adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

VƏZiFƏ NƏRDiVANDI

19603 | 2008-03-20 15:56
Budapeşt hadisələrindən az sonra SSRİ hökuməti Macarıstandakı səfirini dəyişdi. Fövqəladə və səlahiyyətli Yuri Vladimiroviç yenə bir müddət Mərkəzi Komitənin aparatında çalışdı və səbrlə öz zamanını gözlədi. 1964-cü ildə Moskvada hakimiyyət dəyişikliyi üçün real zəmin yarandı. Düzdür, şəhərə tanklar daxil olmadı, Qızıl meydan insan qanına bulanmadı. Kremldə hər şey səssiz ötüşdü. Sovet xalqı radiodan, televizordan xəbər tutdu ki, ölkə rəhbərliyində Xruşşov Brejnevlə əvəzlənib. Amma bunun nə demək olduğunu, ardınca daha nələrin baş verəcəyini, vəzifə nərdivanında kimlərin qalxıb, kimlərin enəcəyini aydın təsəvvür etmək çətin idi. Brejnevi siyasət olimpinə müvəqqəti əvəzləyici kimi qaldıranlar yanıldıqlarını çox tez anlasalar da, artıq iş-işdən keçmişdi. Leonid İliç kabinetində şəkli asılan Vladimir İliçin səhvlərini əlli il sonra yenidən təkrarlamaq istəmirdi. 7 il hakimiyyətdə olan Leninin xəyallarını gerçəkləşdirmək istiqamətində yeni addımlar atmaqdansa, ilk növbədə lazımi postlara özünə sadiq kadrları yerləşdirməyi, siyası dayaqlarını qısa müddətdə möhkəmləndirməyi düşünürdü. Movzaleydəki tribunadan ildə iki dəfə hərbi paradı və ya zəhmətkeşlərin nümayişini seyr edərkən, bir də aprel ayında doğum günü ərəfəsində proletariatın rəhbəri yada düşürdü. Kütlələrə yönələn təbliğat yeni dövrün siyasi çalarları ilə zənginləşirdi. Bundan sonra ideoloji maşının sükanı hələ uzun illər M. Suslovun əlində olacaqdı. Mixail Andreyeviçin kölgəsində daldalanmağa üstünlük verən Andropovun karyerasında da yeni mərhələ başlayırdı. Belə nüfuzlu partiya rəhbərinin himayəsində tezliklə qol-budaq atacağına daxili əminliyi Yuri Mixayloviçi daha tədbirli və təmkinli edirdi. İndi əsas məsələ Suslovun vasitəsilə Brejnevin qəlbinə yol tapmaq idi.
   
   * * *
   
   
   
   Gəlin, bir daha 1964-cü il Oktyabr hadisələrini yada salaq. Xruşşovu devirən zaman ön planda Leonid İliç görünsə də, hadisələri yönəldən, əslində, Mərkəzi Komitənin ən gənc katibi A.Şelepin və DTK-nın sədri V.Semiçastnı idi. Bir maraqlı faktı da diqqətdən qaçırmayaq. Xruşşovla Mikoyan məxməri payız günlərində Pitsundada dincələndə Mərkəzi Komitənin katibi Brejnev Berlinə, Ali Sovetin sədri Podqornı Moldovaya işgüzar səfərə yollanmışdı. Ezamiyyət müddəti bitsə də Brejnev, nədənsə, Almaniyada ləngiyirdi. Vladimir Semiçastnı xatırələrində yazır ki, mənə Leonid İliçə zəng eləməyi tapşırdılar. Ona söyləməliydim ki, Moskvaya qayıtsın. Semiçastnı bir mühim xəbərdarlıq da etməliydi: "əgər təcili Moskvaya dönməsə, nəzərdə tutulan tədbir onun iştirakı olmadan həyata keçiriləcək". Bu sözlərdən təşvişə düşən Leonid İliç oktyabrın 11-də paytaxta dönür və üzərinə düşən vəzifəni icra etməyə başlayır. Sual olunur: DTK sədrinə son dərəcə məxfi planla, əslində, dövlət çevrilişi ilə bağlı tapşırığı kim verə bilərdi? Semiçastnı bu barədə xatiələrində heç nə yazmır, ad çəkmir. Mənim zənnimcə, bunu yalnız MK katibi seçilməzdən öncə DTK-ya rəhbərlik edən keçmiş komsomol lideri A.Şelepin bacarardı. Şübhəsiz ki, bu məsələdə onun Kremldə nüfuzlu həmfikirləri, indi dəbdə olan ifadəylə desək, çevriliş ortaqları vardı. Odur ki, Brejnev birinci katib vəzifəsində yerini möhkəmlədən kimi, Şelepini də Semiçastnını real hakimiyyətdən uzaqlaşdırmağı qərara aldı. Semiçastnı müsahibələrinin birində yazır ki, Brejnev hələ o zaman bir neçə dəfə Xruşşovu zəhərləməyi, ya da avtomobil qəzasına salmağı təklif etmişdi. Bunun yalan, ya da doğru olduğunu indi kimsə isbatlaya bilməz. Amma onların arasında buna bənzər söhbətlər mümkün idi. Belə məlumatlı, geniş imkanlı adamı DTK-nın başında saxlamaqdan ehtiyatlanan Leonid İliç ilk fürsətdə V.Semiçastnını Ukraynaya Nazirlər Soveti sədrinin müavini vəzifəsinə təyin etdi. Artıq onun hər addımına göz, hər sözünə qulaq qoyulacaqdı. Nəzarət altında olan baş nazir müavininin əsas vəzifəsi susmaq, bundan sonra kölgədə dolanmaqla ömrünü başa vurmaq idi. Siyasi fəallığı ilə xüsusi fərqlənən A.Şelepin də zəhəri alınıb səhraya atılan gürzə ilana bənzəyirdi. Ona "Həmkarlar İttifaqı - Kommunizm məktəbidir", deyi-mini bir daha xatırladıb, həmin sahəyə rəhbərlik etməyi məsləhət gördülər. Brejnevə təhlükəsizlik xidmətini faktiki olaraq yenidən quracaq bir adam lazım idi. Müxtəlif namizədlər vardı. Bu məsələdə tələsmək də olmazdı. Vaxtından əvvəl kimlərisə duyuq salmağın özü də ümumi işin xeyrinə olmazdı. Nəhayət ki, seçim Yuri Andropovun üzərində dayandı. Brejnevə bunu müəyyənləşdirmək üçün düz üç il lazım gəldi. 1967-ci ildən 1982-ci ilə qədər Yuri Mixayloviç Andropovun həyat və fəaliyyəti bu qüdrətli təşkilatla bilavasitə bağlandı. Onun şəxsi tərcümeyi-halında olduğu kimi, gizli təşkilatdakı fəaliyyətində də, hələ də üzə cıxmayan məqamlar, bir-birinə zidd olan fikirlər, xatirələr çoxdur. 15 il Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edən siyasi xadimin həyatındakı bu mühüm dövr barədə ətraflı araşdırma ayrıca yazının mövzusu olacaq.
   
   
   
   * * *
   
   
   
   1982-ci ildə Kremlin saatı artıq əvvəlki dəqiqliyi ilə işləmirdi. Sahibinin səhhətindən asılı olaraq, gah dala qalırdı, gah qabağa qaçırdı. Belə olan təqdirdə yeni saatsaz lazım idi ki, köhnə mexanizmi sahmanlasın. Get-gedə Baş katib məmləkətin halından daha çox öz canının hayında olduğundan ətrafdakılar bir qədər də fəallaşır, varis planı barədə daha ciddi düşünməyə başlayırdılar.
   
   Y.Andropov DTK-nın sədri kimi Brejnevin səhhətiylə bağlı Yevgeni Çazovdan aldığı məlumatları ilk vaxtlar Siyasi Büro üzvlərindən gizlədirdi. Deyilənlərə görə, generalla səhiyyə naziri mütəmadi olaraq ayda bir-iki dəfə Satira teatrının yaxınlığında yerləşən binaların birindəki konsperativ mənzildə görüşərdilər. Bir dəfə Çazov həyəcanla deyir ki, Brejnevin mərkəzi əsəb sistemində ciddi fəsadlar baş verir, şəxsiyyət kimi deqredasiya prosesi sürətlənir. Belə vəziyyət uzun zaman davam edə bilməz. Həkimin sözləri Andropovu məyus edir. Çazovu bir daha xəbərdar edir ki, Baş katibin kəskin şəkildə pisləşən sağlıq durumu barədə diaqnoz tam məxfi olaraq qalmalıdır. Bu haqda xəbər yayılsa, illər boyu çətinliklə əldə edilən siyasi stabillik pozular, hakimiyyət uyrunda mübarizə yenidən vüsət alar. O vaxt real potensial namizədlər az deyildi. Götürək elə Nazirlər Sovetinin sədri A.Kosıgini, yaxud Ali Sovetin Rəyasət Heyətinin sədri N. Podqornı. Həmkalar İttifaqının sədri A. Şelepinin də ürəyində illərdən bəri Baş katib olmaq arzusu qalmışdı. Münasib məqam gözləyirdi ki, tərəfdaşlarını ətrafına toplayıb Kremldə birincilik uğrunda mübarizədə siyasi fəallığını gücləndirsin. DTK-nın bu sahədəki böyük təcrübəsindən ən çox kim faydalana bilərdi? Əlbəttə ki, Y.V.Andropov. Xəstə də olsa, bunu hamıdan yaxşı elə Brejnev özü bilirdi. Bəlkə ona görə Suslovdan sonra Andropovu öz yanına işə gətirdi?
   
   
   
   * * *
   
   
   
   Y. Andropov 1982-ci ilin ilk günlərindən hakimiyəti ələ almışdı desək, yanılmarıq. Suslov vəfat edəndən sonra meydan ona qalmışdı. Yuri Vladimiroviç çox vaxt Siyasi Büro iclaslarını özü keçirərdi. Hamı bilirdi ki, hakimiyyətdə dəyişiklik artıq labüddür. Əsas məsələ varisin kimliyi və prosesin necə baş verəcəyi idi. Belə bir məqamda Andropovun yenidən Kremlə qayıtması çoxlarının kürkünə birə salmışdı. Hətta Brejnevin sevimlisi Kirilenko zarafatla ona demişdi ki, sən bizim hamımızı burdan pərən-pərən salacaqsan. O dövrdə Kremldə əsas söz sahibləri - müdafiə naziri Ustinov, Mərkəzi Komitə katibi Suslov, Ali Sovetin Rəyasət Heyətinin sədri Podqornı, Mərkəzi Komitə katibi Çernenko vahid namizədlə bağlı yekdil qərar qəbul etməliydilər. Amma seçim etməkdə tələsmirdilər. "Yüz ölç, bir biç" prinsipini əldə rəhbər tumuşdular.
   
   
   
   * * *
   
   
   
   Andropovun Baş katib seçilməsi ölkədə rəğbətlə qarşılandı. Adamlar bütün sahələri bürüyən rüşvətdən, sosial əda-lətsizlikdən, özbaşınalıq, saxtakarlıq hallarından təngə gəlmişdi. Yeni rəhbərin nizam-intizam məsələsinə, qənaətcil olmağa, idarə və müəssisələrdə məsuliyyət hissinin artırılmasına yönələn ilk addımlarını əksəriyyət bəyənirdi və dəstəkləyirdi. Tezliklə bu istiqamətdə aparılan işlərdə bəzi əyintilər nəzərə çarpırdı. Əmək intizamını gücləndirmək adıyla kücələrdə piyadaları, kino-teatrlarda tamaşaçıları saxlayıb sorğu-sual edirdilər, kimliklərini yoxlayırdılar. Cəmiyyətdə repressiya illərinin yeni şəraitə uyğun bir şəkildə həyatımıza daxil olacağı haqda şayiələr yayılmağa başladı. Az sonra Andropovun səhhətinin kəskin şəkildə pisləşməsi, tez-tez xəstəxana şəraitində müalicə alması onun nəzərdə tutduğu səfərbəredici kompaniyaları zəiflətdi, nəticədə bəlkə də xoş niyyətlə başlanan hərəkat demək olar ki, uğursuzluqla bitdi. 15 ay sonra Andropov dünyasını dəyişdi. Vaxtilə Baş katib vəzifəsinə Andropovun namizədliyini irəli sürən Konstantin Ustinoviç Çernenko ölkənin rəhbəri oldu.
   
   
   
   * * *
   
   Hakimiyyət, vəzifə nərdivan kimi bir şeydir. Nərdivana qalxdınsa, işini görəndən sonra mütləq enirsən. Burda qeyri-adi bir şey yoxdur. Əsas odur ki, enəndə yıxılıb əzilməyəsən. Çıxarkən yuxarı pillələrdə elə dayanasan ki, düşəndə torpaq səndən inciyib ayağının altından qaçmasın. Torpağın sürüşməsini istəmirsənsə, gərək sən özün də sürüşkən olmayasan. Bu dünyada əbədi həyat olmadığı kimi, vəzifə kimsənin boyuna əbədi biçilmir. Odur ki, vəzifəni itirmək faciə deyildir. Faciə vəzifədə ikən, nəyinsə naminə şərəfini, ləyaqətini, adam arasına çıxacaq sifətini, dostlarını itirməkdir.

TƏQVİM / ARXİV