NAXIŞLI ADAM

ƏBÜLFƏT MƏDƏTOĞLU
41758 | 2014-11-29 01:58
Son vaxtlar bir fikir ağlımda əməlli-başlı kök atır. Elə bil ki, qaim-qədim çinar ağacıdır və həmin o kök də sürətlə işləyir bütün hüceyrələrimə. Yəqin düşünəcəksiniz ki, əcəba, bu nə fikirdig bu nə məsələdi, hardan gəlib tapıb bu fağırıg niyə qoymur rahat yaşasıng Lap elə sizin özünüzün mənim barəmdə fikirləşməyiniz ruhumu o qədər xoş edir ki, özümdən ixtiyarsız həmin o hüceyrələrimin kökünə işləyən fikri birbaşa demək istəyirəm. Yəni istəmirəm ki, məni düşünən sizlər üzüntü yaşayasınız. Axı siz mənə rahatlıq istəyirsiniz. Ona görə də mən də qarşılığını verməliyəm, sizə həmin o rahatlığı arzulamalıyam, qarşılığını verməliyəm. Bax, mən həmin o istəklə də keçirəm mətləbə...
Mən indi əmin olmuşam ki, adamın gərək naxışı ola. Söhbət ad "NAXIŞ"dan getmir ha! Söhbət heç hara yazılmayan, amma adamı həmişə üzdə saxlayan, adamı həmişə dəyər sahibi edən, adamı həmişə az qala gözə soxan naxışdan gedir. Bu mənada bax elə düşünə-düşünə, bu fikirlərimi diktə edə-edə həmin o naxışlı adamları gözümün qarşıısna gətirirəm və həsəd hissi az qalır qışqırsın. Amma mən onu birtəhər boğub saxlayıram...
Deməli, adamın naxışı birinci iş yerində gətirməlidi... rəhbərlik səni görməlidi...sənin pulla aldığın təbəssüm bütün günü səninlə birlikdə böyüklərinin gözünün önündə dolaşmalıdı, yaxan tez-tez düymələnməlidi... "Bəli", "baş üstə" dilində bitməlidi... belin bir balaca əyri olmalıdı... rəhbərin ovqatı sənin ovqatına hopmalıdı, köçməlidi... başqasını çağıranda sən iki addım qabağa çıxmalısan və nəhayət, ən vacibi özünün yox, tabe olduğun adamın səhhətini fikirləşməlisən. Bax, bu balaca davranış qaydaları sənin naxışının çiçəyini həmişə çırtladacaq. Əlini işə-gücə vurmasan da nümunəvi olacaqsan. Tədbirlərdə adın hallanacaq, məclislərdə yerin xüsusi olacaq, yəni rəhbərin böyründə. İndi özünüz fikirləşin, mən niyə bu cür adamlara həsəd aparmayım?!. Axı onlar bizim idarə olunmağımıza bir növü vasitədirlər. Addım səsimizdən tutmuş gətirdiyimiz səbrə qədər hamısını bu naxışlı adamlar öz istəklərinə uyğun cilalayırlar. Məgər bunun nəyi pisdir? Naxışlı olmaq həm də evinə, ailənə əlidolu getmək, ən azından arvad danlağından uzaq olmaq deməkdir. Yəni, lap çılpaq desəm, arvada 5000 manatlıq şuba ala bilməsəm də, 100 manatlıq Çin və yaxud Türkiyənin hanısısa bir sexinin istənilən paltosunu, plaşını ala bilərsən, özü də ildə iki dəfə. Evdə də səni bütün günü işdə "çalışıb-vuruşub iynə ilə gor qazan" zəhmət adamı kimi dəyərləndirərlər, yeməyin yaxşı tikəsini, mürəbbənin "ətli" yerini çəkərlər qarşına ki, yorğunsan, ye-iç, bir az özünə gəl, uzan dincəl. Hətta uşaqlara da göz ağardarlar ki, səs eləməyin, atanız işdən yorğun gəlib... Baxın, görün naxışlı olmağın nə qədər gözəl çalarları, əlamətləri var. Amma, vaxtında nə Naxış adında qohumum, nə də naxışım olmadı. Amma buna da şükür, heç olmasa naxış barəsində düşünmək qabiliyyətim var, onu təsəvvür etmək, təqdim etmək imkanım diridi, qımıldanır yerində. Ona görə də artıq o fikir beynimdə sürətlə kök atmağa başlayır. Doğrudur, deyirlər qırxından sonra öyrənən...
Hə, bax indi məni narahat eləyən, məni öz əsarətinə alan fikirdən xəbərdar oldunuz. Hər halda, sizin də qarşılıq nəsə deyəcəyinizə əminəm. Ancaq siz hələ dillənənə kimi mən özüm bir məsələni də diqqətinizə çatdırım ki, sonrakı araşdırmalarınızda məni günahkar saymayasınız. Çünki mənim də naxışım gətirib. O da sevməkdi. Yəni mən insanları, təbiəti, yazıb-oxumağı, musiqi dinləməyi, Allaha gündə üç dəfə əl açıb verdiyi bu sevgiyə görə şükr etməyi bəlkə də hamıdan yaxşı bacarıram. Ona görə də ünvanım da, qibləm də elə o sevgidi. Lakin bu dünyada günahsız bir kimsənin olduğuna hamı kimi mən də inanmıram və düşünürəm ki, o günahkarlar sırasında da yerim var. Ona görə də könlümün pıçıltısını misralara çevirirəm.

Məni
əfv edə bilsən
sevinmərəm...
məni
dəfn edə bilsən
sevinərəm...
təzad axatrma
burda
amma bil ki,
əfvlə dəfnin arasında
mənim
o qədər
günahlarım var ki,
onlar
əfvə düşmür
heç bir qanunla!
Odur ki,
imkan düşən kimi
məni dəfn et -
elə bütün günahlarımla!
sənin də adın
təmizə çıxsın...
***
Bugünlərdə tələbəlik dövründə işıq üzü görən şeirlərimi vərəqləyirdim. Bir şeir diqqətimi çəkdi. Əslində onu tələbəlikdən sonra yazmışdım, təqribən bir il sonra... Və o şeir də ünvanlı idi, oğluma yazmışdım.... Bunun da səbəbi var idi. Oğlum dünyaya gələndən sonra...
Adətən uşaq dünyaya gələndə ağlayır. Çünki nəfəs almağa başlayır və hərəkətə başlayan ciyərlərin ilk sızıltısı ağlamaqla hiss olunur. Ola bilsin ki, bunun elmi cəhətdən başqa izahı da var. Amma mən düşünürəm ki, ana bətnindən dünyaya ilk gəlişini edən, dünyaya ilk addımını atan uşaq bu namərd dünyanın havasını duyan kimi hara gəldiyini, onu nələr gözlədiyini duyur və ona görə də ağlayır. Lakin təsəvvür edin ki, dünyaya gələn oğlum xeyli müddət ağlamadı və həkimlər məcbur olub əl içi boyda uşağı şillələdilər. Hətta sonradan bildim ki, ona hansısa iynəni də vurublar. Məhz bu hadisənin təsiri ilə o vaxtlar "Ağlamayan uşaq" şeirini yazdım. Düşündüm ki, o bu dünyaya etiraz edir, ağlamaq əvəzinə gülmək istəyir (Sonralar türk dünyasının böyük sənətçisi Kamal Sunalın məşhur filmini seyr edəndə fikir oxşarlığı məni çox kövrəltdi - Ə.M.)...
Hə, bu şeiri bir neçə dəfə oxudum və düşündüm ki, böyük bir səhvə yol vermişəm. Çünki oğlum bu dünyaya hələ ki, gülə bilmir. Bəlkə də bunun ən böyük səbəbi doğulduğu torpaqdan körpə ikən uzaq düşməsi, ata-ana nəvazişindən şəraitə görə kifayət qədər yararlana bilməməsi, məcburi köçkün kimi uşaq bağçasında yaşaması, sonra özülsüz evdə səksəkə içində ömür sürməsi... Və bütün bunlar onun taleyinin gülüş payını sabun köpüyü kimi əridib aparır. O ancaq ağrımaq, qayğı çəkmək, düşünmək zorunda qalıb. Bilirsiniz bunu niyə yazıram? Ona görə ki, oğlumun və onun didərgin bölgələrdən olan yaşıdlarının hamısının naxışı bax burda gətirib...
İndi ətrafda cərəyan edən hadisələri, xüsusilə barmaqla idarə olunan telekanalların şou proqramları o naxış məsələsini bir az pərdələməyə, bir az ört-basdır etməyə hesablansa da, ancaq düşünmək, dərk etmək, ən azından görmək qabiliyyəti olanlar necə deyərlər, taleyə bütünlüklə boyun əymirlər. Elə sadəcə bütün bunların qaçılmaz və keçici olduğuna ümid bəsləyirlər. Axı sonuncu ölən ümiddi. Ümidin ölməsinə isə göz görə-görə, ağıl kəsə-kəsə imkan vermək olmaz. Çünki həmin könüllü təslim olmalar sonra böyük peşmançılıqlara yol açır. Bax elə mənim özüm də həmin o peşmançılıq duyğularının açısını ürəyimdən kağıza köçürəndə də təkrar üzülmüşəm.

Peşman olmuşuq
ikimiz də
qaytarmaq istəyirik
dünəni...
ancaq
gücümüz çatmır
kimsə də
əl atmır
kömək üçün...
eşidən yoxdu
nə səni,
nə məni
eləcə
gözümüzün dibində
ürəyimizin
görünməyən küncündə
gizlincə
ağlayırıq -
içimizdə öləni...
neyləyək
geri qaytara bilmirik
ikimiz də
dünəni!..

***

Nədənsə bizim atalar təsəlliyə həmişə düşüncələrində, əxlaqlarında, ürəklərində ayrıca yer saxlayıblar və hətta ötüb keçənlər üçün peşmançılıq hisslərini unutduracaq bir-birindən dəyərli, bir-birindən sanballı müdrik deyimlər də söyləyiblər. Məsələn, "keçənə güzəşt deyərlər", yaxud "ölənlə ölmək olmaz" və yaxud "torpağın üzü soyuqdu, hər şeyi unutdurur". Lap elə "yayından çıxan oxu geri qaytarmaq mümkün deyil" və sair və ilaxır. Görün artıq baş vermiş hadisəyə görə biz özümüzə necə də təsəlli veririk. Üstəlik də vurğulayırıq ki, "son peşmançılıq fayda verməz"...
Mən bu deyimləri və indi yadıma sala bilmədiyim digər məsələləri hər dəfə eşidəndə, oxuyanda bir az fikrə dalıram. Mənə nədənsə elə gəlir ki, bu deyimlər əslində naxışı gətirməyənlər üçündü, onları ayaqda saxlamaq üçündü. Amma əsl gerçəklikdə isə burda ciddi bir məntiq yoxdu. Çünki o deyimlər özündə unutqanlığı da ifadə edir. Necə yəni "keçənə güzəşt" deyərlər və yaxud "son peşmançılıq fayda verməz". Axı keçəndən, peşmançılıqdan nəticə çıxarmasan, o yenə təkrar oluna bilər və beləcə, təkrarlandıqca da dünəni də, özünü də, hər şeyi də unuda bilərsən?!..
Mən bu yanaşmamla atalarımıza etiraz etmirəm. Ola bilsin ki, onların fikirləri redaktə olunub və yaxud da hansısa məqama, şəraitə uyğun deyilib və zaman ötdükcə fikir kimi qalıb, ancaq ilkin mənasından uzaq düşübdü. Bax, bütün bunları bir-birinə qarşı qoymadan mən bir fikri qabartmaq istəyirəm. Yəni nə vaxt içimdə gəzdirdiyim bir mətləbi sizinlə bölüşmək və sizin ona münasibətinizi cavab kimi almaq istəyirəm. Lap konkreti, niyə bu cür qəribə olduğumuzu, bu cür bəxt, naxış davası etdiyimi, bəxt üçün, naxış üçün sinov getdiyimizi və ümumiyyətlə, içimizdəki şeytanı qidalandırıb özümüzlə hər yerə daşıdığımızı bilmək istəyirəm. Axı biz lənət oxuduğumuz bir mələyi, bir şeytanı nədən boğub öldürmürük? Və naxışımızdan istifadə edib həmin o şeytanın pıçıltısıyla haqlının haqqına göz dikirik, haqsızı başa keçiririk?
Deyəsən, qəliz və cavabsız sual oldu. Amma şəxsən mənm üçün çox düşündürücüdü və toyuqla yumurtanın məsəli kimi uzun müzakirə istəyən bu fikir nə vaxtsa öz şərhini tapacaq. Yəni sonsuzluğa qədər belə davam edə bilməz. Ona görə ki, dünyada bir haqq divanı da var, bir sevgi də var. Bu imkan verməz ki, naxışlıların naxışı haqlıların haqqını həmişə tapdasın.
Zənnimcə, bu qarmaqarışıq, amma naxış cizgilərini ifadə etməyə xidmət edən yazının bu yerində mütləq o haqqı, o sevgini təkrar ortaya qoymaq, onu poeziyanın dili ilə səsləndirmək lazımdır.

Unudulmuş adayam
Nuhdan qalmış adamam...
Səsəm, həm də sədayam-
Ölüb dirilənəcən...

Haqqımı haqsız yeyəcək
Haqqımda çox şey deyəcək...
Amma dizinə döyəcək-
Ölüb dirilənəcən...

Bilirəm vaxtsız solmaram
Səbəb olmasa dolmaram...
Qoltuq adamı olmaram-
Ölüb dirilənəcən...

Yoxdu umduğum, küsdüyüm
Yaşla bağlıdı süstlüyüm...
Dəyməz kimsəyə pisliyim-
Ölüb dirilənəcən...

Daşı əzib əridəcəm
Ürəyimi kiridəcəm...
Mən kölgəmi yeridəcəm-
Ölüb dirilənəcən...

... Hə, bütün yazı boyu nədən yazdım, necə yazdım, nəyə işarə vurdum bir özüm bildim, bir Allahım, bir də siz. Ona görə də Allahın və özümüzün xatirinə naxışlılara paxıllıq etməyin. Onlarınkı da belə gəlib. Bizə də nə vaxtsa naxış payı düşər, səbrli olun.




TƏQVİM / ARXİV