adalet.az header logo
  • Bakı 19°C

Ağlar-güləyən və yaxud əksinə

20358 | 2008-03-08 02:46
Əgər "Azərbaycan qadını" anlayışına nümunələr gətirməli olsaq, yəqin ki, birinci çəkilən adlar arasında onun da adı olacaq. Azərbaycanın, sözün əsl mənasında Xalq artisti, unudulmaz sənətkar Nəsibə Zeynalova. Onun haqqında bu gün, xanımlar günündə yazmaq, xatırlamaq və xatırlatmaq istəyirəm. Həm də istəyirəm onun haqqında xanımlar, qadınlar bayramında bu yazımı ingilis dramaturqu Bernard Şounun aforizmi ilə başlayam. Çox zaman bunlara şou paradoksları da deyirlər. Dramaturq deyir ki, hətta biz öləndə belə həyat gülməli olaraq qalır və əksinə, biz güləndə belə, həyat ciddi olaraq qalmaqdadır. Doğrudan da parodoksdur! Axı necə ola bilər, öləndə gülməli, güləndə ağlamalı? Məgər bunlar ayrı-ayrı, özü də bir-birinə ziddiyyət təşkil edən anlamlar deyil? Elədir! Amma sən demə, ziddiyyətlərin də barışan məqamı var. Sadəcə onu görmək lazımdır.
   
    Vaxt vardı mən də əksər gənc jurnalist həmkarlarım kimi kəskin, qaranlıq, müəmmalı mövzulara müraciət etməyi xoşlayırdım. Məsələn, intihar. Bir dəfə bu mövzu üzərində işləyəndə, statistik göstəricilər axtarıb əldə etdim və məlum oldu ki, Azərbaycanda ən çox intihar halları gənc ailəli qadınlar, evin gəlinləri arasında baş verirdi və əksəriyyət də intiharın ən ağır növlərindən birinə, özünü yandırmağa əl atırdı. Belə dəhşətli ölümlərin, demək olar ki, yüzə yüz faiz səbəbi, evdə qaynana ilə yola getməmək olurdu. Başqa xalqları bilmirəm, amma azərbaycanlılar üçün bu, həmişə ənənəvi bir problem olub və bəzən çıxış yolu kimi gəlinlər, evin xanımları bu növ son dərəcə əlacsız, faciəli vasitələrdən istifadə edirlər. Elə bizim klassik ədəbiyyatımızda da bu problemin ən müxtəlif şəkildə təcəssümünə saysız misallar gətirmək mümkündür. Amma 60-cı illərin əvvəllərində səhnə sənətində bir surət meydana gəldi və buna qədər gəlin-qaynana təsəvvürümüzü tamamilə alt-üst elədi. Sən demə, bu növ ağrılı problemin içində həyat yenə də özünün məzəli sifətini, gizli də olsa, qoruyub saxlayırmış. Sən demə, buna gülmək də olarmış. Çünki bu da həqiqətdir! Başqa xalqları deyə bilmərəm, amma bizim, biz azərbaycanlıların gözünü bu həqiqətə açan, elə bil hamımızın nəzərini birdən, hamılıqla döndərib bu həqiqətin yerləşdiyi məkana yönəldən Azərbaycanın Xalq artisti Nəsibə Zeynalova olub. Qaynana surəti ilə.
   
   Onu bəzən "Azərbaycan səhnəsinin qaynanası" adlandırırlar. Bu epiteti yalnız bircə şərtlə qəbul etmək olar. Əks təqdirdə biz onun hədsiz dərəcədə çoxşaxəli, zəngın yaradıcılığını məhdudlaşdırmış olarıq. Bəlkə də yüzlərlə aktrisa üçün Qaynana kifayət edərdi ki, sənət tarixinə həmişəlik öz adını yazsın, əbədiləşsin. Amma Nəsibə Zeynalova yox! O, daha böyükdür. Onun aktrisa kimi imkanları daha geniş idi. Sadəcə olaraq o, qaynana surəti ilə söhbətimizin başlanğıcında gətirdiyimiz aforizmdəki böyük həqiqətin təsdiqini bizə görk etdirdi. Hətta ölümdə belə həyat məzəli, hətta güləndə belə həyat ciddidir. Bunun üçün onun başqa bir tamaşada oynadığı Qaynananı misal gətirmək lazımdır. Cəfər Cabbarlının "Dilbər" hekayəsi əsasında hazırlanmış televiziya tamaşasında Nəsibə xanımın oynadığı Qaynana elə həmin surətdir. Bircə fərqlə, burda hadisələr faciə ilə nəticələnəcək, Məcid Şamxalovun "Qaynana"sında isə xoşbəxt sonluqla. Süyetlər ayrıdır. Surət isə eyni.
   
   Onun atası Azərbaycan teatrının yaradıcılarından, Bakıda ən hörmətli, sözükeçən kişilərdən biri olub. O, varlı, mülkədar idi. Hətta onun haqqında belə bir söhbət danışırdılar ki, bir dəfə ona "bu qədər varı, dövləti kimin üçün qoyub gedəcəksən?" sualını veriblər. O, hamını heyrətə gətirən cavab verib. Hələ onda qızı anadan olmamışdı. Nəsibə xanım dünyaya gələndə Cahangir Zeynalovun artıq 61 yaşı vardı. Aktyor vəfat edəndə, yəni 1918-ci ildə, qızının iki yaşı vardı. Ona 61 yaşına qədər olan bir dövrdə verilən bu suala məşhur aktyor belə cavab verir": Bizim teatrımız var, teatrımızda bu qədər aktyor və reyissorlarımız var, məgər onlar varis ola bilməzlər?"
   
   Doğrudan da, səhnə sənətimizin, teatr mədəniyyətimizin valideynlərindən biri idi Nəsibə xanımın atası. Nəsibə xanım gələcək aktrisa üçün belə əlverişli, uğurlu bir ailədə doğulub. Lakin bu ilk baxışda belədir. Çünki o, nə bu teatr mühitində qala bildi, nə də atasının bilavasitə teatral karyera baxımından, varislərindən biri oldu. O, teatra Cahangir Zeynalovun qızı kimi gəlmədi. O, teatra bir çox başqa aktrisalar kimi kənardan, tanınmayan bir qız kimi qədəm qoydu.
   
   Nəsibə Zeynalova uzun ömür yaşayıb. 88 il. Bu ömrün 60 ilindən çoxu Azərbaycan teatrına və kino sənətinə həsr olunub. Bayaq dediyimiz kimi, hətta ən faciəli, ağrılı problemlərə qarşı əks qütbdə dayanıb. Həyatın acı dadını özü də yaxşı bilirdi. Odur ki, əks qütbdə dayanmaqla özünə və tamaşaçılarına məlhəm olan gülüş bəxş edib. Əyləndirməyib, əsla! Güldürüb, düşündürüb, məlum vəziyyətlərə yeni məzmun gətirib. Rauf Kazımovski onun haqqında bir film çəkib, belə adlanır: "Aktrisanın təbəssümü". Bax, biz həmişə onu belə təsəvvür etmişik.

TƏQVİM / ARXİV