adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Qaça-qaça yazayıram

CEYHUN MUSAOĞLU
30619 | 2008-03-15 00:17
Çingiz Aytmatov bilsəydi ki, Azərbaycanda Elnur Astanbəyli var, Qan Turalı var, lap aşağısı Seymur Baycan var, arxasınca qovsaydılar da buralara gəlməzdi. Türk dünyasının azman yazıçısını birköpüklük edib, vurdular divara.
   
   Dilçi alim Nizami Cəfərov və Nizaməddin Şəmsizadə və Firudin Cəlilovun nəzərinə: "azman" türk sözü yox, yarı azərbaycan, yarı ingilis sözüdür. Yəni "az" "azmış" ifadəsinin qısaldılmış forması, "man" isə ingiliscədən kişi mənasını verir. Buradan belə çıxır ki, daha doğrusu, çıxardıram ki, "azman" yolunu azmış kişi deməkdir. Belə kişi də nə vaxtsa mütləq Azərbaycana gəlib çıxmalıydı.
   
   Gəldi, ikiyə bölünmüş yazıçı nəslinin arasında o yana dəydi, bu yana dəydi, o yandan Nobel tortu, bu yandan təhqirəbənzər tənqid sortu cibinə basıb hardan gəlmişdi ora qaytardılar. Azmayanlar gəlişi, azmanlar gedişi ilə hadisə yaradır. Aytmatovun möhtəşəm gəlişi Mirşahinin "uşaqlarla oynayanda hansı hissləri keçirdiniz" sualına verdiyi "mənə dedilər ki, oyna, oynadım" cavabında ilişdi, miskin gedişi isə Qırğızıstan prezidenti Kurmanbek Bakiyevin sərəncamına dəydi. Və...
   
   Rasimgilə şad, Anargilə bəd xəbər: Qırğızıstan prezidenti Kurmanbek Bakiyevin sərəncamı ılə Qırğızıstanın Belçika, Hollandiya, Lüksemburq və Fransadakı səfiri Çingiz Aytmatov geri çağırılıb.
   
   Vəzifədən çıxarılmaq yolunu azanların, vəzifədən getmək, yəni istefa vermək yolunu azmayanların taleyidi. Ağlımı qəzetlərə xərcləməsəydim, Aytmatovun səlahiyyətlərinə xitam verilməsini Azərbaycana səfəri ilə əlaqələndirərdim. Deyərdim ki, hər "Hesabat"dan sonra daha çox tamaşaçının gözündən düşən Mirşahin qırğızıstanlı səfiri sualları ilə gözümçıxdıya salırsa, yazıq Bakiyev ölkəsini, məsələn, Fransada təqdim etməyi Çingiz Aytmatova necə tapşırsın? Yaxud nifrətə köklənmişlərin gözündə hər yazısından sonra daha çox qalxan Qan Turalı yazı başlayandan adını çəkdiyimiz azman yazıçının "manqurt" olduğunu sübüt edirsə, fağır Qırğızıstan prezidenti səfirini bütün qəlibləri dağıdan Hollandiyada necə saxlasın?
   
   Ağlımı qəzetlərə xərcləməsəydim, Qan Turalıya deyərdim "Qan"ı Mirşahinə verib, ondan "Mir"i alsın. Çünki qan tökmək ANS-in təməl prinsipidir. "Mir" isə həm sülhdür, həm də dünya. Tural savaşır ki, sülh olsun, yazır ki, Azərbaycan dünya olsun. Kənddə-kəsəkdə işlənən "Mir" sözünün isə mənim düşüncəmə dəxli yoxdu. Bu ayama seyidliyi göstərirsə, seyidlik də dilənçiliyin ali formasıdır. Seyidlərin alqışı qarğışa, qarğışı alqışa oxşayır...
   
   Uzaq getdim, eləmi?.. Yəni Aytmatovun qət eləmək istədiyi məsafədən də uzaq oldu?.. Mən Mərəzəyə, Perimbelə getdim. Aytmatov isə Stokholm arzusundadır...
   
   Yazını bitirə bilmədim. Səbəb: Aqil Abbas otağa daxil oldu və qısa diskussiya jurnalistikada olduğuma artıq yüz mininci dəfə məni peşman etdi.
   
   - Bala, qəzetimə güc qoymursan, uşaqları yaxşı işlət.
   
   - Aqil müəllim, çətindi. Onların ictimai-siyasi proseslərdən qəti xəbərləri yoxdur.
   
   - Yoxdur, başqa işçilər tap.
   
   - Daha reportyor qalmayıb. Bir neçə peşəkar isə qəzetlər arasında bölünüb.
   
   - Onlar orada nə qədər pul alırlar ki?
   
   - "Ədalət"dəkindən çox alırlar... Aqil müəllim, vallah, fiziki mənada gücüm çatmır. Bilirsiniz, mən çoxdandır qaça-qaça yaşayıram...
   
   
   
   P.S."Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin bıçaqlanması fəlsəfəmdə dəyişiklik etdi. Daha qaça-qaça da yaşamaq olmur. Hara qaçırsan? Qabaqda iki nəfər, arxada iki nəfər.
   
   Aqil Xəlili Apellyasiya Məhkəməsi qarşısında bıçaqlayanlar bütün dünyaya bəyan etmiş oldu: apellyasiya şikayəti qəbul olunmur. Həmkarımızı bir tin aşağıda, bizim düşüncəmizə görə, dəli Möhəbbətəlinin gözləri qarşısında həm də ona görə bıçaqlamadılar ki, hadisə dəliyə pis təsir edər. Bizim məmləkətdə qanun belədir: adamı dəli edib, sonra ona hörmət qoyurlar.

TƏQVİM / ARXİV