adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Kimdir Azərbaycan gənci?

9949 | 2008-02-23 00:51
Əlində bahalı telefon, ən sevimli məşğuliyyəti 88-88-ə gic-gic mesajlar yazmaq olan, oğlandırsa özünü Namiq Qaraçuxurluya, qızdırsa Rəqsanəyə oxşadan, kitab oxumaqdan zəndeyi-zəhləsi gedən, internetdən yalnız əyləncəli oyunlar və tanışlıqlar üçün istifadə edən, toylarda musiqi sifariş vermək üçün bir-birinin qarnını yortan, həyatını "Böyük yalan" serialının qəhrəmanları üzərində quran əcayib məxluqa Azərbaycan gənci deyilir.
   
   O, müstəqil qərar qəbul etməyə həvəsli deyil, çünki qorxaqdır. Böyüyün sözünə baxmasa, böyürə-böyürə qalacağından qorxur. Allahsız yerdə otursa da, ağsaqqalsız yerdə oturmur. Etiraz ruhu ona yaddır, evdə valideynin, məktəbdə müəllimin, avtobusda ağsaqqal-ağbirçəyin, işdə müdirin köləsidir. Azadlıq hissindən məhrumdur - oxuyacağı universiteti, evlənəcəyi qızı (qızdırsa, oğlanı) özü seçmir. Təşəbbüskar deyil, icraçıdır, buyruqquludur.
   
   Azərbaycan gəncinin ən böyük arzusu odur ki, toyunda Aygün Kazımova oxusun. Onun üçün yeganə özünütəsdiq vasitəsi ulduz yarışmalarına qatılmaqdır. Bir də bəyin sağdışı olmaq. Sevimli tostları: "Bunu da içək pis oğlanların sağlığına, onlar olmasa yaxşı oğlanların qədri bilinməz". "Bunu da içək Ursetə gedənlərin sağlığına, özləri burda olmasa da ürəkləri burdadır". Azərbaycan gənci "zerkalnı" nömrələrə dəhşət aludədir - istər mobil telefonun olsun, istər maşının. Onu kitabxanaya, teatra, filarmoniyaya dəvət etmək ana-bacı söyüşü söymək kimi bir şeydi. Bütün gəncliyi boyu yalnız bir şeyin xiffətini çəkir - atasının əvəzinə toya gedib nəmər salmaq. Universitet auditoriyalarından tutmuş çayxanalaracan ancaq bir mübahisə mövzusu var: "Namiq Məna yaxşı meyxana deyər, yoxsa Rəşad Dağlı?" Bir dəfə də "Mc Donalds"a, Xuraman Şuşalının konsertinə getməyəni "çuşka" hesab edir.
   
   Azərbaycan gənci yaradıcı deyil, darıxdırıcıdır. Onunla nakam məhəbbətdən başqa heç nə barədə danışmağa dəyməz. Qoluna ox sancılmış ürək şəkli döydürməyi sevir. Azərbaycan gəncinin heç bir ictimai funksionallığı yoxdur: o, ölkədə baş verən hər şeyə biganədir. Qızdırsa, "Qaynar qazan" verilişinin reseptlərini, oğlandırsa, "De gəlsin" iştirakçılarının SMS nömrələrini əzbərləməklə işini bitmiş sayır. Yalnız ulduz falı və krossvord olan qəzetləri oxuyur. İkisi bir araya gələn kimi ortaya qırğın düşür: "Kimin telefonunda daha çox qız nömrəsi var?", "Kim Nadir Qafarzadəni daha yaxından görüb?", "Kim İbrahim Tatlısəsin daha çox mahnısına qulaq asıb?"
   
   Azərbaycan gəncinin leksikonundakı ən işlək sözlər: ayrılıq, hicran, vüsal, gərdək, pis oğlan, yaxşı oğlan, "106 house", "Amma anam bilməsin", Kamran Həsənli, "İtkin gəlin" romanı, göz yaşı, ilk məhəbbət, son məhəbbət, "Acı həyat" serialı, "Mən səni görmək istəsəm hara gəlim?", Arzu Mələk, domino, dönər, "Zəngimcell", "zapadlo", qaqaş, qədeş, avtoş (siyahını özünüz tamamlayın).

TƏQVİM / ARXİV