BİR MƏKTUB YAZIRAM

ƏBÜLFƏT MƏDƏTOĞLU
67504 | 2014-12-03 01:58



Bilmirəm bu bir təsadüf idi, yoxsa iç dünyamın tələbi. Amma hər nə idisə, məktubu yazmaq fikrim olmasa da, yazmalı oldum. Yəni mən tamam başqa bir ovqata köklənmişdim. Necə deyərlər, bir az jurnalist, bir az şair ovqatını qarışdırıb bir-birinə təbrik yazmaq istəyirdim. Amma bilgisayara yaxınlaşanda özümdən asılı olmadan əlimdəki kitabı açdım. Qarşılaşdığım ilk misra məni tutdu və düşünmədən də elə həmin misranı bir balaca redaktə edib yazının başlığına çıxardım və bununla da əvvəldən kökləndiyim təbriki unudub məktub yazmağa başladım. Aramız beş addım olsa da, yazdıqlarımı, düşündüklərimi gedib özünə, pıçıldamadım, demədim. Bu, tənbəllik, ərinmək əlaməti deyil. Nə var ki, 6-cı mərtəbədən 9-cu mərtəbəyə qalmağa. Qalxardım, hal-xoş edərdim, hələ otağında bir stəkan şair çayı da içərdim. Amma məktuba yazdıqlarımı özünə elə yazının ovqatı ilə çatdıra bilməyəcəkdim. Bax, bu səbəbdən də üzbəüz söhbətə yox, məktuba üstünlük verdim...
Düşünə bilərsiniz ki, Adil Cəmilin 60 yaşından sayılı günlər keçib. Niyə mən bu məktubu elə həmin günə, həmin tarixə çatdıra bilmədim? Bu cür düşünməkdə haqlısınız. Amma mənim də bildiyim bir gerçək var. O da durub gözləmək gerçəkliyi idi. Onsuz da mən gözləməyə, səbir etməyə artıq öyrəşmişəm. 25 ildən artıqdır ki, kəndimin, evimin qayıdacağını və yaxud da mənim ora qayıdacağımı gözləyirəm. Bu mənada Adil Cəmilin 60 yaşı ilə bağlı dostlarımın hamısının fikirlərini dinləmək, oxumaq istəyi ilə gözlədim. Və bir də gözlədim ki, görüm həmin insanlar, yəni Adil Cəmilin o çevrəsi bu kişini, bu şairi necə tanıyır, necə sevir, necə dəyərləndirir. Bəlkə onların fikirlərindən təzə nə isə qamarlaya bildim...
Hə, gözlədim, gözlədim və günlərin bir günündə, daha doğrusu, ötən ayın son bazar günündə İTV-nin "Səhər sovqatı" proqramında qonaq olan Adil Cəmilin dilindən maraqlı bir söz eşitdim. Yarızarafat, yarıgerçək biz tamaşaçılara dedi ki, "bu il Adil Cəmil ilidi, yubiley davam edir!.."
Bəli, bu söz məndə bir təbəssüm də yaratdı və sonra onun arxa qatını da götür-qoy etdim. Və bir daha zaman-zaman eşitdiyim, üstəlik də normal saydığım bir fikir həmin o alt qatdan yenidən boy göstərdi. Axı söz adamlarının doğum tarixi, yubileyi bir günlə bitmir. Nə qədər söz varsa, nə qədər o söz oxunursa, o sözün sahibi xatırlanırsa, elə o qədər də onun doğum günü qeyd olunur, o qədər onun yubileyi davam edir...
Bax, bu ovqatlardan sonra məni məktub yazmağa vadar edən misraya qayıdıram. Adil Cəmil hələ təqribən 35 il bundan öncə bir şeir yazıb. Adı da "Sibirdən gələn məktub"du. Şeir belə başlayır:

Bir məktub almışam uzaq Sibirdən,
Açmaq istəyirəm - əlim üşüyür.
Ayrıla bilmirəm doğma sətirdən,
Oxuya bilmirəm - dilim üşüyür...

Təsəvvür edin, 1977-ci ildə yazılmış və müəllifinin də söz dünyasına ilk addımlarını atdığı bir zamanda oxucuya təqdim olunan bu məktubda necə qəribə nüanslar var. Elə nüans ki, oxucu şeiri oxuduqca həm zamanın, yəni fəslin, həm də məsafənin arasında qalır. Sibir sözünün o uzaq məsafədən gətirdiyi soyuq odlar diyarında oxunanda həm əl üşüdür, həm dil. Ancaq o oxunan məktubun hərarəti, yəni onu yazan adamın doğmalığı bu soyuqluğu qar kimi, buz kimi əridir, hərarət qalib gəlir. Deməli, sözün səmimiyyəti də, odu-alovu da bax burda inandırıcı görünür, inandırıcı təsir göstərir. Bunu da Adil Cəmil öz kövrək qələmi ilə biz oxuculara həmin o uzaq tarixdə özünəməxsus şəkildə pıçıldayır və yaxud:

Bir ovuc torpağın olsam ölmərəm,
Qəriblər pay umar səadətimdən.
Sonum harda bitir deyə bilmərəm,
Əvvəlim başlayır məhəbbətimdən.

Şeirin adını oxumadan bu misraları dinləsək, düşünürəm ki, bir az dərin fikrə getməli olarıq. Adətən biz Vətəni ana ilə eyniləşdiririk... biz Vətəni doğulduğumuz ocaqla, yaşadığımız, uşaqlığımız keçən torpaqla yaddaşımıza köçürürük. Düşünürük ki, Vətən elə evimizdən başlayır, anamızdan başlayır, kəndimizdən başlayır. Amma sən demə, vətənin başladığı, daha doğrusu, başlanğıc qazandığı bir yer də var - o da məhəbbətimizdi. Burda söhbət konkret qıza, qadına olan məhəbbətimizdən getmir. Bütövlükdə həyatdan, təbiətdən, cəmiyyətdən qidalanan, ona ünvanlanan, ona söykənən məhəbbətdən başlayır Vətən. Bu deyimin də, bu yanaşmanın da müəllifi Adil Cəmildi. Adil Cəmil həm də doğulduğu Kəlbəcəri, yaşadığı Azərbaycanı sözün işığında oxucu ürəyinə möhürləyə bilir, naxışlaya bilir. Bunu da qidalandığı, canında-qanında yaşatdığı Kəlbəcərin havasıyla, suyuyla elə yoğurub yapır ki, necə deyərlər, heç oxucunun ruhu da incimir. Ancaq şairin bu böyük Vətən sevgisinin nisgilini də görməmək, ona biganə qalmaq mümkün deyil. Çünki onun ağrısı-acısı təkcə özünün, kəlbəcərlilərin, torpağı işğal olunmuş qaçqınların, didərginlərin yox, bütün azərbaycanlıların, bütün insanlığın dərdidi, acısıdı. Çünki...

Bu gecə yuxuma Kəlbəcər girib,
Bu gecə gördüyüm yuxu üşüyür.
Qərib məzarlara qar yağır indi -
Nənəmin, babamın ruhu üşüyür.

Bəli, biz hələ ki, yuxularımızda görürük. Təbii ki, rəhmətlik Şücaət demiş: "Yata bilsək, axı biz yatmırıq gecələr". Amma...

Mən Adil Cəmiləm - deyim düzünü;
Tanrı dərd çəkənə verir dözümü...
Kimə söyləyəsən ürək sözünü -
Ürəyi olanlar çıxıb getdilər.

İndi özünüz düşünün, bu təkcə şair təkliyi, şair ümidsizliyi, şair sızıltısı demək deyil. Bu həm də yaxşı atları minib gedən yaxşı kişilərlə, yaxşı insanlarla çıxıb gedən ürəyimizin müəyyən hissələridi. Axı hər dünyasını dəyişən yaxşıyla ürəyimizdən bir iynə ucu boyda olsa da qopur, kəsilib gedir. Bax, bunun ağrısıdı Adil Cəmilin şeirinin mayası. O buna - yaxşıların getməsinə təəssüf edir.
Cəmi bir-iki il öncə bundan qabaq rəhmətlik Şücaətin adını çəkdim və bu adın təsiri altında Adil Cəmilin kitabını vərəqlədim. Qarşılaşdığım şeirin adı gözümdən yayınmadı - "Şücaətin məzarı önündə düşüncələr". Oxudum bu şeiri. Mənim də tanıdığım, mənim də sevdiyim Şücaətlə Adil Cəmilin ruh söhbəti məni də öz qoynuna aldı. Elə bildim ki, mən də o söhbətin iştirakçısıyam, şahidiyəm. Bax, həmin o hissin təsiri altında Adil Cəmilin Şücaətə dediklərini mən də sizə çatdırıram.

Heç bilmirəm hansı güman,
Saxlar bizi, saxlar bizi.
Fani dünya, dəli dövran,
Yoxlar bizi, yoxlar bizi.

Övladların ey Kəlbəcər,
Səni deyib bir-bir köçər...
Yersiz görüb yersiz əcəl,
Haqlar bizi, haqlar bizi.

Qaçqınlıqdan hara qaçaq?
Sönür ürək, sönür ocaq.
Ağlamağa qalmayacaq-
Sağlar bizi, sağlar bizi.

Ağla qara fərq etmədi,
Ulu Tanrım görk etmədi.
Adil Cəmil, qərq etmədi -
Dağlar bizi, dağlar bizi.

Hə, mən bir az nisgil və bir az da öz içimin də acısını yaşadığım həsrət üstündə köklədiyim bu məktuba Adilin poemalarından da, sevgi şeirlərindən də, hətta ünvanlı misralarından da qoşa bilərdim, ancaq qoşmadım. Çünki mən bu məktubu Sibirin soyuğu ilə başlamışdım. Daha doğrusu, o soyuqluğu əridən hərarətlə. Ona görə də Kəlbəcər, Qarabağ həsrətimizin bizi hələ də üşütdüyü indiki məqamda öz içimizin odunun özümüzü yandırdığını dəqiq bilərək digər mövzulara yer ayırmadım. Adil Cəmil inciməsin, çünki mən bu məktubda bəlkə də onun gözlədiyi, onun umduğu və yaxud da fərz etdiyi heç nəyi yada salmadım. Sadəcə, öz şeirləri ilə özüm söhbətləşdim, özüm Adilin misraları ilə ovundum və bu ovuntunu da bir yerə toplayıb əl boyda məktuba çevirdim. Oxusa da sağ olsun, oxumasa da. Hər halda, bu məktub onun ünvanına yazılıb. Düşünmürəm ki, hardasa poçt qutusunda ilişib qala bilsin...



TƏQVİM / ARXİV