DƏM QAZINDAN ZƏHƏRLƏNMƏLƏR...

FAİQ QİSMƏTOĞLU
61723 | 2014-12-03 01:46




Yəqin çoxlarımız tez-tez müxtəlif televiziya kanallarından eşitdiyimiz qanqaraldıcı xəbərlərə artıq alışmışıq. Hələ qış gəlməmişdən öncə Bakıda neçə-neçə dəm qazından zəhərlənmə hadisələri baş verib. Təbii ki, bu hadisələrin baş verməsi heç də təsadüfən yaranmır. Ən azından ona görə ki, hamamda çimərkən kimlərsə diqqətsizlik edir və dəm qazının hamama dolması nəticəsində zəhərlənir.
Hətta yenicə nişanlanmış iki gənc hamamda dəm qazından zəhərlənərək dünyasını dəyişib. Əlbəttə, bayaq dediyimiz kimi, bu cür faktların baş verməsi arzuolunmazdır. Amma nə etmək olar ki, həyatımız təhlükələrlə doludur. Bir çoxlarımız bəzən fikirləşmək belə istəmirik ki, hamamda mövcud olan müəyyən problemləri zamanında yoluna qoyaq.
Hələ bir neçə ay bundan əvvəl həm "Azəriqaz", həm də Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumu əhaliyə xəbərdarlıq edərək bildirib ki, binalardakı tüstü bacaları təmizləsinlər. Məhz ən çox dəm qazından boğulma halları da elə hamamda çimərkən baş verir. Çünki zamanında binalardakı tüstü bacalar təmizlənmir və nəticədə dəm qazı çıxa bilmir və hamama dolur.
Sovet dönəmində bu məsələlər ayrı-ayrı mənzil istismar sahələri tərəfindən payız mövsümünə qədər həll edilirdi. Amma elə ki, zəmanə dəyişdi, mənzil istismar sahələrinin səlahiyyətləri əlindən alındı, həmin məsələlər də diqqətdən kənarda qaldı. İndi deyilənlərə görə, tüstü bacalarını təmizləyən xüsusi bir özəl təşkilat fəaliyyət göstərir. Gərək əvvəlcədən həmin qurumla müqavilə bağlanmalıdır və bundan sonra o ünvana pul köçürülməlidir, həmin qurumun əməkdaşları bu prosesdən sonra sifarişçi təşkilatların işlərini görməyə tam hazır olurlar.
Təəssüflə qeyd etməliyik ki, Bakıdakı əksər binaların tüstü bacaları nəinki yaz-yay mövsümündə, heç payız və qışda belə zamanında təmizlənmir. Ona görə də heç kəs məsuliyyət daşımır. Artıq bir çox mənzil istismar sahələrinin fəaliyyəti kağız üzərində qalıb. Çünki sovet dönəmində tikilmiş evlərin bir çoxunda yeni təşkilatlar yaranıb və həmin təşkilatlar da mənzil istismar sahələrinin funksiyalarını yerinə yetirirlər. Necə ki, qabaqlar mənzil kooperativ təşkilatları var idi, bax indi də belə bir qurum yaradılır.
Ayrı-ayrı sakinlərin dediyinə görə, yeni yaradılmış qurumun üzvləri də elə həmin binanın sakinləridir. Və onlar da öz aralarında bir rəhbər seçirlər. Sakinlərdən toplanan vəsait hesabına nəinki tüstü bacalarının təmizlənməsi, hətta binada olan digər problemlər qısa zaman kəsiyində həll edilir. Bu heç də bütün binalarda yetərli formada həll edilməyib. Habelə sovet dönəmində tikilib istifadəyə verilmiş kooperativ binalarda sədrlər olmasına baxmayaraq, onların yaşadığı binanın tüstü bacaları vaxtında təmizlənmir.
Sözümüzün canı ondan ibarətdir ki, dəm qazından zəhərlənmələrin qarşısını almaq üçün müəyyən problemlər öz həllini tapmalıdır. Ən azından tüstü bacaları təmizlənməli, standarta uyğun gəlməyən qaz sobalarından istifadə edilməməli və bu sobalar quraşdırılarkən texniki təhlükəsizlik qaydalarına ciddi əməl edilməlidir. Üstəlik də hamamlarda quraşdırılan su qızdırıcıları hava çəkən yerdən qoyulmalıdır.
O da sirr deyil ki, həm "Azəriqaz"ın, həm də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qış mövsümü ilə əlaqədar olaraq texniki təhlükəsizliklə bağlı müxtəlif binalarda yaşayan sakinlərə xəbərdarlıq eləyiblər. Yəni bu qurumun əməkdaşları sakinləri maarifləndirərək bildirirlər ki, evə daxil olan hər hansı qaz xətti təhlükəsizlik baxımından açıq olmalı və sakinlərin həyatı üçün qorxulu anlar yaşatmamalıdır. Hətta hamamların qapısında belə deşiklər açılmalıdır ki, dəm qazı olarkən həmin yerdən çölə çıxsın.
Təbii ki, bütün mövcud nöqsanların vaxtında aradan qaldırılması ilk növbədə insanların təhlükəsizliyinə hesablanıb. Amma bir də görürsən ki, qaz istismar idarələrinin əməkdaşları mövcud nöqsanlardan öz şəxsi məqsədləri üçün istifadə etməyə çalışır və buna görə sakinlərdən nəsə umurlar. Hətta mənzilində heç bir texniki təhlükə olmayan sakinləri belə tez-tez narahat eləyirlər.
Amma gəlin onunla razılaşaq ki, bizim təhlükəsizliyimiz ilk növbədə özümüzdən asılıdır. Yəni mənzilimizdə standartlara uyğun su qızdırıcıları quraşdırmırıqsa, qaz sobaları texniki tələblərə cavab vermirsə, ilk növbədə buna görə elə biz özümüz məsuliyyət daşımalıyıq. Ta gözləməməliyik ki, kimsə gəlib bizə xəbərdarlıq eləsin, yaxud da göstərişlər versin.
Əgər fikirləşsək ki, hələ soyuq qış gunləri qabaqdadır, bax, onda hər bir sakinin məsuliyyəti ikiqat artmalıdır. Çünki adi bir diqqətsizlik və səhlənkarlıq, yaxud da mütəxəssislərin göstərdiyi iradların aradan qaldırılmaması hamamda çimən hər hansı bir insanın dəm qazından zəhərlənməsinə səbəb ola bilər. Deməli, bu təhlükədən qurtulmağın yolları var və bu mümkündür. Sadəcə olaraq, qanunlara əməl eləmək, məsuliyyətli olmaq və tövsiyələri yaddan çıxarmamaq lazımdır.

TƏQVİM / ARXİV