adalet.az header logo
  • Bakı 13°C
28 Noyabr 2014 16:40
4809
DÜNYA
A- A+

«Taliban» hərbi bazaya hücum etdi

Ötən gecə Əfqanıstanda Britaniyanın keçmiş Kemp-Bastion hərbi bazası yaxınlığında Taliban qruplaşması ilə əfqan milli ordusu bölmələri arasında qızğın döyüşlər başlayıb.

Xarici informasiya agentliklərinin verdiyi məlumata görə, böyük bir dəstə ilə yaxşıca silahlanmış «Taliban» döyüşçüləri Britaniya hərbçilərinin oktyabrın sonlarında əfqan ordusunun sərəncamına təhvil verdikləri hərbi bazanı ələ keçirməyə cəhd ediblər. Terrorçunun hərbi bazanın giriş qapısında törətdiyi güclü partlayışdan sonra radikallar iki istiqamətdən ora hücuma keçiblər. Əfqan ordusu bu hücumun qarşısını almağa nail olsa da, hərbi obyekt ətrafında qızğın döyüşlər hələ də davam edir.

Hücum nəticəsində hərbi bazadakı avadanlıqların bir hissəsi və elektrik qurğuları sıradan çıxıb.

Ötən günlərdə də taliblər Kabulda və ölkənin digər regionlarında ardıcıl olaraq bir sıra hücumlar təşkil ediblər. Bir gün əvvəl isə paytaxt Kabulda Britaniyanın hərbi mühafizə dəstəsi və əcnəbilər üçün mehmanxana hücuma məruz qalmışdı. Bununla da sakitləşməyən taliblər, Hama-Pressin verdiyi məlumata görə, Sari-Pul əyalətində dinc əhaliyə hücum edərək onlardan 10 nəfəri girov götürüb. Əfqanıstanın şərqindəki Paktika əyalətində isə taliblərin törətdiyi terror aktı nəticəsində 50 nəfər həlak olub.

Başqa terror qruplaşmaları da ölkədə yaranmış bu qarışıqlıqdan istifadə edərək dünən Əfqanıstanın şərqində Nanqarhar əyalətindəki məsciddə partlayış törədiblər. Müqəddəs cümə namazına yığılan çoxsaylı namaz əhlindən 36 nəfəri yaralanıb. Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayı hələ dəqiqləşməyib, Bu terror aktını isə hələ heç bir qruplaşma öz üzərinə götürməyib.

Mehriban CƏFƏROVA