adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

YAZA çIXDIQ...

VƏSİLƏ USUBOVA
31767 | 2008-03-20 15:56
Necə də olsa, təbiətin ilıq bir təbəssümü sərt şaxtasına, ülgüc kimi sazağına güvənən qışı yumşaltdı. Fevraldan bəri əsən vədə küləkləri baharı Yer kürəsinin hansı yanındasa yaxalayıb üzü bəri gətirdi, "indi də bizimlə qalacaqsan, düz üç ay gərəyimizsən" dedi. Bizim tərəflərdə yazqabağı əsən vədə küləklərinə "ağacoyadan külək" də deyirlər. Nə dəqiq deyimdi, İlahi! (Hərə bir şeyin məddahı, tərənnümçüsüdü, mən də küləklərin). Bəzən bu vədə küləkləri vədəsiz əsib adamları da, ağacları da aldadır. Ağaclar tumurcuqlayıb çiçək açır, adamlar da ağac əkir, şitil basdırır. Bir də görürsən, şaxta düşdü, lap qar da yağdı, kol dibində bənövşəni dondurdu, şitilləri soldurdu. Ərik, alça, gilas gülünü töküb həmin il bəhərsiz qaldı..
   
   
   
   ***
   
   
   
   Yaza çıxdıq... Çox tələsirdik "görək yaza nə qaldı". Dünən deyildimi, dünən nədi, lap elə bayaq deyildimi qarı xırıldada-xırıldada gəzdiyimiz, buz tutmuş yollarda qollarımızı yana açıb ehtiyatla yeridiyimiz. Qışımız da qış oldu, ha! ?zü də gözəl idi, gətirdiyi qayğılar da. İnsan başına gələnləri çəkə-çəkə sonda hər şeyin çarəsini bulur. Döyə-döyə dəmirçi olursan. Hər gün getdiyin rahat yolu rahat ayaqqabı kimi hiss eləmirsən də. Bir dəfə ayağın sürüşüb yıxılanda, üst-başın palçığa batanda ömürlük unutmursan... Yazı gözləyə-gözləyə, özləyə-özləyə özümüzə ürək-dirək, səbr verib qışın belini qırdıq. Kərə yeyənimiz də yaza çıxdı, tərə yeyənimiz də. Qazandığını, yığdığını gizlədib adam üzünə ağlayanlarımız da oldu, evdə soğan çörək yeyib bayıra çıxanda bığına yağ çəkənlərimiz də. Kimi bunu ədasından, naqqallığından elədi, kimi də qeyrətindən, qürurundan. Evdə nə yediyi kimin alnına yazılır ki?.. Əsas odu ki, sən başını dik tutmağı bacarasan,"bu günümüzə də şükür" deyib sidq-ürəkdən şükranlıq edəsən. Zənbilinə gücü çatmayanların boş zənbil cücüyünü eşələyib məyus olanlardan xəbəri olmadıg... Təzə ildən qalıb sirinsiyən meyvə-xuruşlar içəridən bayıra, bayırdan içəriyə daşınmaqdan rəngini, dad-tamını itirib, muzey saxlancına dönüblər...
   
   
   
   ***
   
   
   
   - Uşaqlar, bilirsiz bu bayramda adamın qəlbi niyə xoş olur?- maddım-maddım baxdığımızı görüb əlavə eləyir müəllimimiz,- ona görə ki, hamının süfrəsi dolu olur...
   
   Bizim də özgə süfrəsinin qayğısını çəkən halımız yoxdu, axı. Heç öz süfrəmizin də hardan dolduğunun fərqində deyildik. Əvəzimizə düşünənlər vardı. ?z "qayğılarımız" başdan aşırdı. Bayrama on-on beş gün qalmış onlar ya körpünün üstünə, ya da dükanın qabağına yığışıb yumurta döyüşdürürdülər. Bir də görürdün balaca oğlan uşağı udduğu yumurtaları köynəyinin ətəyinə yığıb, yolda da bir-ikisini sındırıb ətəklərinə süzülə-süzülə budu gəlir. Pörtmüş yanaqlarında dünyanın minbir bəxtəvərliyi cilvələnir. Başqa birisi də neçə gündən bəri yığdığı yumurtaların hamısını uduzub suyu süzülə-süzülə qayıtdı, bir tikə çörək yeməmiş yıxılıb yatdı...
   
   Qızlar da analarının böyründə təmizlik işləri görürlər. Evin divarlarını ağardan kim, qapı-pəncərəyə rəng çəkən kim, paltar-palazı yuyub sərən kim. İşlənməmiş, təptəzə xalça-palazı da çəpərlərin başına atırdılar ki, yaz günəşi dəysin. Anam balkona ip çəkər, hələ biçilib tikilməmiş paltarlıq parçaları, yorğan-döşək üzlərini üstünə atardı. Hamı səməni cücərtməzdi, "düşər-düşməzi var" deyirdilər. Bayrama üç-dörd gün qalmış kişilər bazarlığa gedərdilər.Fındıq, qoz, şabalıd, qaysı, kişmiş, turşu, xurma dolu zənbillə qayıdardılar. Uşaqlara mütləq təzə paltar, ayaqqabı alınardı. Qız uşaqlarına qırmızı güllü parçadan don tikilərdi. Bir gün qabaq plovun üstünə qoymağa qoyun, mal, hinduşka ətindən qara bişirilərdi. Çərşənbələrdə südlü, kişmişli aşın üstünə duzlu balıq qoyulardı...
   
   Bayram axşamları hava qaralan kimi həyətlərdə tonqal qalayır, uşaqlı-böyüklü üstündən atılırdılar. Məşəl düzəldib əvvəlcə evin başına üç dəfə dolandırır, sonra bir-bir otaqları gəzdirirdilər. Bununla həmin evdən şər qüvvələri, xəstəlikləri, bədliyi, qaramatı qovmuş, yandırmış olurdular. Eyni şeyi mal-heyvanın yatağında da edirdilər. Ancaq bundan sonra süfrə başına yığışırdılar...
   
   
   
   ***
   
   
   
   Novruz bayramının özünəməxsus mistik ayinləri də var. Bayram aşından bir boşqab çəkib evin, damların, hasarın əl çatan, təmiz, it-pişik ağzı dəyməyən yerlərinə qoyardılar ki, bu da Qaraçuxanın payıdı. Sonra da uşaqlar heyrətlə danışardılar ki, guya sabah açılanda boşqabı tərtəmiz görüblər... Təbiətin ağlagəlməz işdəklərindən bir rəvayət də yadımdadı. Deyirlər ki, Novruz gecəsi söyüdlər başını yerə qoyur, axar sular bir anlığa dayanır. Bir qadın gecəyarısı ayılıb həyətə çıxanda görür ki, həyətdəki söyüdlərin başı yerdədi. Tez dama qaçır, körpə buzovu gətirib ağaca bağlayır ki, doyunca yesin. Səhər ayılanda görür ki, söyüdlər başını yerdən qaldırıb, buzov da ağacdan sallanıqlı çabalayır... Ağlabatan olmadığı qədər də maraqlı, şirin bir hekayətdi...
   
   Uşaqlıqda hər bayram bibimnən qonşu kənddəki qohumlarımızgilə gedərdik.Bizim kənddən qat-qat yamyaşıl, bağlı-bağatlı olan o kənddə uşaqlığımın ən şirin çağlarını yaşamışam.Qızlar yığışıb ən hündür ağacdan yelləncək asırdılar.Yelləncəyi elə bərk itələyirdilər ki, indi də yadıma düşəndə bədənim gizildəyir. Qızlardan biri nazik çubuqla yelləncəkdəkinin ayaqlarına vurub israrla soruşurdu: "Nişanlının adını de!" Qız da əvvəl-əvvəl dözüb susur, sonra yeri göynəyən çubuqdan canını qurtarmaqçın utana-utana, nazlana-nazlana bəlkə ürəyində də çəkmədiyi bəxtəvərin adını dilinə gətirirdi... Qızların çoxunun ovcu, dırnaqları xınalı olardı. İndi heç gəlin gedən qızlarımız da əlinə xına yaxmır. Bu günlərdə bir türk serialında " Xınayaxdı" mərasimini seyr edəndə ürəyim titrədi. Uşaqlıqda bibim məni o qədər "xınayaxdı"lara aparıb ki,..
   
   Qədrini bilməli, yaşatmalı o qədər adətlərimiz var ki,..
   
   
   
   ***
   
   
   
   Bu bayram bizdən güclü çıxdı. Dinimizi də dəyişə bildilər, əlifbamızı da. Dilimizi əzik-üzük eləsələr də, belini qıra bilmədilər. Çox şeyimizi əlimizdən aldılar, Novruzumuza bata bilmədilər. Minilliklər öncəsi necəydisə, indi də elədi. Kökündə od-alov dayanan bayramı söndürmək, qaraltmaq olmazmış yəqin... Keşkə, biganəliklərimiz olmasaydı.. Zərdüştünə arxa çevirən, "Avesta"sını unudan xalq başına gələnlərdə yadları sorumlu tutmasın gərək... Düşmənlərimizin unutduqlarını, ağlına gəlməyənləri də özümüz öz başımıza gətiririk...
   
   Yenə dəryalarım bulandı, dərdlərim baş qaldırdı. Onsuz da köhnəlmir ki,.. Deyirəm, görəsən, o sahibsiz yurdlarımıza bahar necə gəlir?! Yağı tapdağında qalan, oğullarımızın qanına bulaşan, körpələrimizin süngüyə keçirildiyi, qız-gəlinlərimizin həqarət edildiyi torpaqlarda otlar necə boy atır, ağaclar necə tumurcuqlaynır, güllərdən nəyin qoxusu gəlir?! Bir biləydim...
   
   
   
   ***
   
   
   
   Zamanın üzü yaman dönükdü. Gah nazlı gəlin kimi qarşında cilvələnir, gah da cəllad surətində qarşını kəsir. "Qız qalası"nın başında tonqal yandırılacaq. Dərdli torpağımızın yanan ürəyi uzaq-uzaq ellərdən də görünəcək... Qırx il bundan qabaq orada yandırılan tonqalı yaxşı xatırlayıram. " Bahar qız"ı gənc və gözəl Səfurə İbrahimovanı da. Həmin bayramın güdazına gedən ağıllı və qeyrətli, istedadlı və yaraşıqlı oğlumuz, bu gün əli qələm tutanlarımızın Allah rizasına belə adını anmadıqları Şıxəli Qurbanovu da. Allah qəbrini nurla doldursun!
   
   P. S. Məni bağışla, əziz oxucu! Əgər kədərə, göz yaşına görə üzr dilənirsə, sən də bunu məndən əsirgəmə! Həmişə şən, gülərüz olmaq saxta, yalançı görüntüdü. Bu abzası da bayram süfrəsi başında yeri boş qalanlar, gözü axtaranlar, tikəsini göz yaşıyla udanlarçın yazıram. Düz on ildi süfrəmə bir göyçək oğlanın yaraşıqlı əlləri uzanmır. Və gecəli-gündüzlü içimdə bir bayatı hıçqırır:
   
   
   
   Getdi gülüm, ağlaram.
   
   Oldu zülüm, ağlaram.
   
   Bir vədəsiz yel əsdi
   
   Tökdü gülüm, ağlaram.
   
   
   
   ?mrünüzə vədəsiz yellər əsməsin! Neçə belə bayramlara çıxasınız!

TƏQVİM / ARXİV