adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

KOROğLUNUN GORUS SƏFƏRi

VAHİD ƏLİFOĞLU
29234 | 2008-03-08 02:48
(Davamı)
   
   
   
   
   
   Nigar xanım qırx incəbel qızın əhatəsində dayanmışdı. Çox bikef idi. Bikef idi ona görə ki, Dəli Həsən ağzından qaçırtmışdı ki, bəs gecə Koroğlu Siranuşla qalıb. Koroğlu sözünü bitirib meydanda var-gəl etdi, gəldi Nigar xanımın hüzuruna və dedi:
   
   - Canım Nigar, bəlkə bir-iki kəlmə də sən deyəsən. Nigar xanımın kefi lax dadısa da xəyalından keçdi ki, bildiyini üstüörtülü Koroğluya çatdırsın. Saçından üç tel ayırıb sıxdı sinəsinə, aldı görək "Amma anam bilməsin" mahnısı üstə nələri xırdaladı:
   
   
   
   Səfər etsən hansı elə,
   
   Sirrini bilən olmasın.
   
   Tez düşərsən hərzə dilə
   
   Sirrini bilən olmasın.
   
   
   
   Xəbər gəldi xəbər üstən,
   
   Sevinc altdan, kədər üstdən.
   
   Elə keçki çəpər üstdən,
   
   Sirrini bilən olmasın.
   
   
   
   Özgə malın yanlasan da,
   
   Üzə vurma anlasan da.
   
   Yad hinində banlasan da,
   
   Sirrini bilən olmasın.
   
   
   
   Nigar deyər, yarını üz,
   
   Ağ sinənin qarını üz,
   
   Almasın ət, narını üz,
   
   Sirrini bilən olmasın.
   
   
   
   Hərçənd ki, tut arağı Koroğlunu "götürmüşdü", ancaq Nigar xanımın hansı simə vurduğunu əla anladı. Bir az pərt olsa da üzə vurmadı. Aşıq Cünun arif adam idi. Ortalıqdakı "sərinliyi" hiss edib yaxınlaşdı Koroğluya:
   
   - Can Koroğlu, bəlkə axırıncı çəkdirdiyim klipi qoyum baxaq...
   
   Koroğlu əlini yelləyib qalxdı yataq otağına...
   
   Biz dastanın bu qolunda Eyvazın toy mərasmini təsvir etmək fikrindən vaz keçirik. Əvvəla bu etik normalardan kənardı. İkincisi də həmin toyda Koroğlunun şəxsi göstərişi ilə kamera, fotoaparat qadağan olunmuşdu. Toy məxfi və qapalı keçirilmişdi. Sızıb gələn məlumatlardan bəlli olur ki, toyda beş minə yaxın qonaq olub. Toyda Elariz, Nadir Bayramlı, Aygün Kazımova və Namiq Qaraçuxurlu, eləcə də aşıq Zülfiyyə şəxsən iştirak ediblər. Bir mənbə toyun Murad Dadaşov, digər mənbə isə Yusif Ağayevin idarə etdiyini iddia edir. Hər nə isə. Allah mübarək etsin...
   
   Otuz il keçdi.
   
   Koroğlu qocalıb əldən düşmüşdü. Çənlibeldə Nigar xanımla birlikdə aldıqları pensiya ilə pis-yaxşı dolanırdılar. Dəlilər də dağılışıb getmişdilər... Koroğlu əsasına dirənə-dirənə yendi Qubadlı yoluna. Yolun kənarında əyləşib qəlyanını odladı. Bir az keçmişdi bir tank Qubadlı tərəfdən nərildəyə-nərildəyə gəldi, düz Koroğlunun tuşunda dayandı. Tankın "lüku" açıldı, enlikürək, bığıburma bir dığa düşüb gəldi Koroğlunun yanına və dedi:
   
   - Kişi, bir od ver, siqaretimi yandırım. Koroğlu alışqanı uzatdı dığaya, dığa siqareti yandıra-yandıra gördü ki, kişi ona çox diqqətlə baxır. Siqareti yandırıb soruşdu:
   
   - Nədi qoca? Tanış gəlirəm?
   
   Koroğlu dığadan gözünü çəkib dedi:
   
   - Xınzirəkli Siranuşun oğlu deyilsən?
   
   Dığa təəccüblə:
   
   - Elədi ki, var. Sən hardan bilirsən bunu?
   
   - Heç ay bala, heç. Soruşmaq ayıb olmasın, bu tankla hara belə?
   
   Dığa gülə-gülə çıxdı tankın belinə və dedi:
   
   - Gedirəm Qarabağa, qoca...
   
   Tank uzaqlaşdı. Koroğlu əllərini dizinə dirəyib ayağa qalxdı. Üz tutdu Çənlibelə sarı və gedə-gedə dedi:
   
   - Ay gidi dünya, sənin axırın deyil, bəs nədi? Özümüz əkdiklərimiz özümüzə qənim çıxdı...
   
    SON

TƏQVİM / ARXİV