adalet.az header logo
  • Bakı 22°C

Mizel Uelbek

15593 | 2008-03-01 05:40
Çətin ki, çağdaş dünya yazıçıları arasında onun qədər ikinci maraqlı bir tip tapılsın. Dilimizə heç bir ciddi əsəri çevrilməyib. Bəzi hekayələri və esseləri istisnadır. Bununla isə onun haqqında oxucuda təsəvvür yaratmaq çətindir. Çünki daha çox romanları ilə tanınır. Onları isə yalnız rus saytlarından oxumaq mümkündür. Avropada dəhşətli dərəcədə məşhurdur. Həm əsərləri, həm də adı ətrafında qalmaqallarla. "Bəsit hissəciklər" - ona ən çox şöhrət gətirən romanıdır, bu roman "Qonkur"a da layiq görülüb. Bir neçə dəfə rasizmdə günahlandırılaraq, məhkəmə qarşısında oturdulub, axırda bezib İrlandiyaya köçüb. Onu "insanlıq düşməni" adlandıranlara sadəcə, qaş-qabağını tökməklə cavab verir. Seksi xoşlayır, şəkil çəkdirmək həvəskarıdır, arabir həşiş çəkir, çoxlu su içir, telefona nifrət edir və heç vaxt dəstəyi götürmür, televizora baxmır, reklamlara qarşı allergiyası var, deyir, "mən siqaret çəkənəm və heç kəs mənə sağlam həyatı sırıya bilməz". Biz, Fransada doğulsa da, fransızlar haqqında elə də yüksək fikirdə olmayan Mişel Uelbekdən danışırıq.
   
   Mişelin cəmiyyətdəki ənənəvi qaydalara və stereotiplərə qarşı aqressiyası məni heyran edir. Elə yazıçılar var ki, onların müsahibələri, nitqləri, ən xırda jestləri əsərlərindən daha təsirlidir. Rus postmodernistlərindən Sorokin və Pelevin belələrindəndir. Uelbeki də onların sırasına əlavə etmək olar. Mişel jurnalistlərə hələm-hələm ip vermir, nadir hallarda müsahibələrinə rast gəlmək olar. Amma az qala hər müsahibəsi hadisədir, beyin çevrilişidir.
   
   Uelbek Avropada yeni nəsilin yazıçısı hesab edilir. "Altmışıncılar"ı görən gözü yoxdur. "Bəsit hissəciklər" romanında bu, aydın hiss olunur. Romanda həmin nəsilə qarşı güclü sarkazm var. Mişel "altmışıncılar" haqqında deyir: "Onlar hətta nifrətə də layiq deyillər".
   
   "Bəsit hissəciklər" romanının adını çəkdik. Onu Avropada 60-cı illərdə doğulan nəslin kitabı sayırlar. Bu romanı intellektual bestseller adlandırırlar, amma orada həm də real olmayan sevgidən danışılır. Uelbekin romanlarında əsas motivlərdən biri seksdir. Hətta Mişelin özünü "seksin Karl Marks"ı hesab edənlər də var. Belələrinə isə Uelbekin cavabı çox maraqlıdır: "Marks parlaq ağıla malik idi, məncə, onda fövqəltəbii və falş kimi şeylər həddən çox idi. Mən Marksı düşündürən məsələlərdən daha ümdə problemlərlə maraqlanıram. Buna görə də ondan bir baş yuxarıda dayanıram" "Platformalar" romanını fərsizlər və heç bir işə yaramayanlar üçün Seksin Bibliyası adlandırırlar. Onu Kamyünün "Yad" əsəri ilə də müqayisə edənlər tapılır. Uelbek isə düşünür ki, bu, əsərin ilk frazası - "Mənim atam ölüb"ə görədir. Axı hər iki əsər eyni fraza ilə başlayır.

TƏQVİM / ARXİV