adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

BiRi BAZLIQDA, QALANLAR DA...

OQTAY SALAMOV
18152 | 2008-03-20 15:56
Həmişə deyirdim ki, bizim işimiz Allaha qalıb. İndi görürəm ki, Allah-Təala fəda olduğumuz bütün imkanları yaradır, özümüz əfəllik eləyirik. Deməli, bundan belə bizim işimiz özümüzə qalıb. Əslində elə həmişə özümüzə qalırdı, amma biz ümidimizi yadlara bağlayırdıq. Təəssüf ki, hələ də bağlayırıq. Həmişə demişik ki, qaradan bəd rəng yoxdur. Gözümüzlə görürük ki, var, amma inanmaq istəmirik. Deyirik yox, ATƏT-in resursları hələ tükənməyib. Tükənib, ay kişilər, tükənib. ATƏT bizimçün heç nə edən deyil!
   
   Qoy bilməyənlər üçün deyim ki, bizim ümidimizi bağladığımız ATƏT-in Minsk Qrupunun birbaşa rəhbəri, yəni ATƏT-in özünün rəhbərinin başı və daha başqa yerləri hansısa təşkilatın ümumi problemi ilə yox, sırf şəxsi işlə - bazlıqla məşğuldur. İndiki sədr, Finlandiyanın xarici işlər naziri 60 yaşlı İlkka Kanerva qızlarından da cavan olan (30 və 35 yaşlarında iki qızı var) 29 yaşlı bir striptiz rəqqasəsinə ilişib, ona 200-ə qədər SMS göndərib ki, intim xarakterli bəzi məsələləri aydınlaşdırmaq üçün mütləq görüşməlidirlər. Özü də jurnalistlərə deyib ki, "insan münasibətlərini dramatikləşdirməyə ehtiyac yoxdur". Vallah, mən Kanervanı heç qınamıram da. Sadəcə olaraq şəxsi təcrübəmdən bilirəm ki, başı eşq macəralarına qarışan adamın münaqişəli, davalı məsələlərə vaxt ayırmağa nə həvəsi olur, nə də marağı. Yəni istəyir dünyanın bütün etnik azlıqları müstəqillik istəsinlər - onun vecinə də deyil.
   
   İndi keçək "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair" BMT qətnaməsinin əleyhinə səs vermiş ABŞ, Fransa və Rusiyaya. Məlumdur ki, bu üç ölkə ATƏT-in Minsk Qrupunun bizim münaqişəni nizamlamaq üçün həmsədrləridir. Dünyada bundan böyük absurd olmaz ki, həmin üç ölkə faktiki olaraq Azərbaycan ərazi bütövlüyünü tanımayıb və yalnız Azərbaycanın ərazilərinin işğal edilməsinə baxmayaraq, qətnamədə tərəflərin ərazi bütövlüyünün toxunulmazlığı ilə məsələnin öz əksini tapmasını təklif edib. Siyasilər bu sözləri bəzəyib başqa cür izah eləyəcəklər, mən loru dillə deyirəm: bunlar Qarabağı qoparıb rəsmi surətdə Ermənistana vermək istəyirlər.
   
   Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov deyir: "Rusiya hər zaman Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü dəstəkləyib, dəstəkləyir və dəstəkləyəcək. Bu mövqedə heç bir dəyişiklik edilməyib, yoxdur və edilməyəcək". Olmaya diplomatik etiket, olmaya sadəcə etika, deyəsən ki, ay özün öləsən! Adam da belə həyasızcasına yalan danışar? Xəbəriniz varmı ki, bunlar hələ bizi günahkar da çıxarırlar. Deyir, BMT Baş Assambleyasının iclasında ATƏT-in Minsk Qrupunun həmsədrləri yekdil qərar qəbul edərək Azərbaycanın təqdim etdiyi qətnaməyə etiraz ediblər: "Həmsədrlərin fikrincə, qətnamə layihəsinin mətni balanslaşdırılmamış olub". Açıqca deyir ki, çox cəhd göstərdik balanslaşdıraq, Azərbaycan tərəfi razı olmadı.
   
   Həmsədrlər birgə bəyanatda həmin balanslaşdırmanın nədən ibarət olmalı olduğunun bəzi məqamlarını da açıqlayıblar: BMT-yə çıxarılan sənəddə DQ-nin gələcək statusunun müəyyənləşməsi ilə bağlı referendum məsələsi öz əksini tapmayıb. Açması: DQ-də ermənilər arasında referendum keçirməklə Qarabağı erməniyə vermək. Birbaşa, etiketsiz-zadsız, özünüz öləsiniz!
   
   Həmsədrlər rəsmi Bakının bu müzakirələrin keçirilməsi təşəbbüsünü "böyük təəssüflə" qarşılayıblar və hesab edirlər ki, Azərbaycanın bu addımı dünya dövlətlərini məsələyə "birtərəfli" qiymət verməsinə səbəb olub: "Təəssüflər olsun ki, BMT Baş Assambleyası tərəfindən qəbul olunan qətnamə layihəsi yalnız bir tərəfin maraqlarından çıxış edir. Bu sənəd Minsk Qrupu həmsədrlərinin balanslaşdırılmış ərazi bütövlüyü təklifini nəzərə almır. Minsk Qrupuna həmsədrlik edən ölkələr bu qətnamə layihəsini qənaətbəxş saymadığına və ayrı-seçkilik kimi qiymətləndirdiyinə görə bu birtərəfli qətnamənin əleyhinə çıxıblar". "7 oğul istərəm"də Mirpaşa demiş: "Nə yaman həyasız olurmuş ə, sizin tayfa"!
   
   Deyəsən, həmsədrlər bizim daha onlara ehtiyacımız olmadığını, ən azından həmsədrlərin dəyişdirilməsini tələb edəcəyimizdən şübhələniblər. Səfir İstratov qabaqgəlmişlik eləyərək xox gəlməyi də unutmayıb. Jurnalistin həmsədrlərin dəyişdirilməsi ilə bağlı sualına belə cavab verib: "Belə bir təşəbbüs yoxdur və vasitəçilərin dəyişdirilməsi çox çətin prosesdir". Heyf, təəssüf ki, hələlik belə bir təklif yoxdur. Dəyişdirilmənin çətinliyi ilə isə bizi qorxutmaq lazım deyil. Yəni deyirsiniz münaqişənin həllindən də çətin olacaq?
   
   Bu məsələ ilə bağlı hələlik hamı mənim kimi çənəsinə və qələminə güc verib. Əməli fəaliyyət göstərən təkcə Qarabağ Azadlıq Təşkilatıdır ki, o da ABŞ, Rusiya və Fransa səfirliklərinə qara lent bağlayıb, sarı güllər və məktublar təqdim eləyib. Mən bilmirəm onlar bunun mənasını qanacaqlar, yoxsa yox, amma fakt budur ki, praktiki hərəkətimiz (ölürük başqasının yaxşısını öz adımıza, özümüzün pisini başqasının ayağına yazmaq üçün) hələlik ancaq bundan ibarətdir.
   
   Əslində 60 yaşlı rəhbər iş əvəzinə bazlıqla məşğul olursa, onun təşkilatının işçilərinin o...lıq eləməsi o qədər də təəcüblü görünməməlidir. Tem bolee bu işçilər kakoy-nibud finin yanında Amerika, Rusiya, Fransa kimi nəhənglərin təmsilçiləridir. Yenə deyirəm, Qarabağın qıfılı da, açarı da, siqnalizasiyası da özümüzdən asılıdır. Durub qaradan bəd rəngin axtarışı ilə yox, işlə məşğul olsaq, nə həmsədrə ehtiyac var, nə də vasitəçiyə. Siz necə bilirsiniz?..

TƏQVİM / ARXİV