adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
28 Noyabr 2014 15:58
6879
GÜNDƏM
A- A+

Bilik Fondunun sərgisi: “Azərbaycanın geologiya elmi Çexiyada”

Son illər Azərbaycan elmi, tarixi, mədəniyyəti və incəsənətinin dünya ölkələrində tanıdılması və təbliği üçün dövlət səviyyəsində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 3-5 dekabr tarixlərində Çexiya Respublikasının paytaxtı Praqa şəhərində bu məqsədlə sərgi keçirəcək. Fondun həyata keçirdiyi "Azərbaycan elmi xaricdə” proqramı çərçivəsində reallaşacaq sərgi "Azərbaycanın geologiya elmi Çexiyada” adlanır.

Bilik Fondunun əməkdaşları Beynəlxalq layihələr sektorunun koordinatorluğu ilə keçiriləcək sərginin və elmi konfransların təşkliatı işləri ilə bağlı artıq Praqaya ezam olunublar.

Sərginin geniş auditoriyanı əhatə etməsi üçün Bilik Fondu ilə əlaqəli şəkildə Azərbaycanın Çexiya Respublikasındakı səfiri Fərid Şəfiyev başda olmaqa baş konsul Əlimirzamin Əsgərov və konsul Nigar Əfəndiyeva xüsusi tədbirlər planı hazırlayıblar.

Tədbirlərdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, qurumun üç əməkdaşı, Azərbaycan Milli Elmlər Akademiyasının Yer Haqqında Elmlər Bölməsinin akademik-katibi, akademik Arif İsmayılzadə, Tәbiәt Tarixi Muzeyinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov, Bakı Slavyan Universiteti Çex dili və Mədəniyyəti Mərkəzinin müdiri Roza Şəfiyeva iştirak edəcəklər.

Dekabrın 3-ü Karlov Universitetində sərginin açılışı olacaq. Praqadakı Ambasador otelində "Azərbaycan-Çexiya: tarixi-mədəni münasibətlər" mövzusunda keçiriləcək Dəyirmi masa 4-5 dekabr tarixində gerçəkləşəcək. Sərginin sonuncu günü Azərbaycandan gedən alimlərin mühazirəsi dinləniləcək, geologiya elminin inkişafı ilə bağlı müzakirələr aparılacaq.

Bilik Fondunun Praqada hazırladığı sərgiyə dəvət olunmuş qonaqların sırasında Çexiyanın dünya səviyyəsində tanınan alimləri, univerisitet rəhbərləri və dövlət adamları da var. Onlardan Karlov Universitetinin rektoru Professor Tomáš Zima, xarici əlaqələr üzrə prorektor, professor Martin Fuller, yaradıcı və redaksiya fəaliyyəti üzrə prorektor, professor Jan Royt, konseptual araşdırmalar üzrə prorektor, professor Stanislav Stech, Çexiyanın Prezident Aparatının Beynəlxalq əlaqələr departmentin rəhbəri Hynek Kmoníček, Şərq tərəfdaşlığı üzrə mütəxəssis Zdenek Beranek, Çexiya parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçek, Xarici işlər nazirinin birinci müavini, professor Petr Drulák, Sənaye və ticarət naziri Jan Mládek, nazirliyin Sərvətlər və enerji təhlükəsizliyi departamentinin direktoru Pavel Kavina, Çexiya Ticarət Palatası sədrinin köməkçisi Josef Çilekin adını çəkə bilərik.

Sərgidə ölkəmizi təmsil edəcək alimlər səfərqabağı Bilik Fondunun qonağı oldular. Onlar Azərbaycanın geologiya elminin dünyada tanıdılmasına, o cümlədən xarici ölkələrdə cərəyan edən elmi proseslərin öyrənilməsinə böyük ehtiyac olduğunu bildirdilər.

Akademik Arif İsmayılzadə deyir ki, nailiyyətlər bölüşülsə, uğursuzluqlar müzakirə edilərək, yanlışlıqlar aradan qaldırılar və elm bəşəriyyətə böyük fayda verər: "Azərbaycan bütün sahələrdə yüksək inkişaf mərhələsindədir. Xüsusən geologiya sahəsində xeyli işlər görülüb. Məqsədimiz Azərbaycanın geologiya elmi barədə Çexiyadakı həmkarlarımıza ətraflı bilgilər vermək, onlardan fəaliyyətlərinə dair məlumatlar almaqdır. Bununla qarşlıqlı elmi mübadiləni genişləndirməyi planlaşdırırıq”.

Müstəqil dövlət qurandan sonra bizim üçün auditoriya genişləndi. Əvvəllər elmi nailiyyətlərimizdən ən uzağı Moskva xəbər tuturdu. Bu gün vəziyyət tamam fərqlidir. Azərbaycan özünü dünyada təsdiq edib. Xarici mütəxəssislərlə geniş əlaqələr qururuq. Məsələn, əvvəllər nə qədər yeraltı yanacaq ehtiyatına malik olduğumuzu dəqiq bilmirdik. Hazırda xaricdən aldığımız qurğuların köməyi ilə yanacaq ehtiyatımızdan dəqiq xəbərdarıq. Bu, iqtisadiyyatımızın istiqamətini müəyyənləşdirməyə kömək edir. İnsan azad olanda daha böyük işlər görür. Müstəqil ölkəmizin bütün sahələrdə böyük uğurlara imza atmasının səbəblərindən biri budur. YUNESKO-nun monument-simvolu var: qlobusun üzərində dayanan adam əlində öz beynini tutub. Yəni dünyada ən böyük sərvət insan beynidir”.

Akademikin sözlərinə görə, Böyük Qafqazdan tutmuş Kiçik Qafqaza qədər olan bütün yataqların Azərbaycanda ocaqları var. Qafqazda ikinci belə ölkə yoxdur. Baləkən-Zaqatala zonasında iri polimetal-qurğuşun və sink, Daşkəsəndə alunit yataqları var. Çindən sonra alunit yatağı yalnız bizim ölkədədir. Dəmir, qızıl, gümüş yataqları da bizim ərazidədir. Hələ neçə-neçə yataqlar tapılır. 50-ci illərdən sonra yeni yataqlar aşkara çıxıb. Xəritələr dəyişib. Həmin xəritələr Çexiyada nümayiş olunacaq”.

Tәbiәt Tarixi Muzeyinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov da elmi nailiyyətlərin mübadiləsini vacib hesab edir. Sərginin yaratdığı imkanlardan yararlanaraq Çexiyanın Elmlər Akademiyası, Milli Çexiya Muzeyi, institutları, alimləri ilə əlaqələr quracaqlarını bildirən T.Eybatovun sözlərinə görə, elmin inkişafı üçün Azərbaycanda qurulan infrastruktur barədə çex həmkarlarına ətraflı məlumat veriləcək: "Bildiyiniz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Təbiət Arxivi Muzeyi tikiləcək. Bu muzeydə saxlanılası saysız-hesabsız eksponatlarımız var. Xarici həmkarlarımız onlardan xəbər tutmalıdırlar. Azərbaycan təkcə neft ölkəsi deyil. Zəngin təbiətimiz var. 4 fəslı doya-doya yaşayan az xalq var ki, onlardan biri bizik. Ərazilərimizdə aparılan poleontoloji qazıntılar zamanı dünyanı heyrətə gətirəcək nümunələr aşkarlanıb. Azərbaycanda xortumluların 10, balinakimilərin 16 növü yaşayıb. Binəqədidə apardığımız qazıntılar zamanı müxtəlif adda cücülər, həşəratlar, böcəklər aşkarlanıb. Bu işlə entomoloqlar məşğul olur. Çexiyada Entomologiya İnstitutu fəaliyyət göstərir. Bizdə belə institut yoxdur. Onlarla ələqələr yaratsaq, müştərək layihələr həyata keçirərik”.

T.Eybatov onu da vurğulayıb ki, Azərbaycan həm də qədim insanların məskəni olub. Bu faktları əks etdirən dəlillər sərgidə nümayiş olunacaq. Bununla yanaşı, Binəqədidə fauna və flora qəbirstanlığı var. Yer üzərində ikinci belə məkan yoxdur. Oradakı cücülərin hətta rəngləri də necə var, elə qalıb. Quşlar, cücülər günəşin şüalarından parıldayan mazut yığınını göl bilib, ora enir və batıb qalırdılar. Beləliklə zəngin təbii muzey yaranıb. Təbiət Arxivi Muzeyi Binəqədidəki həmin ərazidə tikiləcək”.

Alimlər Praqada keçiriləcək "Azərbaycanın geologiya elmi Çexiyada” sərgisinin vətənimizin təbiətinin və sərvətlərinin, eləcə də geologiya elminin son nailiyyətlərinin xaricdə tanıdılmasında müstəsna rolu olacağını bildiriblər. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun yaratdığı bu imkandan ölkəmizin xeyrinə maksimum şəkildə faydala biləcəyimizə əmin olduqlarını deyiblər.