adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

KOROğLUNUN GORUS SƏFƏRi

VAHİD ƏLİFOĞLU
20535 | 2008-02-16 07:56
(Davamı)
   
   
   
   ... Koroğlu dayanmadan Qıratı çapırdı. Çalbayır dağlarının ətəyinə çatanda elə bir duman, çən gəldi ki, atın boynundan qabağı görmək mümkün olmadı. Belə havada asanlıqla azmaq olardı. Ona görə də Koroğlu cilovu çəkdi, atdan düşdü. Bir siqaret yandırıb əyləşdi daşın üstündə. Özünü qınadı ki, nahaq kompasdan-zaddan götürməyib. Plaşının qolunu geri çəkib saata baxdı. Altıya işləyirdi... Bir neçə siqaret çəkdikdən sonra ağlına nə gəldisə durub Qırata yaxınlaşdı, torbadan sazı çıxarıb basdı döşünə və aldı görək dumanlı, çənli dağlara nə dedi:
   
   Ay dumanlı, çənli dağlar,
   
   Dağlar, məni burax gedim.
   
   Sinəmdə bir məlal çağlar,
   
   Dağlar, məni burax gedim.
   
   Yar dərdimi bilməz oldu,
   
   Göz yaşımı silməz oldu.
   
   Dəli Həsən gəlməz oldu,
   
   Dağlar, məni burax, gedim.
   
   Könlüm zora, gücə düşər,
   
   Heç bilmirəm, necə düşər.
   
   Gün əyilib, gecə düşər,
   
   Dağlar, məni burax, gedim.
   
   Koroğluyam, təpərim var,
   
   Hələ öndə zəfərim var.
   
   Gorusa bir səfərim var,
   
   Dağlar, məni burax, gedim.
   
   Söz tamama yetər-yetməz duman, çən elə çəkildi, elə bil heç yoxmuş. Yol göz işlədikcə açıldı, dağların başında yumurta sarısı kimi ağ buludların arasında üzən günəş göründü. Koroğlu istədi bu əsrarəngiz, sirli gözəlliyə bir qoşmadan-zaddan ismarlasın, artıq gecikdiyini anlayıb bu istəkdən bilmərrə vaz keçdi... Qırğı kimi Qıratın yəhərinə qonub üz qoydu Gorusa sarı... Şər qarışanda çatdı Xanzirəyə. Bu vədə Gorusa girməyin mənasız olduğunu anlayıb atını sürdü bir həyətin darvazasına. Sonrlar məlum olacaq ki, Koroğlu bu qapıya heç də təsadüfi gəlməyib... Əlini atıb elə atın üstündəcə zəngin düyməsini basdı... Alaqapı açıldı, eybəcər bir erməni peyda oldu atın qənşərində. Erməni bir xeyli atlıya baxıb, gözlənilmədən sevincək səslə dedi:
   
   - Ara, Koroğlu, bu sənsən? Ara, xoş gəlmisən, buyur içəri...
   
   Koroğlu əlüstü erməni ilə salamlaşıb atı dəhmərlədi həyətə. Atdan düşdü, atın cilovunu verdi erməniyə. Erməni də cəld atı çəkdi tövləyə tərəf. Koroğlu erməni qayıdanacan telefonunu çıxarıb Eyvaza bu məzmunda bir SMS göndərdi:
   
   "Canım Eyvaz, çatdım Xanzirəyə. Vartanın evinə düşdüm. Səhər tezdən gedəcəyəm Gorusa". Koroğlu.
   
   ... Erməni atı rahatlayıb saz da qoltuğunda qayıtdı Koroğlunun yanına və hər ikisi keçdi evə. Koroğlu baxdı ki, evdə Vartanın arvadı Siranuşdu, uşaqlar yoxdu. Siranuş da bir Siranuş idi. Qara gözlər, qara çatma qaşlar, incə bel, mərmər sinə... Koroğlu tələsik Vartandan soruşdu:
   
   - Ara, ay məssəbsiz, bəs uşaqlar hanı?
   
   Vartan kövrələ-kövrələ dedi:
   
   - Can Koroğlu, uşaqlar bir həftədi Yerevandadı. Xalasıgildə.
   
   Koroğlu bu xəbərdən hədsiz məmnun olsa da sevincini büruzə vermədi:
   
   ... Vartan Siranuşla birlikdə on dəqiqəyə yemək-içmək stolunu hazır etdilər. Stolun üstündə can dərmanı desən tapılardı... Hər üçü əyləşdi stolun ətrafında. Koroğlu yol gəlmişdi, üşümüşdü. Tez arağı açıb stəkanlara süzdü və belə bir sağlıq dedi:
   
   - Vartan kirvə, bunu içək sənin xanımın Siranuşun sağlığına...
   
   Əlbəttə, bu sağlıq mentalitet baxımından o qədər də uğurlu sağlıq deyildi. Çünki elə birinci badəni arvad sağlığına içmək hansısa gizli məqsədlərdən xəbər verirdi. Heyhat, o qədər də savadlı deyildi ki, belə incə mətləbləri başa düşsün. Amma çox güman ki, başa düşürdü və özü belə məqamlara şərait də yaradırdı... Nə isə. Bu bizlik deyil... Koroğlu arağı birbaşa boğazına atıb, bir az gözlədi. Sonra üz-gözünü turşudub Vartana dedi:
   
   - Adə, ay köpəyoğlu, mənim kimi qonağa bu nədi verirsən? Mən girdimə araq içirəm?..
   
   Koroğlunun özündən asılı olmayaraq misri qılıncına uzanan əlini görüb Vartan döndü Lənkəran limonuna:
   
   - Ara, ay Koroğlu, başına dönüm. Vallah, bu arağı dünən ruslardan almışam. Dedilər ki, təmiz "Moskovski Vodka"dı...
   
   ... Koroğlu əlini yellədi və dedi:
   
   - Dur, dur yen padvala, tut arağı gətir... Vartan tələsik qapıdan çıxdı. Vartan qapıdan çıxar-çıxmaz Koroğlu əlini Siranuşin incə belinə keçirib onu çəkdi özünə tərəf... Bu məqam da bizlik deyil... Bir azdan sonra Vartan "başı xamırlılarla" qayıtdı... Bir xeyli yeyib-içdilər. Koroğlu fikir-xəyal içindəydi. Fikirləşirdi ki, Vartanı evdən necə rədd etsin... Axır ki tapdı və üzünü tutdu Vartana:
   
   - Adə, ay qurumsaq, niyə heç soruşmursan ki, xeyirdimi? Burda nə gəzirsən?..
   
   Vartan tut arağının təsirindən xumarlanırdı. Yumulmaqda olan gözlərini qıyıb dedi:
   
   - Ara, bu ev sənindi. Niyə soruşmalıyam ki? Nə vaxt istəsən gələ də bilərsən, gedə də...
   
   Koroğlu gördü ki, bu erməni Mazandaran eşşəyi kimi bir şeydi. Qandıra bilməyəcək, dedi ki, dur sazı gətir... Koroğlu sazı alıb görək erməniyə nəvələri qandırdı:
   
   Necə deyim, ay erməni,
   
   Bir igidim əsir düşüb.
   
   Gözünü aç, dinlə məni,
   
   Bir igidim əsir düşüb.
   
   Çətin dərdim aram olar,
   
   Tikanlı söz yaram olar.
   
   Çörək mənə haram olar,
   
   Bir igidim əsir düşüb
   
   Söz aşığın dilindədi,
   
   Gözlərimin selindədi.
   
   Qoçum düşmən əlindədi,
   
   Bir igidim əsir düşür.
   
   Koroğludu yeltək əsən,
   
   Çoxalıbdı cələ kəsən.
   
   Gorusdadı Dəli Həsən,
   
   Bir igidim əsir düşüb.
   
   Koroğlu sözünü tamam edib sazı qoydu köynəyinə. Vartan hələ də maddım-maddım baxırdı ona. Koroğlu baxdı ki, erməni heç nə anlamayıb, ona görə də saznan dediyini söznən aydınlaşdırdı:
   
   - Ara, ay köpəyoğlu, bir şey başa düşmədin?
   
   Erməni yazıq-yazıq dedi:
   
   - Canım Koroğlu, məssəb haqqı heç nə qanmadım...
   
   Koroğlu otaqda bir xeyli var-gəl edib aşağıdakıları xırdaladı Vartana:
   
   - Bilirsən, kirvə. Üç gün bundan qabaq Dəli Həsəni göndərmişəm Gorusa. Sabah yox birisi gün Eyvazın toyudu. Dəli Həsən Gorusdan toya tut arağı gətirməliydi. Hələ də ondan səs-soraq yoxdu...
   
   Vartan yenə çiyinlərini qısıb dedi:
   
   - Canım Koroğlu, mənim əlimdən nə gəlir ki? Neyləməliyəm mən?
   
   Koroğlu erməninin gözlərinin içinə diqqətlə baxdı və dedi:
   
   - Sən gedirsən Gorusa. Səhərə qədər mənə Dəli Həsənin harda olduğu haqda bir xəbər gətirirsən...
   
   ... Koroğluynan Vartan çıxdılar həyətə. Vartan eşşəyini tövlədən çıxardı çölə. Koroğlu ley kimi Vartanı hop götürüb qoydu eşşəyin belinə. Vartan tərpəndi Gorusa. Koroğlu Vartanın arxasınca bir xeyli baxdı və qayıdıb girdi evə. Evdə Siranuş Koroğlunu səbrsizliklə gözləyirdi... Bu anlar da bizlik deyil.
   
   
   
   (ardı olacaq)

TƏQVİM / ARXİV