər"lə doludur. Bu nə hesabatdır ki, Beynəlxalq Valyuta Fondunun təqdim etdiyi rəqəmlə üst-üstə düşmür, o biri mikrofonu götürüb bu hesabatı televiziya vasitəsilə geniş auditoriyaya çatdırmağı təklif edir. Bir başqası belə fırıldaq hesabata görə hökümətin istefa verməsini təklif edir. Hamı əsib-çoşur, axırda da 94 nəfər lehinə, 6 nəfər əleyhinə olmaqla hesabat qəbul olunur. Məncə, heç belə hesabatları müzakirəyə qoymadan birbaşa imzalamaq lazımdır. Onsuz da orda hər şeyin əleyhinə olan o 6 nəfəri adam yerinə qoyan yoxdur. O 6 nəfər də ora əslində elə adam yerinə qoyulmamaq üçün gətirilib. Azərbaycanda bütün yekunlar birmənalıdırsa Televiziya hesabatı "Şərikli Çörək"dəki kimi izahlı-izahsız eyni məna kəsb edən, görüntü yaradan boş-boş şəkillərdən başqa bir şey deyil. Televiziya özbaşınadır ki nəsə izah edə?
   
   ?mumiyyətlə televiziya nəsə izah edir ki? İcazəsiz nəsə səsləndirən, zorakılığa məruz qalan 15 nəfər mətbuat nümayəndəsidir. Vəssəlam. Televiziyada nəsə səsləndirmək istəyən işləyə bilməz. Və əgər Televiziya özü altdan-altdan nəsə səsləndirmək istəsə dərhal qapılarını qıfıllayıb üstünə şəffaf lövhə yapışdırarlar. "Get köpəyoğlu!"

TƏQVİM / ARXİV