ÖLMƏK ÖLMƏKDiR

ƏBÜLFƏT MƏDƏTOĞLU
35641 | 2008-02-23 00:51
Yəqin ki, başlığı oxuyan kimi həssas oxucu qaş-qabağını tökəcək, çöhrəsində bir dilxorçuluq əmələ gələcək. Lap ola bilsin mənim ünvanıma hansısa bir fikirləri də ağlından keçirəcək. Bütün bunları təbii sayıram və tərəddüsüz neçə gündən bəri məni narahat edən yazını yazmağa başlayıram. Bu mövzu məni on görə narahat edir ki, istənilən telekanalın, ümumiyyətlə, mətbuatın kriminal xəbərləri tamam loru dildə desək, ağını çıxarıb. Yəni o qədər adiləşib ki, az qala zəhlətökənliyə gətirib çıxardıb.
   
   İstər avtomobil qəzasında, istər intihar vasitəsilə və yaxud da adi ailə münaqişəsində ölənlər barəsində gündəlik mətbuatda hər gün ən azı üç-dörd xəbər özünə yer tutur. Həmin üç-dörd xəbərlik yeri dolduran kiminsə özünü asdığı və yaxud neçəncisə mərtəbədən tullanması, kiminsə qaynatasını, qaynanasını, bacısını, arvadını, qızını, lap elə qaynını da bıçaqlaması, baltalaması, eləcə də yol hərəkəti qaydasına əməl etməmək üzündən faciəli surətdə dünyasını dəyişməsi, nəhayət son ayların bəlası olan dəm qazından dünyasını dəyişməsi baradə oxunan yazılar artıq nə təəssüf, nə də təəccüb hissi yaratmır. Çünki ölüm adiləşib və bu ölümün səbəbləri adamları daha düşündürmür. Sanki elə belə də olmalıymış. Kimsə intiharla, kimsə qəzayla, br sözlə, hansısa bir yolla Haqqa qovuşmalıymış. Təbii ki, bu yanaşma doğrudur. Hər kəsin alın yazısı var və hər kəsin də doğulduğu kimi ölüm anı da müəyyənləşir özünün istəyindən asılı olmayaraq. Lakin...
   
   Qarabağ savaşı başlamamışdan öncə insanlarda ölümə, dünyanı dəyişməyə münasibət tamam fərqli idi. Hətta ən yaşlı bir adamın, özü də xəstəliklərdən illər əziyyət çəkən birisinin ölüm xəbərini eşidəndə içimizdən bir təəssüf hiss keçirdi. Özü də o insanın bizə nə dərəcədə yaxın olmasından asılı olmayaraq. Hətta qonşular, qohumlar mərhumun yeddisi çıxana kimi televzoru, radionu açmazdı, şadlıq, şadyanalıq etməzdi, mərhumun əzizlərinin yanında danışıb-gülməzdi. Bəs bu gün nə olub, nə baş verib?..
   
   Təqribən bir ay bundan öncə dəm qzından boğulub dünyasını dəyişmiş bir gəncin yas mərasiminə getmişdim. Mağar qurulan binanın həyətində çox qəribə bir mənzərənin şahidi oldum. Qadınlar üçün qurulmuş mağarda adamın ürəyini çəkib qoparan ana fəryadı, bacı naləsi... Elə həmin binanın özündə isə yarıaçıq pəncərədən həyəti başına götürən maqnitafon səsi... Hansısa duzsuz bir müğənni duzsuz bir mahnı oxuyurdu. Təəccüblə sağa-sola baxdığımı görən bina sakinlərindən biri heç nə olmayıbmış kimi dedi ki, müəllim, qonşu uşağını əsgərliiyə yol salır. Ona görə cavanlar deyib-gülürlər.
   
   Doğrusu nə deyəcəyimi bilmədim. Ha fikirləşdim, həmin an söyləniləcək söz tapmadım. Sadəcə içimdə elə bil ki, nə isə qırılıb düşdü. Bir anlıq ağlımdan fikir keçdi: Həmin əsgərliyə gedən oğlanla dünyasını dəyişən oğlan arasında cəmi iki yaş fərq var və taleyin yazısı birinin həmin gün üçün yas mağarını, birinin isə hərbi xidmətə getməsini müəyyənləşdirib. Özümüzə təsəlli verərək uydurduğumuz "xeyir və şər qardaşdır" - deyimi burda, vallah heç yerinə düşmür. Bax, elə onda mən hiss etdim ki, ölüm, əslində insan nə qədər urvatsızlaşıb, adiləşib, öz böyük anlamını itiribdir. Belə olmasaydı ən azı, dünyadan insan getdiyini dərk edərdik.
   
   Son vaxtlar depressiya ilə bağlı müxtəlif fikirlər söylənilir. Mütəxəssislər bildirirlər ki, əslində bu depressiya bizim bəzi müğənnilərimizin dediyi kimi "depresyona" düşmək demək deyil. Bu əməlli-başlı xəstəlikdir. Mətbuata açıqlama verən tibb elmləri doktoru, professor, Azərbaycan Psixoterapeya Assosiasiyasının prezidenti Nadir İsmayılov bildirib ki, intiharların artması artıq cəmiyyət üçün əməlli-başlı ciddi siqnaldır... "bu, ruh düşkünlüyü ilə müşahidə olunan xəstəlikdir".
   
   Bəs onda görəsən biz bir-birimizi ruhdan salan, əsəbiləşdirən laqeyidliyimizə niyə son qoymuruq, niyə bu diqqətsizliyin intihara aparıb çıxardığını anlamaq istəmirik? Axı, hər kəs özü öz üzərində xırdaca bir düşünmə əməliyyatı aparsa, diqqətin, qayğının ən elementar formalarından istifadə edib ətrafındakılara nə boyda fayda verə biləcəyini anlayar. Onda nə küçələrdə qurulan yas mağarlarının yanından türkürpədən siqanallarla, musiqilərlə ötüb keçər, nə də ən azı etik qaydalara əməl edib hüzürü düşən adamın dərdinə şərik olmasa da, eləcə susmaqla yanından ötüb gedə və həmin adama ikinci bir problem yaradıb ürəyinə xal salmazdıq. Yəni eyni həyətdə, eyni binada, eyni küçədə yasla toyu, yəni daha dəqiq ifadə etsəm, çal-çağırı qoşalaşdırmaz. İnsanlığın itməsinə yol verməz.
   
   Bəzən deyirlər ki, Qarabağ savaşı bizi ölümə öyrəşdirdi... ölümü bizim üçün adiləşdirdi... gözümüzdə yaş qoymadı... Bu fikirlərin hər birinə sayğı ilə yanaşıram. Amma bir şeyi yenə də təkrar vuruğlamaq istəyirəm. İnanın, mən heç cürə dünyadan insan köçdüyü an, Haqqa qovuşduğu gün laqeyd ola bilmirəm. Kimliyindən asılı olmayaraq ürəyimdən bir sızıltı keçir, baxmayaraq ki, Ölüm haqdır...

TƏQVİM / ARXİV