Yerevanı qarızdıranlar tapıldı

ETİBAR CƏBRAYILOĞLU
49008 | 2008-03-15 00:17
Xeyli vaxtı Yerevanda ara qarışıb, məzhəb itib. İt yiyəsini, camaat prezidentini tanımır. Serj Sarkisyanı it yerinə qoyan yoxdu, hələ mən Robert Koçaryanı demirəm. Fövqəladə vəziyyət, top-tüfəng, polis dəyənəyi də hökumətə kömək etmir. İqtidar müxalifətin, müxalifət isə iqtidarın anasını sözdə yaş yuyub quru sərir. Oralarda söyüşün biri bir qəpikdəndir. Hərdən lap pulsuz da olur.
   
   İndi dünyanın bir xeyli dövləti Ermənistandakı vəziyyəti müzakirə edir, çıxış yolları axtarır. Beynəlxalq təşkilatların nümayəndələri Yerevan yolunu yağır ediblər. Amma çıxış yolu tapmaq mümkün olmur, çünki ermənilər elə bir zibil qaynadıblar ki, nə özləri, nə əcnəbi diplomatlar baş açmırlar.
   
   Bizim politoloqlar da dinc durmurlar, prezident seçkilərindən sonra Yerevandakı ictimai-siyasi vəziyyəti eninə-uzununa təhlil edir, proqnozlar verirlər. Güclü futbolçularımız olmasa da görkəmli politoloqlarımız çoxdu. Nə işdirsə politoloq kimi görünmək indi biz tərəflərdə dəbə minib. Ginekoloq da, texnoloq da, kinoloq da politoloq qismində efirə çıxır, qəzetlərdə palaz-palaz müsahibələr verirlər. Amma heç biri incə bir məsələni vurğulamırlar. Görünür ki, politoloqların heç biri əsas məsələyə diqqət etməyiblər. Gərək onların diqqətini həmin vacib məsələyə yönəldim. Politoloq olmayanda adamın sözü keçmir?
   
   Ermənilər özlərinə təzə prezident seçən ərəfədə Azərbaycanda maraqlı bir hadisə baş verdi, yekə bir hay-küy düşdü. Narahat olmayın, siyasi məsələ deyildi. Bu dəfə də şou-biznes aləmi çalxalandı. Qəzetlərimiz erməni saytlarında açıq-saçıq şəkilləri yerləşdirilən müğənnilərimiz barədə yazdılar, siyahı dərc etdilər. Siyahıda kimlər yox idi - Aygün Kazımova, Röya, Rəqsanə, Bagira, Cəmilə...
   
   Barmağımı dişlədim, şou-biznes nümayəndələrinin həmin görüntüləri niyə məhz indi, Yerevanda vəziyyətin qarışdığı bir zamanda yayıldı? Çoxları, lap elə politoloqlar deyirlər ki, bizim müğənnilərin erməni saytlarında yayılan yarımlüt şəkillərinin Serj Sarkisiyanla Levon Ter-Petrosyanın kreslo savaşına nə aidiyyatı var? Mən belə hesab edirəm ki, var!

TƏQVİM / ARXİV