adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

ALINACAQMI?..

BABƏK YUSİFOĞLU
44198 | 2014-12-03 01:40
Son dövrlər dünya mətbuatının əsas müzakirə mövzularından biri Moskva-Kiyev qarşıdurması, eləcə də Rusiyadakı iqtisadi durumdur. Məlum olduğu kimi başda Birləşmiş Ştatlar olmaqla Qərb Ukrayna ərazisinin işğalına görə, Kremli cəzalandırmaq üçün ona sanksiyalar tətbiq edib və hər kəs prosesin nə ilə nəticələniyini səbirsizliklə gözləyir.
Kremldəki siyasilər özlərini, necə deyərlər, nə qədər tox tutmasalar da ekspertlər, hətta Rusiyanın iqisadiyyat və maliyyə quruluşlarının yüksək çinli məmurları açıq şəkildə bildirirlər ki, vəziyyət gün keçdikcə daha da pisləşir. Durum o həddə çatıb ki, əhalinin özü də son dərəcə əndişə içərisindədir. Camaat başına çarə axtarır. Onlar ehtiyat üçün yığdıqları pulları xilas etmək üçün ya qiymətli əşyalar alır, ya da xarici valyuta ilə dəyişməyə can atırlar. Çünki başqa çıxış yolu görmürlər. Əlbəttə, iqtisadiyyatdan az-çox anlayanlar yaxşı bilir ki, bu cür tədbirlər də yalnız simptomatik xarakter daşıyır.
Vəziyyəti normallaşdırmaq üçün Rusiya hakimiyyətinin gördüyü tədbirlərin hələlik heç bir nəticə vermədiyi də göz qabağındadır. Yəni, inflyasiya addım-addım irəliləməkdədir. "Bank Rossiya"nın sədrinin birinci müavini Kseniya Yudayeva inflyasiya prosesi ilə bağlı proqnozlar verərək bildirib ki, qiymətlərin yüksəlmə həddi illik 8,9% təşkil edir. Onun sözlərinə görə, amma bu rəqəmin yüksəlişə doğru artımı da gözləniləndir. Belə ki, mart ayında inflyasiyanın pik həddə çatacağı qaçılmaz sayılır. Belə ki, bahalaşma 10 %-də ötə bilər. Ərzaq məhsullarında isə bu göstərici 12% adlayacaq. Əvvələr bu göstəricilərinin həcminin iki dəfə az olduğunu nəzərə alsaq durumun gərginliyini asanca görə bilərik.
Kseniya Yudayevanın fikrincə rublun dollara nisbətdə qiymətdən düşməsi orta hesabla 40%, avroya nisbətdə isə təxminən 20-30% təşkil edir. Müstəqil ekspertlər isə göstərilən bu rəqəmlərin daha yüksək olduğunu bildirirlər. Təkcə neftin dünya bazarındakı qiymət düşüşü Rusiya iqtisadiyyatına 90-100 milyad dollar ziyana başa gəlir. Amma bunun da son hədd olmadığını indi çoxları bilir. Çünki proqnozlardan aydın olur ki, neftdə ucuzlaşma bundan sonra da davam edəcək.
Hətta qiymətlərdə çox düşük rəqəmlərdən bəhs edən mütəxəssislər də vardır. Onlar neftin 65 dollara düşə biləcəyini də söyləyirlər. Və onda Kseniya Yudayevanın mart ayında inflyasiyanın özünün pik həddinə çatacağı ilə bağlı söyləmələri özünü doğrultmaya da bilər və vəziyyət daha sarsıdıcı fazaya keçər.
Özü də nəzərə almaq lazımdır ki, Rusiyanın yürütdüyü siyasət də dəyişmədiyindən Qərb tərəfindən tətbiq olunan sanksiyaların daha da gücləndiriləcəyi bir reallıqdır. Rusiya prezidenti Vladimir Putinin son vaxtlar etdiyi siyasi gedişlərin də effekt verəcəyinə inananlar çox deyil. Moskvanın qazı Avropaya çıxarmaq üçün alternativ yollar axtarışı, "Cənub axını"ndan imtina etməsi, Çinlə yeni layihə ortaqlıqları Kremlin itirdiklərini konpensasiya etmək gücündə deyil.
Təsəvvür edin ki, üzərində heç bir sanksiya olmayan dövlətlər belə yenidən başlayan beynəlxalq iqtisadi böhrandan yaxasını qurtara bilmir. Avropa Birliyinin elə ölkələri var ki, göstərilən yardımlara baxmayaraq iqtisadi vəziyyətinə görə iflas həddindədirlər. Və belə halda hazırkı durum üçün yaxşıya ümid bağlamaq ağılabatan görünmür.
Yəqin ki, bundan sonrakı proseslər dünyanın siyasi müstəvisində cərəyan edən hadisələrdən çox asılı olacaq. Əgər Azərbaycanın qonşusu, həm də erməni separatizminin təşkilatçısı və dəstəkçisi rolunda çıxış edən Rusiyanın imperiya siyasətindən uzaqlaşdırılması mümkün olarsa bu, işğal altında saxlanan ərazilərimizin də taleyinə müsbət təsirini göstərəcəkdir. Əslində Qərb bütün bunlarla artıq "cızığından çıxan" Rusiyanı tənbeh etməyi planlaşdırır...
  • Aprel:
  • 5

TƏQVİM / ARXİV