adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

AZ VERiRSƏN ARIQLAYIR, çOX VERiRSƏN...

OQTAY SALAMOV
22429 | 2008-03-01 05:40
Söz vermişəm ki, həftəsonu saylarda ağır mövzulardan yan keçəm. Amma alınmır, məcbur olub ağır məsələlərdən yüngül yazmağa qərar verirəm. ona görə də söhbəti lətifə ilə başlayıram: İki nəfər parça oğurluğuna gedirlər. Gecə vaxtı xəlvətcə üsulunu tapıb girirlər maqazinə. Biri iki top parçanı çiyninə götürüb çıxır. O biri bir top parçanı paltarının altından bədəninə bükür, iki topu da çiyninə götürür. Yolda birinci ikincini tələsdirir: -Tez gəl, cəld ol, ilişərik... Təngnəfəs olan ikinci də mızıldanır: -Əşi, sən də birini bilirsən, birini bilmirsən, nətəər tez gəlim?Fikir vermisinizsə, Azərbaycanda ən çox inanılmayan təşkilat Tarif Şurasından sonra Dövlət Statistika Komitəsidir. Özü də bu təşkilatın rəqəmlərinə hər üç tərəfdə şübhə var: iqtidarda da, müxalifətdə də, xalqda da. Tərəflərin belə bölünməsinə etiraz edənlər də haqlıdır, etməyənlər də. Söhbət başqa mövzudan getdiyi üçün bu məqamı saxlayaq başqa vaxtlardan birinə. Statistika Komitəsi tutaq ki, inflyasiyanın səviyyəsi ilə bağlı rəqəm açıqlayır. Tutaq ki, deyir bu il 13 faiz olub. İqtidar təcili maaşların artması haqda xəbərlər, vergilərin azalacağı haqda vədlər, yeni iş yerləri haqda yazılar yazdırır və sübut etmək istəyir ki, ya o artımın yanında 13 heç nədir, ya da bu rəqəm artıq göstərilib. Müxalifət Dünya Bankının, Valyuta Fondunun adından danışıb bu rəqəmin azı 2 dəfə az göstərildiyini söyləyir, qiymət artımından, inhisarçılıqdan, korrupsiyadan yazılar yazır. Xalq da nə o yana baxır, nə də bu yana, deyir Allaha pənah, saxlasa bizi Allah saxlayacaq.
   
   Orta aylıq əməkhaqqı söhbətində də Statistikanın məlumatı havada qalır. Çünki ayda güc-bəla ilə 100 manat qazanan ailə sahibi orta aylıq əməkhaqqının 310 manat olduğuna heç cür inana bilmir. Özünün aldığı 100-ün üstünə şefinin rəsmi aldığı 1400-ü gəlib ikiyə bölür və məlum olur ki, orta əməkhaqqı 750 manatdır. Amma bu ortanın ortada qalmışlara nə dəxli var axı?.. Adam Statistika Komitəsinə heç həsəd aparmır. Az yazır, o inciyir, çox yazır, bu küsür, həqiqət ortada yoxdur və ya sərf eləmir? Bilmirsiniz, o Komitənin işçilərinin "levi" gəliri haradandır? Az yazanda xeyirləri nə olur, çox yazanda nə, hə?..
   
   Az verəndə arıqlayan, çox verəndə ...qatıqlayan yerlərdən biri də vərəm məsələsi oldu. Türkiyə türkləri demiş, çox "enteresan" duruma girdik: Ümumdünya Səhiyyə Təşkilatı (ayıb da olsa, ÜST) belə nəticəyə gəlib ki, Bakı vərəmin ağır, müalicəyə tabe olmayan formasına yoluxma nisbətinə görə dünyada "lider" olan şəhərdir. Burada vərəmə yoluxma hallarının 22 faizində müalicə effekt vermir. Bu isə dünya üzrə ən yüksək göstəricidir.
   
   Sözsüz ki, belə bir məlumatın düzgün olub-olmaması araşdırılmalıdır, kim bilir, o ÜSTdəkilər bizim nə qədər dostumuzdur, bəlkə elə şayiə yayırlar? Məsələn, mən Bakıda yağış yağanda ilk damcıların Çin "kurtka"larını deşdiyini bilirəm, Lənkəranda qar yeyib zəhərlənənlərdən xəbərim var, axşam yuyulub "stoyanka"ya qoyulan maşının üstündə səhər bir barmaq qalınlığında qum-lil görmüşəm. Ona görə də Bakıda bir çox xəstəliklərə bərabər vərəmin də yüksək dərəcədə olduğuna inanıram. "Tem bolee" dərmanların və ərzağın da əksər hissəsinin yararsız və saxta olduğunu rəsmi dairələr də təsdiqləyir. Amma dünyada lider olduğumuza inana bilmirəm, bunun Afrikası var, İndoneziyası var, Belarusiyası var... (Belarus qardaşlarımız bağışlasın, statistikada onların adı pis çıxıb).
   
   Elə bizim rəsmilər də inanmaq istəmirlər, amma qurtdalayanda maraqlı məqamlar üzə çıxır. Sən demə, beynəlxalq təşkilatlar hesabat hazırlayarkən Ağ Ciyər Xəstəlikləri İnstitutunun verdiyi məlumatlara əsaslanırmış. Həmin İnstitut da ÜST-ün Azərbaycana daha çox maliyyə yardımı ayırması üçün rəqəmləri bu qədər şişirdib. Yəni əslində bizimkilərin məqsədi o qədər də pis olmayıb, maliyyə nə qədər çox olarsa, bundan xəstələrin də payına azdan-çoxdan bir şey düşər. Daha nəzərə almayıblar ki, xaricilər bu məsələdən başqa nəticə də çıxara bilərlər. Məsələn, ölkəmizə turist gəlməz ki, vərəmxanada mənim nə işim var. Daha bir məqamı Vərəm Əleyhinə 1 saylı Vərəm Dispanserinin (məni qınamayın, bu müəssisə adı qoyanlar harası ilə fikirləşir? Vərəm Əleyhinə Vərəm Dispanseri, Baş Yanğından Mühafizə İdarəsi...) direktoru Yavər Şıxəliyev aydınlaşdırır: "Bu gün Azərbaycana investisiya qoymuş və investisiya ayırmaq istəyən nə qədər investorlar var. Tutalım, bunu bilən bir alman sabah Azərbaycana gəlməkdən imtina edəcək ki, bu qədər vərəmli xəstə var"...
   
   Başqa bir variant da var: "Vərəmli xəstələr daha çox cəzaçəkmə müəssisələrindədir. Bəlkə də (??-O.S.) bu hesabat cəzaçəkmə müəssisələrindən alınmış məlumatlar əsasında hazırlanıb". Bu nə deməkdir? Nəyə görə bizim lap elə cəzaçəkmə müəssisələrində olan vərəmlilər belə çox olmalıdır?
   
   Əziz Nesinin bir hekayəsində maraqlı vəziyyət təsvir olunur: Türk polisi ölkəyə xarici qonaqlar gəlməmişdən qabaq bütün oğruları yığır bir yerə, tapşırır ki, qonaqlardan nə bacarırlarsa oğurlasınlar və gətirib polisə təhvil versinlər. Bununla onlar polisin necə operativ işlədiyini göstərmək istəyirlər. Amma qonaqlar gedəndən sonra Türkiyədə oğurluğun baş alıb getməsindən yazırlar... Məncə, şərhə ehtiyac yoxdur...
   
   Az yeyəndə arıqlayan, çox yeyəyəndə ...qatıqlayan məsələlərdən biri də xəstəxanalarımızdı. Əvvəllər xəstələr pul verirdi və şikayətlənirdi, indi yenə həkimlər pul alır və şikayətlənirlər. Xəbəriniz varmı ki, bir çox xəstəxanalarda pullu xidmət yox, ümumiyyətlə, xidmət ləğv olunub?
   
   Ay kişilər, eşitmişik ki, pambıq məntəqəsi yanar, neft çəni yanar, əskiyi olan anbar yanar, Bakıda "Təzə bəy" hamamı yanıb. Yəqin suyunu az veriblər, ya da odunu çox veriblər. Nə isə, yanıb ki, yanıb...
   
   Xocalı soyqırımı günü İsraildə restoran açılışında konsert verən müğənnilərimizi də gördünüz, eşitdiniz dəə... Deyəsən, bizdə heysiyyat qıtlığı yaranıb axı... Elə biz özümüz də az verəndə arıqlayırıq, çox verəndə də qatıqlayırıq. Amma bunlarınkı qatıqlamaq yox, rəzalət oldu. Nə dəxli var ki? Gəlib dərdlərindən oxuduqlarını deyəcəklər...
   
   Yarımbaşlıqda yaşıl rəngin bahalaşacağını yazmışdım, bir-iki kəlmə ilə izahat verim, nigarançılıq qalmasın. Heç bir konstitusiyaya, qanuna, fərmana, qadağaya baxmadan Bakıda yaşıllıqlar kütləvi şəkildə, amansızcasına, faşistcəsinə, nasistcəsinə qırılır. Biz də xaricilərin yanında özümüzü tərifləməyə öyrəşmiş millətik. İndi onlar təyyarə ilə gələndə Bakının hər rəngini görəcəklər, ancaq yaşıl rəng defisit olmağa başlayır. Ona görə də xaricinin gözünü aldatmaq üçün yaşıl rəngli dam örtükləri, divar boyaları, reklam lövhələrinin sayını artırmaq lazım gələcək. Özü də mütləq gələcək. Deməli, boya alverçiləri bunu bir xəbərdarlıq kimi də qəbul etməlidirlər, yaxşı qazanc yeri var...

TƏQVİM / ARXİV