Qardazıq, planetimiz ayrı...

ETİBAR CƏBRAYILOĞLU
41716 | 2008-02-23 00:51
Futbol azarkeşləri yaxşı bilirlər ki, "transfer pəncərəsi" bağlanmaq üzrədir. Yəni bir klubun hansısa komandanın futbolçusunda gözü varsa, onu bu ərəfədə öz heyətinə qata bilər. Yoxsa sonra gec olacaq. "Transfer pəncərəsi" bağlandısa FİFA prezidenti Jozef Blatter də futbolçunu başqa kluba göndərə bilməz.
   
   "Transfer pəncərəsi" təsadüfən yadıma düşmədi. Müsəlmanın sözü olmasın, o gün dörd dost, dörd yoldaş dörd araqlıq oturmuşduq. Etiketinin üstündə Rusiyada istehsal olunduğu yazılan arağı Zabratda necə düzəltmişdilərsə səhərəcən narahat yatdım. Bu azmış kimi səhərə yaxın əcaib-qəraib yuxu gördüm. Gördüm ki...
   
   Axşam işdən evə qayıdıram. Qarşıdakı tindən çıxan dörd nəfər yolumu kəsir. Kamali-ədəblə salamlaşır, deyirlər ki, bəs biz başqa planetdən gəlmişik. Əvvəlcə inanmıram. Deyirəm ki, gedin iş-gücünüzlə məşğul olun, belə də yadplanetli olar? Bəs sizin başınızdakı antena-filan hanı? Onlar da söz altda qalmırlar, gülə-gülə deyirlər ki, başı antenalı yadplanetlilər keçmişdə qaldılar. İndi biz tərəflərdə heç kim başında antena-filan gəzdirmir. Nə isə, dedim, sizə nə kömək edə bilərəm? Xətkeşlə ölçüblər kimi hamısı eyni boyda olan həmin dörd başqaplanetlilər bir-birləri ilə məsləhətləşib deyirlər ki, səni biz yaşayan yerlərə transfer etməyə gəlmişik, şərtlərimiz də yaxşıdır.
   
   Cin vurur təpəmə, nə transfer, nə başqa planetə getmək, bunlar nə danışır, mənim oralarda nə işim var? Sizcə Ronaldoya Bərdənin ABN komandasına gəlmək təklif edilsə onun sifətindən nələri oxumaq olar? Mənim də sifətimdə təqribən həmin ifadəni oxumaq mümkün idi.
   
   Lənət sənə, kor şeytan deyib onların şərtinə qulaq asıram. Zalım balaları fasilə bilmədən danışırlar. Qızıldan dağlar, gümüşdən bağlar vəd edirlər. Görürəm ki, dayanmaq istəmirlər, əlacsız qalıb sözlərini kəsirəm. Bu dəfə mən dil boğaza qoymuram. O qədər sual yağdırıram ki, yadplanetlilər buralara gəldiklərinə peşman olurlar. Əlacsız qalıb suallarıma cavab verirlər.

TƏQVİM / ARXİV