adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

KOROğLUNUN GORUS SƏFƏRi

VAHİD ƏLİFOĞLU
24169 | 2008-03-01 05:41
(Əvvəli ötən saylarımızda)
   
   
   
   Koroğlu istədi ki, Dəli Həsənə bir-iki kəlmə toxtaqlıq versin, amma mümkün olmadı. Vazgen girdi meydana, səs-küy, qışqırtı meydanı bürüdü. Koroğlu baxdı ki, Vazgen nə Vazgen... Fil boyda pəzəvəng bir heyvandı. Bildi ki, Dəli Həsən bunun öhdəsindən gələ bilməyəcək, yenə də hövsələ elədi... Vazgen saymazyana yaxınlaşdı Dəli Həsənə, yapışdı toqqasından, "hop" eləyib qaldırdı başının üstünə, bir "kruq" fırlayıb tulladı səhnənin qabağına. Dəli Həsən tappıltı ilə yerə dəyib bərkdən ufuldadı, ha çalışdı ayağa qalxa bilmədi. "Kupes Apo" bu mənzərədən hədsiz ləzzət alıb, hırıldadı, üzünü çevirdi Koroğluya tərəf. Yəni ki, "nə sözün".
   
   Koroğlu Dəli Həsənin müsibətinə doluxsundu, aldı görək nə dedi:
   
   
   
   Canım candan bezdi, Apo,
   
   İstəmirdim dava olsun.
   
   Sevinməyin tezdi, Apo,
   
   İstəmirdim dava olsun.
   
   
   
   Sən dindirdin, gəldim dilə,
   
   Meydan açdın bilə-bilə,
   
   Ayrılardıq deyə, gülə,
   
   İstəmirdim dava olsun.
   
   
   
   Yendi dağdan çən bu günə,
   
   Qar ələdin sən bu günə.
   
   And içmişdim mən bu günə,
   
   İstəmirdim dava olsun.
   
   
   
   Koroğluyam, adım-sanım,
   
   Basıldı igid aslanım.
   
   Damarımda coşdu qanım,
   
   İstəmirdim dava olsun.
   
   
   
   Koroğlu sözünü bitirib elə bir nərə çəkdi ki, yer-göy lərzəyə gəldi. Qollarındakı zəncir parça-parça olub töküldü. Koroğlu ley kimi şığıyıb yapışdı Vazgenin boğazından, bir dəfə də nərə çəkib necə dartdısa Vazgenin başı əlində qaldı, leşi yerdə. Meydan pərən-pərən düşdü. Koroğlu baxdı ki, meydandan çıxmaq çətin olacaq bir qıyya çəkib tullandı səhnəyə, tapançasını çıxarıb lüləsini söykədi Aponun alnına və qışqırdı:
   
   - "Dığa"ların de çəkilsinlər geri. Yarım saata bir "ZİL-130", iki çəllək də tut arağı burda, meydanda hazır olmasa, beynini it yalağı edəcəyəm.
   
   "Kupes Apo" gördü ki, bu xına o xınadan deyil, dodaqları əsə-əsə yaxınlıqdakı dığaya dedi:
   
   - Tərpən. Deyilənləri hazır elə...
   
   Çox keçmədi ki, "ZİL"-130, kuzovunda da iki çəllək tut arağı hazır oldu meydanda. Koroğlu "Kupes"i boyunlayıb saldı maşının kabinkasına, özü də keçdi rulun arxasına. Dəli Həsən ufuldaya-ufuldaya, çətinliklə qalxdı kuzova. Koroğlu maşını işə saldı. Pəncərədən başını çıxarıb dedi:
   
   - Siz hələ məni yaxşı tanımırsınız...
   
   ...Təpənin başında Koroğlu maşını saxladı. "Kupes"i itələyib saldı yerə, burda yazmaq ədəbdən kənar olan bir söyüş söydü və Vartana dedi:
   
   - Sən gəl min maşına. Qıratı ver Dəli Həsənə.
   
   Koroğlu maşınla yendi Xınzirəyə, Dəli Həsən Qıratın başını buraxdı Çənlibelə...
   
   ... Çatdılar Vartanın evinə. Koroğlu Vartanı düşürəndə gördü ki, Siranuş bəzənib-düzənib çöl qazı kimi eyvanda nazlanır. Maşının qapısını açıb bir ayağını qoydu "padnoşkaya", aldı görək Siranuşla necə sağollaşdı:
   
   
   
   Ay nazınan baxan gözəl,
   
   Gedirəm, gözlə gələcəm.
   
   Açılıbdı yaxan, gözəl,
   
   Gedirəm, gözlə gələcəm.
   
   
   
   Buxağından qar dərmişəm,
   
   Tükənməyən var dərmişəm.
   
   Səndən bir cüt nar dərmişəm,
   
   Gedirəm, gözlə gələcəm.
   
   
   
   Qızardıqca al yanağın,
   
   Çox gəzmişəm eşqin bağın.
   
   Yadımdadı bal dodağın,
   
   Gedirəm, gözlə gələcəm.
   
   
   
   Koroğluyam, xəyal kimi,
   
   Könlüm olub bihal kimi.
   
   Gəl nazlanma maral kimi,
   
   Gedirəm, gözlə gələcəm.
   
   
   
   Düzdür, bu gəraylı o qədər də uğurlu alınmadı. Amma nəzərə alaq ki, Koroğlu nə "xalq şairiydi", nə də Yazıçılar Birliyinin üzvü. Həm də gəraylını bədahətən demişdi...
   
   Siranuş saçından üç tel ayırıb basdı mərmər sinəsinə və Koroğluya belə bir cavab verdi:
   
   
   
   Can Koroğlu, sevdim səni,
   
   Səndən özgə kişi yoxdu.
   
   Hər vaxt razı saldın məni,
   
   Səndən özgə kişi yoxdu.
   
   
   
   Qamətinə heyran canım,
   
   Qeyrətinə qurban canım.
   
   Ollam sənə ceyran, canım,
   
   Səndən özgə kişi yoxdu.
   
   
   
   Suya dönüm, axım, yola,
   
   İntizarla çıxım yola.
   
   Qubarlanıb baxım yola,
   
   Səndən özgə kişi yoxdu.
   
   
   
   Siranuşam, dərd vərimdi,
   
   Yatağım vüsal yerimdi.
   
   Vartan da mənim birimdi,
   
   Səndən özgə kişi yoxdu.
   
   
   
   Söz tamama yetdi. Koroğlu maşına qaz verib gözdən itdi. Vartan Koroğluynan Siranuşun deyişməsindəki çox incə mətləbləri anlasa da, özünü qoydu eşşək yerinə. Başındakı it altına atılmalı olan "qeyrət"i yana itələyib, bir xeyli peysərini qaşıdı və girdi eşşəyin pəyəsinə ki, biraz arpadan, samandan atsın qabağına...
   
   ...Koroğlu çatdı Qubadlıya. Qubadlının girəcəyində maşını saxladı, düşüb yendi Həkəri çayına. Üz-gözünə çayın suyundan vurub sərinlədi, əyləşdi daşın üstündə. Bir siqaret yandırıb telefonu çıxartdı və Dəmirçioğluna belə bir mesaj yazdı:
   
   - Çatdım Qubadlıya. Narahat olmayın. Koroğlu.
   
   ...Bir azdan qalxıb mindi maşına, motoru işə salıb tərpəndi. Qubadlıdan çıxa-çıxda güzgüdə gördü ki, bir "QAİ" "Tofaş" onu "yığmaqdadı". Maşını yoldan kənara çəkib düşdü. "Tofaş"dan bir polis nəfəri çıxdı, yaxınlaşdı Koroğluya, əlini furojkasına qaldırıb dedi:
   
   - Yol polisi müfəttişi, serjant Dərgahov. Xahiş edirəm sənədlərinizi göstərəsiniz. Koroğlu "sənəd" sözünü eşidib gülümsədi. Əlini şalvarının arxa cibinə salıb bir dənə "yüzlük dollar" çıxardı və sakitcə pulu serjantın döş cibinə basdı. Serjant pulu götürüb günə tutdu, xeyli baxıb saxta olmadığına əmin oldu və irişə-irişə dedi:
   
   - Əşi, görürəm başa düşən adamsan, amma çox azdı...
   
   Koroğlu əvvəl serjanta, sonra uca dağlara baxdı, köksünü ötürüb döndü, maşının "kabinkasından" sazı götürdü, görək "Sarıtel" üstə serjanta nə dedi:
   
   
   
   Dağ başında çən özüməm,
   
   Serjant, gəl incitmə məni.
   
   Sənəd-sübut mən özüməm,
   
   Serjant, gəl incitmə məni.
   
   
   
   Uzaq yollar keçib, gəldim,
   
   Qəm şərbətin içib gəldim.
   
   Ermənidən qaçıb gəldim,
   
   Serjant, gəl incitmə məni.
   
   
   
   Çənə vurma, işin qalar,
   
   Üçün düşər, beşin qalar.
   
   Vurram yerdə leşin qalar,
   
   Serjant, gəl incitmə məni.
   
   
   
   Koroğluyam, qan deyərəm,
   
   "Can" deyənə "can" deyərəm.
   
   Asfalta meydan deyərəm,
   
   Serjant, gəl incitmə məni.
   
   
   
   Serjantın günü yollarda sürüclərlə süpürləşməkdə keçmişdi. Nə bilirdi saz nədi, söz nədi, Koroğlu kimdi. Kal bir canlıydı. Amma sazın təsirindən oldu, yoxsa birdən-birə ona vergi verildi, deyə bilmərəm. Bu kal canlı "dubinka"nı döşünə sıxıb Koroğluya "Misri" üstə belə bir cavab verdi:
   
   
   
   Buraxmaram, sən öləsən,
   
   Bu bir "yüzü" iki elə.
   
   Söz qandırdım, söz biləsən,
   
   Bu bir "yüzü" iki elə.
   
   
   
   Şöbə burdan uzaq deyil,
   
   Kamerası qıraq deyil.
   
   Qarşındakı uşaq deyil,
   
   Bu bir "yüzü" iki elə.
   
   
   
   Az boylan bu daşa, dağa,
   
   Baxmaram heç sola, sağa.
   
   Basdıraram qoduqluğa,
   
   Bu bir "yüzü" iki elə.
   
   
   
   Dərgahovam, şirü-nərəm,
   
   Məndən umma rəhm, kərəm.
   
   Səni toza döndərərəm,
   
   Bu bir "yüzü" iki elə.
   
   
   
   Söz tamama yetər-yetməz Koroğlu bir dəli nərə çəkdi. Gördü ki, bunu sözünən, sazınan qandıra biləməyəcək. Sağ əlini hərləyib onun qulağının dibinə yağlı bir şillə çəkdi. Serjant boş pambıq "bardonu" kimi sərildi asfalta.
   
   Sonralar o öz xatirələrində yazacaq ki, o vaxtı elə bildim məni yüklü "KAMAZ" vurdu. Koroğlu serjanta xeyli baxdı, sonra maşını işə salıb yol aldı Çənlibelə tərəf...
   
   ...Çənlibelin iclas zalında stollar düzülmüşdü, həyətdə kabablar tüstülənirdi, soyutma qazanları pıqqıldayırdı. Koroğlunu gözləyirdilər. "ZİL-130" Çənlibelin darvazasına dirənib dayandı. Koroğlu maşından düşüb girdi həyətə. Koroğlunu görüb dəlilər qıyya çəkdi, Nigar xanım, Dəli Həsən, Dəmirçioğlu, Eyvaz cumdular Koroğluya sarı. Öpüşmək, görüşmək.. Sonra dəstə keçdi yemək stollarının arxasına. Koroğlu əmr verdi, Halaypozanla Tanrıtanımaz maşındakı tut arağı çəlləklərindən birini gətirdilər içəri. Yemək-içmək başladı... Koroğlu tut arağından bir "çappa" stəkan vurub Dəli Həsənə dedi:
   
   - Hanı "manıs", gözümə dəymir?
   
   Dəli Həsən bildi ki, Koroğlu Aşıq Cünunu soruşur. Dedi:
   
   - Can Koroğlu, "manıs" şadlıq sarayındadı, sabaha hazırlıq görür.
   
   Koroğlu telefonda Cünunun nömrəsini yığıb bir az gözlədi və nəhayət dedi:
   
   - "Manıs", nə var, nə yox? İşini qurtarmısansa tez gəl Çənlibelə...
   
   Yarım saatdan sonra Aşıq Cünun artıq Çənlibeldəydi. Koroğlu soruşdu:
   
   - Hə, "manıs", danış görüm toya hazırlığın vəziyyəti necədi?
   
   Aşıq Cünün əlüstü əlli qram tut arağını içəri yola salıb dedi:
   
   - Qoçum Koroğlu, müdir hər stola beş "şirvan" istəyirdi, üç yarıma razılaşdıq. Çalğıçılar, xanəndələr Bakıdan çıxıblar. Axşamüstü burda olacaqlar... Ət, meyvə-tərəvəz hamısı hazırdı...
   
   Koroğlu Cünunun cavabından razı qaldı. Bir "çappa" stəkan da vurub, bığlarını eşib keçirtdi qulaqlarının arxasına və üzünü tutdu Eyvaza:
   
   - Oğlum, sazı gətir.
   
   Eyvaz sazı gətirdi. Koroğlu sazı kökləyib, "Yanıq Kərəmi" üstə aldı görək nə dedi:
   
   
   
   Mina gərdən, sərv boyudu,
   
   Gözün aydın, Nigar xanım.
   
   Sabah Eyvazın toyudu,
   
   Gözün aydın, Nigar xanım.
   
   
   
   Bəy çırağı gətirmişəm,
   
   Toy sorağı gətirmişəm.
   
   Tut arağı gətirmişəm,
   
   Gözün aydın, Nigar xanım.
   
   
   
   Mən xoruzam, düşmən fərə,
   
   Mərd oraqdı, namərd tərə.
   
   Aponu çırpmışam yerə,
   
   Gözün aydın, Nigar xanım.
   
   
   
   Koroğluyam, yazı gördüm,
   
   Çoxu daddım, azı gördüm.
   
   Ermənini tazı gördüm,
   
   Gözün aydın, Nigar xanım.
   
   
   
   (Davamı olacaq)

TƏQVİM / ARXİV