adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

MİRƏLİYEV SƏMİMİLİYİ

MƏZAHİR ƏHMƏDZADƏ
33371 | 2014-11-29 01:54

Siyasətlə incəsənətin eynicinslilik bölgüsü tanınmadığı kimi, onların daşıyıcılarının da fərqli xarakter və dünyagörüşlərə malik olması şübhə doğura bilməz. Əks halda bu, absurd görünər. Ancaq sırf absurdluğun özündə istisna halların baş verməsi də var ki, belə olduqda məntiq həmin versiyanı alt-üst edərək bir-birinə uzaq olan bölgülərin "qohumluğunu" üzə çıxarır.
Rusiya Liberal Demokrat Partiyasının sədri Jirinovski çılğın siyasətçidir. Biz onu həm də şovinist görkəmdə tanımaq məcburiyyətində olmuşuq. Nədən ki, Vladimir Volfoviç əksər çıxışlarında belə bir xarakter və missiyasını rəhbərlik etdiyi partiyanın əsas məramı (?) kimi də aydırmışdır. Burada o qəbul etsək də, etməsək də siyasətçidir, zərərli, qorxulu təmayüllərlə uğraşan barışmaz idealistdir, sanki bir napalmdır. Azca yumşaq ifadə edərək Rusiya tarixi üçün qədimləşdirsək əgər, İvan Qroznıdır. Ancaq elə ki, Türkiyəni, türkdilli xalqları söyən, aşağılayan Jirinovski qəfildən dönüb bizləri, yəni türkləri sevən normal siyasətçi roluna (!) girir...
...Biz eyni aktyorun həm müsbət, həm də mənfi obrazları ustalıqla oynadığının azmı şahidi olmuşuq? İndiki halda biz belə bir çevrilmənin, belə bir metamorfozun baş tutmasına da təəccüblənməməliyik. Sillogizm siyasətlə incəsənətin əks qütblərdə olmadığını məhz bu cür təfsir edir.
Necə ki, özümüzün tanınmış siyasətçimiz - Müasir Müsavat Partiyasının başqanı hörmətli Hafiz müəllim bu missiyanı daha orijinal şəkildə həyata keçirir. Bir vaxtlar hətta "ministr" olmuş Hafiz Hacıyevimiz rəhbərlik etdiyi partiyanı daim irəliyə aparmağa, liderliyə qovuşdurmağa can atır. Hətta prezidentliyə namizəd də olur. Azərbaycanın daha qüdrətli və əzəmətli bir ölkəyə çevrilməsini arzulayır. Eyni zamanda bütün neqativ hallara qarşı barışmaz mübarizə aparır. Kərimov Əli, Qəmbərov İsa kimi keçmiş iş yoldaşlarını ağır ittihamlarla suçlayaraq səhv və günahlarını çəkinmədən üzlərinə deyir. Siyasətçi sözünün ağası olmalıdır: Kərimov Əli, Qəmbərov İsa, vəssalam! Qarışdırmaq lazım deyil, Əli Kərim böyük şairimizdir...
Ancaq bu gözəl insan, həm də kəskin siyasətçi bir neçə dəfə elə paradoksal hökmlərə imza atıb ki, xalqımız bunu həmişə xarlayacaqdır. Birini yazsam bəs edər. Dünyanın əlliyə yaxın ölkəsində (təxmini rəqəmdir) kitabları nəşr olnan məşhur yazıçının bir qulağını kəsmək istəyirdi. Əlində ülgüc Bakı küçələrini, Əylis bağlarını gəzirdi, Sadığı axtarırdı...
Sonradan necə oldusa ülgücü qatlayıb Niderland dəlləklərinə göndərdi. Bəlkə də yadına Van Qoq, bəlkə də Salvador Dali düşübmüş. Buradakı seçimdə müəllif səhv də edə bilər, üzürlü sayın.
Siyasət və incəsənət mövzumuz davam edir.
Mənim və yaşıdlarımın ilk gənclik illərinin estrada ulduzları indikilər kimi çox deyildi. Bu janrda ən tanınmış Azərbaycan sənətçiləri bunlar idi: Oqtay Ağayev, Flora Kərimova, Polad Bülbüloğlu, "Qaya" kvarteti, Hüseynağa Hadıyev, Akif İslamzadə, Briliyant Dadaşova... Təbii, başqaları da var idi. Ancaq hörmətli şairimizin eynən hər dəfə təkrar-təkrar yazdığı kimi, "siz yəqin ki, mənə inanarsınız, səmimiliyimə şübhə etməzsiniz, tərəfkeşlikdə günahlandırmazsınız, zövqümə də şübhə etməzsiniz" ki, o vaxtlar heç kim Oqtayı, Floranı, Poladı, Hüseynağanı, Akifi... buraxıb da Əli Mirəliyevə doğru qaçmayıbdır. Hərçənd, Əli Mirəliyev də oxuyurdu, konsertlərdə olurdu, ancaq bizim müğənnimiz deyildi. Şəxsən mən onu telekanalların şoularında görəndən sonra xatırlayıb yada salmışam. Davakar, qalmaqal obrazına sözüm yoxdur, bunu çox ustalıqla bacarır. Onu da etiraf etməliyəm ki, oxumağı da yaxşıdır. Sadəcə, görünür mənim musiqi anlayışım və zövqüm yerində deyil, mahnılarına axıradək qulaq asa bilməmişəm. Buna görə Əli müəllim məndən inciməz də. Bizlər onun böyük müğənni olmasını başa düşməmişik o vaxtlar. Qədeş çox nüfuzlu sənətçi olubmuş. Hətta indiki bəzi xalq artistləri onun çantasını, "boks əlcəklərini" də gəzdiriblər altmış-yetmişinci illərdə. Səməd adlı xalq artistimiz özü bu əhvalatı təbəssümlə qarşılayır və etiraf edir. Heç kim cavab qaytarmır Əli qədeşə.
...Onda yüksək siyasətçi cazibəsi də varmış. Doğrudur, Mirəliyev meydan, maydan siyasətini, hərəkatını qəbul edən siyasi sənətçilərdən deyil. Onunku daha geniş auditoriyalardır - telekanal şoularıdır. Mirəliyev bu şoulardan çox ustalıqla yararlanaraq öz gizli siyasəti ilə xalqımıza töhfələr verməkdədir. O ki mənimtək həmişə özünə qapalı bir Azərbaycan vətəndaşını öz cazibəsinə çəkərək telekanal qarşısında axıradək ayaq üstə saxlaya bilir, buna başqa ad da vermək mümkün deyil. Bu günlərdə ən klassik məqamı da yaşatdı mənə. Çox sevindim və düzünü deyim ki, ona olan hörmətim qat-qat artdı bundan sonra. Əli müəllimin həyat və yaradıcılığında siyasətlə incəsənət postmodern bir səviyyəyə çatıbdır. Səmimi yanaşmaları ilə.
Həmişə başqalarının evinə qonaq gedən Mirəliyev bu dəfə öz evində qonaq qəbul etmişdi. Teleaparıcı bir çox söhbətlər və bir çox suallardan sonra soruşdu ki, Əli müəllim, sonuncu dəfə hansı kitabı oxumusunuz? Əli Mirəliyevin unikal cavabını yəqin çoxları eşitdi həmin gün. O, bəziləri kimi heç fikirləşmədən elə beləcə də dedi:
- "Qara volka", qızılbarmaq Rantik, hə...

TƏQVİM / ARXİV