MƏNi BAğIŞLAMAQ OLARMI?..

ƏBÜLFƏT MƏDƏTOĞLU
33998 | 2008-03-08 02:47
Bilmirəm, heç nə qədər də fikirləşirəm səbəbini müəyyənləşdirməyə də gücüm çatmır, amma hər nədəndisə son aylar sanki ürəyimə nəsə damıbdı, ancaq Səni fikirləşirəm. Fikrim-zikrim yanındadı. Hansı işi görürəmsə, nəyin qulpundan tutmaq istəyirəmsə gəlib durursan gözlərimin qarşısında. Gözlərini zilləyirsən gözlərimə. Elə bil sorğu-sual edirsən...
   
   Soruşursan ki, yenə ağrayıram?.. Soruşursan ki, yenə problemlərin var?.. Soruşursan ki, nə oldu oğlunun məsələlərini həll etmədin?,, Soruşursan ki, evi qaydaya saldın, hasarın uçan yerini hördürdün?,,
   
   ...Gözlərin soruşur hər şeyi. Mən isə susuram. Danışmağa, cavab verməyə özümdə cəsarət tapmıram. Utanıram gözlərindən gizlənmək istəyirəm gözlərimi... Çünki borcumu heç cürə ödəyə bilmirəm. Gizlincə əllərinə baxıram, titrəyən, qırış-qırış əllərinə. O qırışların bircəsinin də əvəzini qaytara bilməmişəm. Gözlərinin, sifətinin büründüyü qırışları oxumaq istəyirəm. Bacarmıram... onların da hamısı mənim günahımdı. Kaş bircəciyini silə biləydim, dəyişə biləydim... Kaş tellərinin bircəciyinin ağarmasının qarşısında sipər ola biləydim. Amma nə fayda. Bunların heç birini edə bilmədim, heç birinə gücüm çatmadı. Eləcə yekə-yekə özümü oğul saydım. Adına şer yazdım, öyündüm. Anam var deyib, özümə təsəlli verdim. Nə vaxtsa saçların üçün bir İran xınası aldığımı, çayın üçün mixək, darçın, zəncəfir, hil, tay nə bilim hansısa ədviyyatlar aldığımı duşunub öz-özluyumdə qürurlanıram, amma bilmədim ki, bunlar sənin yuxusuz gecələrinin, qayğılı anlarının, qabarlı əllərinin, ağaran saçlarının, gün yandıran çöhrənin önündə qarşılıq kimi heç nədi... heç iynə ucu boyda da nəsə deyil. Amma mən bununla özümə təsəlli verib, səfehcəsinə öyünmüşəm. Bax, bunları düşündükcə tüstüm təpəmdən çıxır. Oğul haqqının ödənilməməsinin yuku altıında vücudum büzüşüb yumağa dönür və düşünürəm ki, görəsən məni bağışlamaq olarmı?..
   
   Evdə qızlarım böyüyür. Bir-biri ilə pıçıltılarını, söhbətlərini hərdən qulağım qırıq-qırıq da olsa eşidir. Onlar da özləri üçün otaq umurlar... Onlar da özlərinin ayrıca dolabları, güzgüləri olmasını istəyirlər... Onlar da həmyaşıdları kimi geyinmək, nazlanmaq, süslənmək istəyirlər... Onların da könlündən nələrsə gəlib keçir, hətta iş o yerə çatır ki, bəzən balaca qızım böyüyə irad tutur və deyir:
   
   - Bəsdi də bacı, görmürsən atam ağrıyır, pulu yoxdur da, nə istəyirsən.
   
   Sınıram, çilik-çilik oluram içimdə. Fidanların arzularına işıq sala bilmədiyim üçün...

TƏQVİM / ARXİV