adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

iran Yazıçılar Birliyi

15979 | 2008-03-08 02:47
Əksər ölkələrdə olduğu kimi, despotizmin, şovinizmin, qaragüruhun hökm sürdüyü İranda da Yazıçlar Birliyi var. İran Yazıçılar Birliyi mübariz ictimai institutdur. 40 ilə yaxındır fəaliyyət göstərir. Burada ölkənin nüfuzlu yazıçıları təmsil olunur. Onları yalnız ədəbiyyat marağı yox, həm də ətrafda baş verən hər şeyə cəsarətli münasibət birləşdirir.
   
   Məsələn, 2006-cı ilin noyabrında Tehranın məşum və məşhur Evin həbsxanasında siyasi məhbusların başqa məhbuslara döydürülməsi, Tehranın Sərnişin Avtobus-Nəqliyyat Şirkətinin Fəhlə Həmkarlar İttifaqının rəhbəri Mənsur Osanlunun küçədə təhlükəsizlik qüvvələri əməkdaşları tərəfindən döyə-döyə, zorla tutulub naməlum istiqamətə aparılması İran Yazıçılar Birliyinin sərt etirazına səbəb oldu. Baş verən hadisələrlə bağlı İran Yazıçılar Birliyi dərhal aşağıdakı məzmunda bəyanat verdi: "Hörmətli vətəndaşlara məlum olduğu kimi, son vaxtlar hökumətin bir qrup adi məhbusu Evin həbsxanasında siyasi məhbusların yanına köçürməsi həmin həbsxanada olan siyasi məhbuslarda kəskin narazılıq yaradıb. Nəticədə adi məhbuslar siyasi məhbuslara hücum çəkərək, onları vəhişəcəsinə döyüblər. 1998-ci ildə qətlə yetirilmiş dissident yazıçıların ailələrinin müdafiəsini öz üzərinə götürmüş hüquq müdafiəçisi Nasir Zərəfşan da döyülənlər arasındadır. Bir neçə ay əvvəl isə 150 milyon tümən (150 min dollar) məbləğində pulun müqabilində zaminə buraxılan Tehran Avtobus-Nəqliyyat Şirkətinin Fəhlə Həmkarlar İttifaqının sədri Mənsur Osanlu küçədə təhqir olunub, döyülüb və yenidən həbs edilib. İran Yazıçılar Birliyi gün-gündən geniş vüsət alan və insan haqlarına zidd olan bu antidemokratik hərəkətləri pisləyir, öz etirazını bildirir".
   
   Başqa bir örnək. 2007-ci il fevralın 24-də İran Yazıçılar Birliyi növbəti dəfə ölkədəki siyasi repressiyalara qarşı etiraz səsini ucaltdı: "Son həftələrdə ölkədə aparılan siyasi repressiyalar xalqımızın taleyini ciddi təhlükələrlə üz-üzə qoyub. İranın bir sıra əyalətlərində, o cümlədən, Xuzistan, Kürdüstan və Bəluçistanda siyasi fəallara çıxarılan edam hökmləri inanılmaz dərəcədə artıb. 2000-ci ildən zindanda saxlanılan siyasi məhbus Əhməd Batebinin səhhəti son dərəcə acınacaqlı və təhlükəlidir. Yazıçılar Birliyi Batebinin və digər siyasi məhbusların dərhal sərbəst buraxılmasını və onların təcili müalicəsi üçün şərait yaradılmasını tələb edir. Biz, tələbə qəzet və jurnallarına qarşı kəskin senzuranın tətbiqi, yazıçı və jurnalistlərin kütləvi şəkildə inqilab məhkəmələrinə cəlb olunmasını pisləyirik. Eyni zamanda son vaxtlar İranın mütərəqqi yazıçılarına, siyasət və mədəniyyət xadimlərinə qarşı təzyiqlərin geniş vüsət alıb, mülki geyimli şübhəli şəxslər İran yazıçılarını və digər ziyalıları küçədə saxlayır, vəhşicəsinə döyür, ölümlə hədələyirlər. Biz hökuməti bütün bu qeyri-insani hərəkətlərə son qoymağa çağırırıq".
   
   Daha bir örnək. Yenə keçən ilin "16 Azər" (7 dekabr) tələbə günündə İranın müxtəlif şəhərlərində molla rejiminə qarşı etiraz aksiyaları keçirildi. Bu aksiyalar zamanı ölkənin müxtəlif şəhərlərində tələbələr kütləvi şəkildə həbs olundu. İran Yazıçılar Birliyi dərhal bəyanat verib, bu həbsləri pislədi: "Tələbə günü ərəfəsində 20-dən çox fəal tələbə evdə, küçədə, universitet qarşısında, iş yerlərində həbs olunub. Bu tələbələrin vəkili Nasir Zərəfşan da tutulub. Təhlükəsizlik qüvvələri tələbələri aksiya keçirməyə çağırışda günahlandırır. Biz, 50 ildir imperializm, zülm və zülmkarlara qarşı mübarizə simvoluna çevrilmiş "16 Azər" tələbə gününü qiymətləndirərək həbs olunmuş tələbələrin dərhal azadlığu buraxılmasını tələb edirik".
   
   İran Yazıçılar Birliyinin belə etiraz dolu bəyanatlarının sayı-hesabı yoxdur. Təkcə onu demək kifayətdir ki, son iyirmi ildə İranın irtica rejiminin hədəfində olan əsas ictimai qüvvələrdən biri məhz İran Yazıçılar Birliyidir. İndiyədək təşkilatın onlarla üzvü həbs olunub, azadlıqda və ya həbsxanada müəmmalı şəkildə dünyasını dəyişib. Bu fədakar Yazıçılar Birliyinin keçdiyi məşəqqətli və mübariz yola nəzər salanda bir daha əmin olursan ki, yazıçının inqilabi borcu təkcə yazmaq deyil, həm də ətrafındakı haqsızlığa qarşı barışmaz olmaqdır.

TƏQVİM / ARXİV