adalet.az header logo
  • Bakı 16°C

Kşiştof Keslyovski deyirdi ki...

SAMİRƏ ƏŞRƏF
28508 | 2014-11-29 01:11


Maraqlı bir xasiyyətim var. Yaxşı, ya pis olmasına özünüz qərar versəniz daha ürəyimcə olar. Qarşıma bir az savadlı, ədəbiyyatdan, filmdən başı çıxan adam çıxırsa, çökürəm həmin adamın canına və başlayıram həmin adamdan xeyli yararlı məlumatlar əldə etməyə.
Üç dörd il əvvəl işim daha çətin idi. Çünki ciddi mütaliəyə o vaxtlar başlamışdım. Ərkim çatan, ədəbi bilgisi yaxşı olan bir neçə dostdan, tanışdan xeyli yazıçı, roman, hekayə adları öyrənib özüm üçün qeydlər etmişdim. İnsafla deyim ki, müraciət etdiyim insanların heç biri məndən öz köməyini əsirgəməmişdi. Gündəmdə olan yazıçıların müsahibələrini, köşələrini tez-tez oxuyur, orda adı çəkilən dünya yazıçılarının kitablarını tapmaq üçün ciddi sürətdə axtarışa çıxırdım. Paytaxtda yerləşən kitab mağazalarının, bukinistlərin tozlu rəflərində saatlarla eşələndiyimi xatırlayıram. Gücüm çatan kitabları alırdım, çata bilməyənləri isə dostlardan götürüb oxuyurdum. Bir dəfə heç yadımdan çıxmaz. Gənc yazar Seyid Ramin mənə "Karamazov qardaşları" kitabını gətirməyi söz vermişdi. İş elə gətirmişdi ki, o, əvvəlcədən mənə zəng vurub dedyi yerə gələ bilməyəcəyini xəbər verdi. Çox pis oldum. Çünki Dostoyevskinin həmin əsərini oxumağı çox arzulayırdım. Axşam saat doqquz olardı telefonuma zəng gəldi. Gördüm Ramindi. Bir xeyli üzrxahlıqdan sonra dedi ki, kitabı bir xanımın vasitəsi ilə indi sənə göndərirəm. Çıx filan metronun qarşısına, götür. Mən metronun qarşısına çatanda deyilən xanım doğurdan da gəlmişdi. Özü də bir kitabla yox, bir neçə kitabla. Ramin mənim hansı kitabları axtardığımı bilirdi. Ona görə də həmin kitablardan da tapdıqlarını "Karamazov qardaşlar"ının gözünə qatıb mənə yollamışdı. Həmin günü çox sevinmişdim, həm kitablara, həm də Raminin diqqətinə görə.
İndi aradan xeyli vaxt keçib kitablar haqqında az-çox özümün cıza biləcəyim koordinatlarım var. Evdə də maşallah kitab əlindən yer yoxdu. Bacardıqca da mütaliəyə vaxt ayırmağa çalışıram.
Son illər isə mənim kinolara olan marağım qarşısıalınmaz həddə çatdı. Bu marağım həm də kino bilgləri olan dostlarımın çoxalmasına gətirib çıxartdı. Sağ olsunlar onlar da istənilən vaxtı öz tövsiyələrini verməkdən yorulmurlar. Sözün açığı mütaliədəki ardıcıllığı filmlərdə qoruya bilmirəm. Federiko Fellininin filmindən sonra qəfildən hansısa əfqan xarabalıqlarından bəhs edən əfqan rejissorun filminə keçid edirəm.
Bu yaxınlarda bir dostun məsləhəti ilə Polşa rejissoru Keslyovskinin bir neçə filminə baxdım. Həmin rejissorun on hissəli "Dekaloq" adlı filminə yayda baxmışdım. Ən çox yadımda qalan bölüm isə 5-ci bölüm olmuşdu. Kimin imkanı olsa, baxsın.
Keslyovski mənim üçün qəribə rejissorlar siyahısındadı. Onun filmlərindəki sovet dövrünün xatirələri mənə çox yaxındı. Qəhrəmanların geyimlərindən tutmuş, işlətdiyi əşyalar, hətta filmlərdəki rənglər, səslər belə mənə uşaqlıq illərimi xatırladır. Həm də bu rejissorun filmlərindəki üsyankarlıq, gözlə görülməyən qəddarlıq, həmin qəddarlığın musiqi dili ilə ustalıqla işlənməsi məni çox cəlb edir. Dünən Keslyovskinin bir filmini axtara-axtara necə oldusa, özü haqqında çəkilmiş olan bir saatlıq sənədli filmlə rastlaşdım. Filmin adı "İm so-so"dur. Rejissor həmin sənədli filmdə özü və çəkdiyi filmlər haqqında xeyli məqamlara toxunur.
Onun filmin sonlarına doğru özü haqqında dediyi iki fikir mənə çox təsir etdi. 1. Mən ən qorxduğum şey gələcəkdir. Gələcək həmişə mənə qara dəlik kimi görsənir. 2. Həyatda sahib olduğum yer layiq olduğumdan daha yaxşıdı. Layiq olmadığım qədər yaxşı bir yerə sahibəm.
Təsəvvür edirsinizmi, bir-birindən gözəl, maraqlı, rəngli filmlərə imzasını atmış bir insan özü haqqında necə amansızca və təvazökar bir ifadə işlədir. Məhz bu cür düşünən insan "Üç rəng: "Mavi" filmindəki ərini və qızını avtomobil qəzasında itirən qadın qəhrəmanın dilindən bu sözləri səsləndirə bilərdi: "Artıq edə biləcəyim bir iş varsa o da heç nə etməməkdir. Nə mal-mülk, nə dost, nə eşq, nə də xatirələrin olmağını istəmirəm. Bunlar hamısı qulumuş tələdir". Özü haqqında sənədli filmin sonunda isə Keslyovski deyirdi ki... Bu da qalsın həmin filmi izləmək istəyən tamaşaçıların öz paylarına düşən axtarışa.



TƏQVİM / ARXİV