adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

iCRA BAŞçILARI NƏYi GiZLƏDiR?

54885 | 2008-03-01 05:40
Məmləkətimizdə indi hara baxırsan böyük quruculuq, abadlıq işləri görülür. Yeni binalar inşa edilir, yollar salınır, körpülər tikilir, bir sözlə, hər yanda sürətlə tikinti işləri görülür. Onları görəndə adamın sevincinin həddi-hüdudu olmur. Əgər bərbad yollar yenidən düzəldilirsə, qəsəbələr və rayon mərkəzləri müasir memarlıq üslubunda tikilirsə, bunun nəyi pisdir?!
   
   On il bundan qabaq ölkəmizdə indiki qədər məktəb, xəstəxana və parklar tikilib istifadəyə verilməyib. Bayaq dediyimiz kimi, bunlar hər hansı əyalətdə gedən quruculuq işlərindən xəbər verir. Ancaq bu məsələlərə bir qədər dərindən baxanda görürsən ki, bu işlərin də içərisində bir çox qaranlıq məqamlar var. O qaranlıq məqamlar ki, bundan ən çox bəhrələnən rayon icra başçılarıdır. Onlar bəzən sinəsinə döyüb deyirlər ki, mən filan rayonda az müddətdə bu qədər abadlıq işləri görmüş, yollar çəkdirmiş, məktəblər tikdirmiş və parklar saldırmışam. Düzdür, bu məsələlərdə icra başçılarının da bu və ya digər dərəcədə zəhmətləri var. Amma bu o demək deyil ki, bir rayonun abadlığı və yenidən tikilməsi icra başçısının fəaliyyəti ilə bağlıdır. Əgər ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı varsa, bu işlər üçün dövlət tərəfindən kifayət qədər vəsait ayrılırsa, onda icra başçısı niyə sinəsinə döyməlidir ki, bu işi mən görürəm? Oxucularımız soruşa bilər ki, bəs niyə on il bundan qabaq ölkədə indiki qədər sürətlə quruculuq və abadlıq işləri həyata keçirilmirdi? Birincisi, o vaxtlar ölkəmizin büdcəsində o qədər vəsait yox idi, ikincisi də, abadlıqla bağlı Dövlət Proqramı da hazırlanmamışdı. İndi Dövlət Proqramı da var və kifayət qədər vəsait də. Bircə iş qalır kimlərinsə qolunu çırmayıb həmin işləri həyata keçirməsinə. O da təbii ki, məmləkətimizdə kifayət qədərdir. İndi hansı rayona və hansı əyalətə gedirsən, orda böyük tikinti işlərinin şahidi olursan.
   
   Amma sadəcə olaraq bu proseslər zamanı yenə bir çox icra başçıları öz maraqlarını təmin etməyə daha çox üstünlük verirlər. Məsələn, rayonlarda təmir-tikinti adı ilə həyata keçirilən inşaat işlərində tikinti materiallarının qiyməti həddindən artıq şişirdilir. Guya həmin materiallar bazardan baha qiymətə alınır. Halbuki bazarlarda bu qiymətlər heç də o qədər baha deyil. Hər hansı tikinti materialının qiymətinin süni surətdə üç-dörd dəfə artırılması, görünür, bir çoxlarına sərf eləyir. Elə buna görə də abadlıq-tikinti adı altında bir çox rayonların icra başçıları külli miqdarda vəsait mənimsəyirlər.

Yazarın digər yazarlar

TƏQVİM / ARXİV