ÖMRüN TƏLAŞ NOTLARI

ƏBÜLFƏT MƏDƏTOĞLU
34118 | 2008-03-01 05:42
İkinci dəfədir ki, əlim ürəyimin üstündə qapı arxasında, xəstəxana dəhlizində var-gəl edirəm. İkinci dəfədir ki, əməliyyat otağından çıxan hər kəsin üstünə, illahdakı ağ xalatlıların üstünə yüyürürəm. Üz-gözlərindən nəyisə oxumağa çalışıram. Bəziləri peşəkarcasına yalançı bir təbəssüm bəxş edirlər, bəziləri saymazyana ötürlər, daha insaflıları isə "qorxmayın hər şey yaxşıdır, problem yoxdur" deyirlər. Bütün müşahidələrimə, eşitdiklərimə baxmayaraq, daxili gərginliyim mənə bir yerdə dayanmağa imkan vermir....
   
   Bəlkə də həmin məqamda kənardan məni müşahidə edən olsaydı düşünərdi ki, ən azı havalanmışam, özümdə-sözümdə deyiləm. Əslində heç bu sözlər də mənim həmin anlarda keçirdiklərimi özündə əks etdirmir...
   
   
   
   Ölüb- dirilirəm qapı dalında,
   
   Hər addım səsindən ümid umuram.
   
   Heç kimsə olmayıb mənim halımda!-
   
   Belə düşünməklə babal yumuram.
   
   
   
    Nə qədər qəribə olsa da insan taleyüklü məsələlərin çözümü anında bütün gücünü bir araya qoysa da, narahatlığını gizlədə bilmir. Özü də söhbət övladdan gedəndə, onun taleyindən bəhs olunanda ata-ana olan hər kəsin ürəyi ovcunda olur... ürəyi gözlərində olur... ürəyi dilində olur...
   
   Bax, bütün bunlar həmin o təlaşı, o həyəcanı həm ifadə edir, həm də özünə kənar baxışları çəkməklə yükünü, döyüntüsünü bir az da artırır...
   
   Bilmirəm, oxucu məni necə qəbul edəcək, ancaq həqiqətən də cərrah bıçağının üzü çox soyuqdur. O nə qədər şəfaverici olsa da... xilaskar olsa da... ömür bağışlayan olsa da adı sonda yenə bıçaqdır... Buz kimi soyuq bıçaq. Düzdür, tibb dilində onun adı başqadır. Lakin mən indiki halda bıçaqdan başqa heç nəyi ağlıma gətirə bilmirəm. Kəsib-doğrayan bıçağın dəstəyindən yapışan əldən tutmuş, onun qan damcılayan tiyəsinə qədər hər görüntüsü, hər bir santimetri elə bil gözlərimin qarşısında şimşək kimi çaxır. Özümdən asılı olmayaraq nədənsə mənə elə gəlir ki, yenə ilk əməliyyat zamanı yaşadıqlarımızı, çəkdiyimiz əzabları önümüzdə, qarşımızda görəcəyik. Lap çılpaq desəm, yenə ölüb-diriləcəyik, əlimiz göydə, dizimiz yerdə, taleyə yalvara-yalvara həkimləri kölgə kimi izləyəcəyik.
   
   Baxmayın, ürək çox zərifdi. Bir dəfə hansısa bir məqamdanmı deyim, iynədənmi deyim diksindisə, incidisə, ağrıdısa fərqi yoxdur, həmin o məqamları özündə əks etdirən oxşar hallarla qarşılaşanda yenidən əvvəlki məqama dönür, yenidən o anları yaşayır. Bax, elə oğlumun ilk əməliyyatında keçirdiyim sarsıntılar bu dəfə, nədənsə nöqtə vergülünə qədər heç kimi xatırlatmasa da, yaddaşımda təzələndi, canımdan-qanımdan həmin tüstünü yenidən çıxartdı...
   
   Mən dünyanın nədən ibarət olması barədə suala başqa vaxtlarda, başqa şəraitdə, bəlkə də tamamilə fərqli cavablar verərdim. Amma indiki anımda, indiki yaşamımda düşünmədən cavabım bir olardı:
   
   - Dünya övladla valideyinin birgə çırpınan, birgə döyünən duyğularından, ürəyindən ibarətdir!
   
   Mən öz hisslərimlə xəstəxana dəhlizində çarpışdığım anlarda göz yaşlarını gizlədə bilməyən ananın da hisslərinə hayan çıxmağa çalışırdım. Guya ki, ürək-dirək vermək istəyirdim. Hətta hərdən qulaqlarımda "sən kişisən, sən daha möhkəm olmalısan!" sözləri də səslənirdi. Lakin o sözlər lap gözlərimin içinə deyilsəydi də belə, ata ürəyinin saqqızını oğurlamaq, onu dilə tutmaq heç cürə mümkün olan iş deyil. Burda bir an var idi - o da əməliyyatın başa çatması...Mən o anı gözləyirdim...
   
   Heç kimə heç vaxt əli ürəyi üstündə xəstəxana dəhlizində gözləməyi arzu etmirəm. Düzdür, həyat varsa, deməli, bu gözləmə də insan üçündür. Kimlərsə sabah, birisi gün, daha neçə-neçə günlər, illər bundan sonra da o dəhlizdə əli ürəyi üstündə dayanacaq. Bu bir təbii proses, yazılmamış qanundur. Odur ki, mən də bu hissləri yaşayanlardan biri kimi, hər kəsə xoş xəbər, sonu təbəssümlü əməliyyat arzulayıram. Allah hər kəsin diləyini eşidib, şəfasını versin. Heç kəs sarsıntılar içərisində qovrulmasın. Hər halda, bu mənim diləyimdir...

TƏQVİM / ARXİV