adalet.az header logo
  • Bakı 11°C

Əsas odur ki, Bahar zəxsən gəlmizdir

CEYHUN MUSAOĞLU
30219 | 2008-03-20 16:16
Bahar yurdumuza şəxsən özü gəlmişdir, bir gün də olsun belə, heç yerdə dayanmadan, bir saat da olsun belə, tində, dalanda ləngimədən Azərbaycana girmişdir. Onu Rusiyada saxlamaq istəyən məkrli qüvvələrlə savaşmış, Gürcüstanda qarşısına çıxan hər kəsə kəllə atmış, Ermənistana gözünün ucuyla da baxmamış, özünü düz vaxtında - martın 20-si 09.08 dəqiqədə ölkəmizə çatdırmışdır.
   
   ...Necə-necə məndə səhv tutmaq istəyirsiniz? İrad bildirirsiniz ki, yazını martın 19-da yazdığım halda martın 20-dəki hadisədən necə xəbər verirəm? Riyakarlar! Elə Azərbaycanın uğurlarına da belə mövqe nümayiş etdirirsiniz. Bədbəxtlər, siz heç vaxt bilməyəcəksiniz ki, biz azərbaycanlılar on beş ildir bir gün qabağı yaşayırıq. Sürətli inkişaf çoxdan bizi bu günün caynağından qurtarıb, sabahın qoynuna atmışdır. İndi biz sabahın qoynunda yellənirik, şellənirik, enlənirik... Hər kəlməmin qafiyələnməsi bunun bariz nümunəsi deyildirmi?!
   
   ?lkəmizə vaxtında və şəxsən qədəm qoyan Baharın da ilk dəfə qarşısına çıxan şəxs hakimiyyətimizin uğurlarına barmaqarası baxanlardan olmuşdur. "Sizi deyib gəlmişəm" nidası ilə həmin adamın üstünə atılan, boynunu qucaqlayan Baharı aldatmağa cəhd göstərilmişdir. Saat taxmağı unudan Baharın sorğusuna cavab verilmişdir ki, saat 09.09 dəqiqədir. Yazıq Bahar, bir dəqiqə gecikdiyini zənn edib, bayılmışdır. And olsun, qoz sındırmaq üçün münasib alət olan müqəddəs qopuza ki, səhiyyə naziri Əli İnsanov olsaydı, Bahar şokdan ölmüşdü. Oqtay Şirəliyev minbir fədakarlıqla onu yenidən həyata qaytarmışdır.
   
   Budur, Bahar yenidən aramızdadır. O ölməmişdir. O, Azərbaycana bir cibində ruzi, bir cibində bərəkət gətirmişdir. Keçən il də belə eləmişdir, gələn il də belə eləyəcək. Taxılımız, pambığımız, üzümümüz, ətimiz, yağımız, qəndimiz, çayımız, hər şeyimiz bol olacaqdır. Bahar nazirlərin dostudur, hamısının xilaskarıdır. Bundan sonra prezidentin qəzəbinə tuş gələn hər hansı nazir Baharı göstərib deyəcəkdir: "O, bizə kömək olacaq, o, xalqımıza xoş ovqat, nikbin əhval-ruhiyyə bəxş edəcək, o, imkan verməyəcək, qazsızlıq, işıqsızlıq, susuzluq, lap elə Qarabağsızlıq dərdi çəkək. Bəharda Bakının bütun restoranları, parkları Qarabağ olur. Gül-gülü çağırır, bülbül bülbüllə sevişir".
   
   Nə yaxşı mən Baharın sevib-seçdiyi Azərbaycanda doğulmuşam. Nə yaxşı mən jurnalist olub, Bahar haqqında yaza bilirəm. Gedin başqa ölkələri gəzin, heç yerdə Bahar yoxdur. Onlar Baharı qoruyub saxlaya bilmədilər. Bahar iqtisadiyyatı uğurla inkişaf edən, siyasətində Təhmasib Novruzov, Tahir Kərimli, mədəniyyətində Əlikram Bayramov, Baloğlan Əşrəfov, teatrında Məleykə Əsədova, Nurəddin Mehdixanlı kimi şedevrləri olan ölkədə yaşaya bilər. Bəli Bahar bizdə üç aylıq deyil, əbədidir. "Bahar yurdumuza qonaq gəldi" deyənlər düşmənin dəyirmanına su tökənlərdir. O bizim yurdumuzun sakinidir, sadəcə, arada özüyçün gəzməyə gedir. Hər gəlişində isə hadisə ilə qarşılanır. Əfv fərmanı Baharın budəfəki qayıdışına atəşfəşanlıqdır. Nə olsun ki, dörd jurnalist əfvə düşməmişdir. Əsas odur ki, Bahar gəlmişdir. Nə olsun Mirzə Sakitin beş övladı atalarının yolunu gözləyir. Əsas odur ki, Bahar onların yaşadığı yurda vaxtında qədəm qoymuşdur. Üzr istəyirəm, həm də şəxsən qədəm qoymuşdur.
   
   Jurnalistlərin azadlığa çıxmamasından əsəbiləşmək lazım deyil. Guya onlar bayıra çıxıb, neyləyəcəklər? Bəli, yazacaqlar, kimlərinsə qanını qaraldacaqlar, bütün günü kompüterin qarşısında oturub, gözlərini sıradan çıxaracaqlar, aldıqları beş-on manat qonorarı isə ancaq yeməyə xərcləyəcəklər. Bu prosesdə sevindirici heç nə yoxdur. Baharın gəlişi isə elimizə, obamıza sevinc gətirmişdir. Hamı gülür. Gülüşün biri bir qəpikdir. Gülüş insanın qəlbini fərəhlə doldurur. İnsanın qəlbini fərəhlə dolduran şey bir qəpikdirsə, deməli, biz xoşbəxt ölkənin xoşbəxt vətəndaşlarıyıq. Bir qəpik ver, gülüş al. Baharın gəlişinə səmimi qəlbdən sevinənlər iki qəpik ödəyib, öpüş də ala bilərlər. Biletlər 1 saylı Əsəb və psixiatriya xəstəxanasının kassalarında satılır. Yox-yox, əziyyət çəkməyə dəyməz, Bahar özü sizi kassaya qədər aparacaqdır.
   
   
   
   P.S. "Mış", "miş"lərlə dolu olan bu yazını "Respublika", "İki sahil", "Vışka", "Azərbaycan", "Bakinskiy raboçiy" qəzetlərində çalışan həmkarlarıma həsr edirəm. Hərdən bayıra da çıxın, əziz həmkarlarım, Bahar şəxsən özü vaxtında gəlmişdir.

TƏQVİM / ARXİV