hacklink Adalet.az | ÜMİDİNİ İTİRƏN NADEJDA Adalet.az | ÜMİDİNİ İTİRƏN NADEJDA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ÜMİDİNİ İTİRƏN NADEJDA

17102    |   2008-03-08 02:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ən böyük adamların da ən zəif yeri həmişə ailədir. Formal anlamda ailə qurmaq, demək olar ki, hamıya nəsib olsa da, ailəyə sahib çıxmaq, həqiqi ailə səadətinə qovuşmaq, qoşa qarımaq hər kəsin bəxtinə yar olmur. Hakimiyyət zirvəsini fəth edən qəhrəmanların da ailə həyatı birmənalı olmayıb. Bu qəbildən oxuculara təqdim edəcəyim ilk yazı seçilmişlərdən birinin könül verdiyi bakılı xanım haqqında olacaq.
   
   İosif Vissarionoviç Cuqaşvilinin evləndiyi ilk qadın Yekaterina Svanidze olub. O, kəndli ailəsində böyümüşdü. Gürcü qızlarına xas olan xarakterik sifət cizgiləri, diqqət cəlb edən qədd-qaməti, ədəb-ərkanı, özünü aparmağı bacarmaq qabiliyyəti ilə fərqlənirdi. Belələri ailə həyatının mənasını ərinə sədaqətdə, onun hər istəyini yerinə yetirməkdə, sağlam uşaqlar böyütməkdə, ana olaraq ailədə milli adət-ənənələri yaşatmaqda görürlər. Uşaqlıq dostlarından adaşı İosif İremaşvili xatirələrində yazır ki, Katya ərinə ilahi qüvvə kimi baxırdı. Allahın lütfüylə sonra onların oğlu oldu. Gənc ana heç təsəvvür edə bilməzdi ki, Rusiyada inqilab olacaq, bolşeviklər hakimiyyəti ələ keçirəcək və dünyaya yenicə göz açan Yakovun atası böyük bir dövlətin rəhbəri olacaq. Amma olacaqlardan xəbərsiz zavallı qadın 1909-cu ildə tif xəstəliyindən vəfat etdi. Soso Cuqaşvili uzun müddət tək qaldı. İnqilabi fəaliyyət onun başını elə qatmışdi ki, evlənmək yadına düşmürdü. Lakin gün gəldi, o da artıq oturaq həyat tərzinə keçdi və dəstədən geridə qalmamaq üçün təkliyin daşını atmaq istədi. Axı, Leninçi qvardiyada hər kəsin yanında onunla həmfikir olan ömür-gün yoldaşı vardı. Tiflisdə yaşayan anası məsləhət gördü ki, gəlsin Qoriyə, bəyəndiyi qızı alıb aparsın Moskvaya. Amma oğlunun buna nə vaxtı var idi, nə də həvəsi. Koba (inqilabi ləqəbi-E.B.) artıq böyük adam olmuşdu, Gürcüstana gəlib arşınmalçılıq eləmək ona yaraşmazdı. Qəribə də görünsə, 39 yaşlı Stalin axtardığı səadətini Piterdə, elə yaşadığı evdə tapdı. O vaxtlar İosifin öz mənzili yox idi. İnqilab dövrünün tanınmış simalarından olan Sergey Alliluyevın yanında qalırdı. On-lar hələ Bakıda inqilabi fəaliyyətlə məşğul olan vaxtdan dost idilər. Nadya da 1901-ci ildə Bakıda anadan olmuşdu. Bir dəfə Xəzər sahilində dincələndə Sergeyin ləpədöyəndə oynayan balaca qızı az qala sulara qərq olacaqdı. Soso (dostları cavanlıqda Stalinə belə müraciət edərdilər.-E.B.) cəld tərpənib körpəni son anda dalğaların qoynundan çıxarmasaydı, bəlkə də həmin gün Nadya Xəzərdə boğulacaqdı. İllər sürətlə ötüb keçdi. Nadya böyüyüb boya-başa çatdı. Gimnaziyada təhsil alırdı. Aralarında böyük yaş fərqi olsa da, bu izdivac niyə də mümkün olmasın, deyə Koba düşünür, istəyinə nail olmaq üçün kəsə yollar axtarırdı. Hər şey yazışmaqla başladı. Kobanın sevgi məktublarını Nadyaya Buxarin ötürərmiş. Günlərin birində axır ki, istəyinə nail oldu. Onlar ailə qurdular, sevgi-məhəbbət dolu günlər yaşadılar. Kim bilərdi ki, on beş il öncə Bakıda balaca Nadyanın xilaskarı, evlilikdən on beş il sonra Moskvada Nadejdanın intiharının səbəbkarı olacaq...
   
   Stalin yeni həyat yoldaşıyla yeni ünvanda yaşayırdı. Petroqraddan Moskvaya daşınan mərkəzi hökümət Kremldə yerləşirdi. Bura onların həm iş, həm də yaşayış yeri idi. 1921-ci ildə Stalin ikinci dəfə oğul atası oldu. Körpənin adını Vasili qoydular. Beş il sonra isə Svetlana dünyaya gələcəkdi. Nadejda Leninin katibliyində çalışırdı. Sonralar Nadya "Revolyusiya və kultura" jurnalının redaksiyasında işə düzəldı. Bütün günü dörd divar arasında oturmaq ona cansıxıcı gəlirdi. Uşaqlarını dayələrin və hər şeyə göz qoyan çekist qorumaların ümidinə buraxıb söz-sirr saxlamağı bacaran işgüzar qadın kollektivdə isləməyə, təhsilini artırmağa üstünlük verirdi. Bu arada ilk baxışda ağlasığmayan hadisə baş verdi. 1918-ci ildən partiya üzvü olan Stalinin həyat yoldaşını partiya sıralarından xaric etdilər. Səbəb kimi onun ictimai passivliyi göstərilirdi. İş o yerə çatdı ki, proletariatın dahi rəhbəri sayılan Vladimir İliç Lenin şəxsən onun müdafiəsinə qalxdı, partiya sıralarına bərpa olunmasını xahiş etdı. Buna baxmayaraq, məsələ yalnız 3 il sonra müsbət həllini tapdı. 1924-cü ildə Nadyanı partiya sıralarına bərpa edirlər.
   
   Nadya çox təvazökar xanım idi. Sənaye Akademiyasında təhsil alarkən ictimai nəqliyyatla dərsə gedib-gələrdi. Kremlin qarajındakı maşınlardan istifadə etməzdi. İşləyirdi ki, gündəlik xərclərini özü qarşılaya bilsin. Hamı onu mehriban, ədalətli, rəhmli insan kimi tanıyardı. Onun Soso ilə münasibətləri ayrı-ayrı dövrlərdə fərqli olub. Vaxt var idi Stalin bir çox məsələlərdə Nadya ilə məsləhətləşər, fikirləri ilə hesablaşardı. 1929-cu ildə Soçidə dincələn ərinə yazdığı məktubda xəbər göndərir ki, "Pravda" qəzetinin müxbiri Kovalyovu nahaqdan ləkələyib partiya sıralarından çıxarmaq istəyirlər. Məktubun sonunda belə bir cümlə də vardı: "Əgər mümkünsə, mənə 50 rubl göndər, evdə qara qəpiyim də qalmayıb."
   
   Stalin ona təcili 120 rubl göndərir. Molotovla Orjenikidzeyə ultimativ şəkildə göstəriş verir ki, jurnalist Kovalyovu rahat buraxsınlar. Amma həmişə belə olmurdu. Getdikcə Nadejdanın el içindən gətirdiyi obyektiv xəbərləri Stalin xalq düşmənlərinin qərəzli sözləri kimi dəyərləndirirdi, onu əks-inqilabçıların təsirinə mübtəla olmaqda günahlandırırdı. Bütün bunlara baxmayaraq, Nadejdanı cox sevərdi. "Səninlə yaşamaq mümkün deyil, amma sənsiz yaşamaq da həyat deyil." Bu sözləri günlərin birində Stalin sevimli həyat yoldaşına demişdi.
   
   Əks-inqilabçı imperializmin agenti, təxribatçı ovu ölkədə getdikcə güclənirdi. Akademiyada onunla birlikdə təhsil alan səkkiz nəfər kurs yoldaşını qəflətən həbs etmişdilər. Bu xəbərdən sarsılan Nadejda NKVD-nin rəhbəri Yaqodaya zəng edir. Günahsız tələbələrin azadlığa buraxılması barədə göstəriş verməsini xahiş edir. Yaqoda rəhbərin xanımını sakitcə dinləyib bu məsələyə təəssüfləndiyini, fəqət əlindən bir şey gəlmədiyini söyləyir. Çünki həbs edilənlər kamerada naməlum infeksiyaya yoluxub artıq ölmüşdülər. Nadya onun cavabından dəhşətə gəlir. NKVD zirzəmilərində o illərin ən böyük yoluxucu infeksiyası insanlara verilən dözülməz işgəncələr idi. Buna tab gətirməyib nə qədər adam casus, yaxud inqilab düşməni olduğunu "etiraf" etmişdi. Belə hallarla üzləşməsi və heç cür barışa bilməməsi əriylə münasibətlərini getdikcə dözülməz edirdi.
   
   
   
   ***
   
   1932-ci ilin noyabrında Oktyabr inqilabının 15 illiyi qeyd olunurdu. Bayram tədbirləri bir-birini əvəz edirdi. Bütün tədbirlər, o cümlədən protokol üzrə dəvət olunan qonaqlar üçün rəsmi ziyafət başa çatandan sonra Kremlin sönməyən ulduzları Kliment Yefremoviç Voroşilovun evində yığışmışdılar. Yenə növbəylə sağlıqlar deyilir, sədaqətdən dəm vurulur, xoşbəxt gələcəyin qurucularına böyük uğurlar arzulayırdılar. Hərdən "vətən xainlərinə" qarşı daha amansız olmaq çağırışları da səslənirdi. Tez-tez təkrarlanan əzbərlənmiş söz yığınına dözməyən Nadejda Sergeyevnanın yerlərdəki real vəziyyətlə bağlı söylədiyi hansısa fikir Stalinin xoşuna gəlmədi. Sözləri çəp gəldi, rəhbər əsəbləşib özündən çıxdı, hamının yanında xanımını alçaltdı. Nadejda ona ünvanlanan təhqirləri udub Voroşilovun ocağını gözüyaşlı tərk etdi. İosif Vissarionoviç üçün isə məclis təzəcə qızışırdı. Zarafat deyildi, öz əlləriylə qurduqları dövlətin 15 yaşı tamam olurdu. Sabaha kimi şənlənməyə, əylənməyə səbəb, imkan və vaxt var idi...
   
   
   
   ***
   
    1932-ci il noyabr ayının 9-na keçən gecənin səhəri Alliluyevanı yataq otağında qan içində yerdə uzanan vəziyyətdə gördülər. Bir tapança da vardı yanında. Sonra bu hadisəylə bağlı o qədər fərziyyələr səsləndi ki... Nadejda solaxay deyildi. Amma güllə onun sol gicgahına dəymişdi. Bəs, onda qardaşı Pavelin bağışladığı "Valter" markalı tapançadan atəş açan kim idi? Bu, özünə qəsd idi, yoxsa sui-qəsd? Bu, intihar idi, yoxsa intiqam? Kreml xəstəxanasının baş həkiminin müavini Lev Qriqoryeviç Levinin qızı xatirələrində yazır ki, Poskrebışev (Stalinin köməkçisi.- E.B.) zəng eləyıb atasını Alliluyevanın vəfatıyla əlaqədar hazırlanan aktı imzalamaq üçün təcili yanına çağırıb. Aktda göstərilirdi ki, Nadejdanın ölümünə səbəb kor bağırsağının iltihabı olub. Levin də Kreml xəstəxanasının baş həkimi A.Kanel, və məsləhətçi professor D.Pletnyov kimi saxta aktı imzalamaqdan boyun qaçırıb. Hippokrat andına və insanlıq borcuna sadiq qalan bu adamların sonrakı aqibəti sizcə necə ola bilərdi? Baş həkim bir müddət sonra vəfat etməklə, canını da olmasa, adını ləkələnməkdən qurtarıb. Levin və Pletnyov isə çoxsaylı "xalq düşmənləri"nin sıralarına daxil edilib.
   
   Rəsmi qəzetlərdə gedən məlumatlarda deyilirdi ki, Nadejda Alliluyeva-Stalin qəfildən vəfat edib. Heç bir səbəb göstərilmirdi. Nekroloqu Siyasi Büro üzvləri, eləcə də Molotovun, Orqenidzenin, Kaqanoviçin, Postışevin, Mikoyanın xanımları imzalamışdı.
   
   Gözlənilmədən başınn üstünü alan kədər buludları o gecəki şənliyin sevinc alovunu bir anda söndürdü. Stalin xanımının ölümündən yaman sarsılmışdı. "O, gərək məni, uşaqları belə mürəkkəb vəziyyətdə tək qoymayaydı," - deyirdi. Bəs, dünyadan nakam köçən xanım özü nə demişdi? Nadejdanın ölümqabağı yazdığı vida məktubu əgər həqiqətən olmuşsa da, onu İosif Vissarionoviçdən başqa yəqin kimsə oxumadı. Haqqında çox danışılsa da heç bir dövlət və ya şəxsi arxivdə o məktubun izi-tozu tapılmadı. 1932-ci ildə 22 yaş özündən cavan həyat yoldaşını itirən İosif Vissarionoviçin öz ömrü 21 il, Stal dövrü isə düz 22 il davam edəcəkdi.
   
   
   
   ***
   
   Tiflisdə yaşayan ağbirçək anasına yazdığı məktubların birində cəmi üç cümləylə ifadə olunan bir fikir diqqətimi xüsusilə cəlb etdi. Bu sətirləri oxuyanda mən anladım ki, Nadejda itkisi Stalin üçün ailə faciəsi olmaqla bərabər, həm də nə qədər böyük sarsıdıcı zərbə idi.
   
   "Nadejdanın vəfatından sonra mənim şəxsı həyatım ağırlaşıb. Soruşursan ki, necə yaşayıram. Mən yaşamıram, işləyirəm".
   
   Nadejdanı Novodeviçye qəbiristanlığında dəfn etdilər. A.Rubin adlı mühafizəçi xatirələrində yazır ki, İosif Vissarionoviç bəzən gecələr qəbiristanlığa gələr, Alliluyevanın məzarı başında dinməz-söyləməz skamyada oturub xeyli fikrə dalardı...
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK