adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

QİYAM

3168 | 2014-11-28 01:52
(sənədli hekayə)

(Əvvəli ötən sayımızda)

Hamı qəzəblənmişdi, tikə-tikə, qıyma-qıyma etmək istədilər onlara tərəf gələn Rzaxanı, "alçaq, bunun oğraşlığına bax ey, gör necə həyasızlaşıb, qudurub ki, əsgər ailəsinin namusuna sataşmaq istəyir... Kişilər, qeyrətli oğullar davada - düşmən qabağında, yaşı düşməyib deyə əsgər getməmiş bu biqeyrət gör nə fikirdədi?" İstədilər başını aşağı salıb, onlara tərəf gələn Rzaxanın dərsini versinlər, qoymadı senotdel. "Qıztamam: qəzəblənməyin, haray-həşir qoparmayın, qaçar, qoy lap yaxına gəlsin, sonra çırparıq bu əclafı", - dedi.
Rzaxan çatar-çatmaz qırmancı havada yellədi:
- E hey, Xanım, alağın kötüyünü yaxşı vurmursan ha! Səni qovacam işdən.
Dirsəyini göstərdi:
- Görərsən əməkhaqqı! Ac qalarsan, it kimi köpük qusarsan.
Birdən boğanağa düşdü. Güldəstə əl atıb yapışdı, var gücüylə dartıb atdan saldı onu. Hər tərəfdən tökülüşdülər üstünə. Vur ki, vurasan... Qonşu sahələrdə işə çıxan qadınlar da burdakı hay-harayı, qışqır-bağırı, dava-dalaşı görüb qaçaraq özlərini yetirdilər, biləndə ki, bəs Rzaxan ötən gecə əsgər ailəsinə - Zibeydəyə sataşmaq istəyib, biri də kənarda dayanmadı, onlar da ketmənləri saldılar işə. Çırp ki, çırpasan... Ağrıdan sızıldasa da, ufuldasa da, hələ ağlı özündəydi Rzaxanın, pencəyini keçirmişdi başına.
Zibeydə bu mənzərəni görüb donuq vəziyyətə düşmüşdü. Sonra hıçqırığı kəsməyən gəlini qadınlar qucaqlayıb ağlayırdılar. "Hitlerin balası ölsün... Kənddə başıpapaqlı qoymadı bu dava. Həmid evdə, ailəsinin üstündə olsaydı, nə qələt eləyə bilərdi Rzaxan kimi gədə-güdə".
Rzaxan huşsuz hala düşmüşdü. Ayağa durmağa taqəti yoxdu, lap durdu, bu qadınların əhatəsindən qurtara biləcəkmi?
Birdən sanki ayılan kimi oldular, ağılları gəldi başlarına! İlahi, özün kömək ol, ölübsə ölüb də. bizi basacaqlar türməyə. Gülgəz - bu hündürboy, qarayanız gəlin dedi:
- Aaaz, dayanmayın, əl-ələ verək, boğazına ip bağlayıb sürüyüb ataq şor kanala. Deyərik özü-özünü boğub öldürüb, bizdə nə günah var... Gülxanım, Mirvari, Gülənaz, Saray, Şahbəyim təzə gəlmişdilər deyə hal-qəziyyəni hələ bilmirdilər. Gülxanım ağladı, dizinə döydü:
- Aaaz, bu binəvanı öldürübsüz ki. yazıq neyləmişdi ki? Heç insafınız yoxdu?
Talı Səriyyə dedi:
- Əcəb eləmişik. Tutacaqlar bizi, qoy tutsunlar. Can-cahana bir yol gəlib.
- Bə niyə öldürübsüz, nə günah sahibiydi bu babal?
Balabəyim dilləndi:
- Binamusluq eləmək istəyib. Gecə gedib Zibeydənin üstünə: "Aç qapını, gəlim sənin yanına".
- Bıy, nə danışırsan aaaz... Qudurub, qarnına göy dolanıb bu sağırın? Başsız görüb o gəlini?
- Saray əl atdı ketmənə...
Mirvari onu dala itələdi:
- Aaaz, başına vurma, çırp kürəyinə, qoy qanı içərisinə tökülsün...
Səfiyyə əlini uzatdı o yana, kanalın o tayına:
- Günahın çoxu belə gədə-güdədə yox ey, İbidədi, Mirzəhəsənin oğlu İbidə, o qoyub bu qurumsağı, bic-vələduznanı briqadir. Onun idarəsini dağıtmaq, yandırmaq lazımdı.
Zəhra da əsib-coşdu:
- Qıza, elə günahın böyüyü sədr İbi alçaqdadı də... Niyə qadınlardan briqadir qoymur, hay? Bir arvadı var ey, Gülşahnaz. Kimdən artıqdır, niyə çöl işinə çıxmır, adına havayı əmək günü yazılır, hay? Donuz əti yeyən Qənbərin qızı döyül? Qırmızı kəlağayını atmaca atıb, qanovuzdan köynək geyir... Yetim Gülbacını qabağında qulluqçu saxlayır. Bir qarın çörəyə Gülbacı ona yorğan-döşək sırıyır, uşaq bələyir, yemək bişirir, həyət-bacanı süpürür.
Çox danışdılar və axır sözü bir yerə qoydular: "Acından ölsək belə, heç kim tarlaya çıxmasın. Tərə-türəylə balalarımızı saxlayaq, amma çöl işinə ayaq qoymayaq".
Becərmə-suvarma işləri başlı-başına buraxıldı. Pambıq bitkiləri alaq-ulağın altında qaldı. Bəs neyləməli? Sədr İbi Cavadov, bir ayağını müharibədə qoyub gəlmiş veteran, kənd sovetinin sədri İsgəndər qapı-qapı düşdülər, yalvarıb-yaxardılar, mümkün olmadı, analarn, tarlaya çıxan qız-gəlinin qiyamı yatırılmadı. Xəbər gəldi çatdı raykoma - birinci katib Əhməd Qasımova. O, əvvəl istədi raykomun qadınlarla iş şöbəsinin müdiri Fatma xanım Azərini göndərsin kəndə. Gəlmədi Cürəliyə o. Demə, qiyam haqqında ətraflı məlumatı var imiş.
- Kənd qadınları haqlıdırlar - dedi. - Hansı kişinin, briqadirin nə həddi var, əri əsgərliyə gedən gəlinə sataşsın, gecə qapısına gedib, ona söz atsın?
Şənbə günü milli koloritli, yerli şəraiti gözəl bilən və qiymətləndirməyi bacaran Əhməd Qasımov büro üzvləri və fəallarla birgə gəldi Aşağı Cürəliyə. Hamını topladı kluba. Onun çıxışı ürəklərə su səpdi, xüsusən qiyam edən qadınların hədsiz razılığı ilə qarşılandı. Ə.Qasımov dedi:
- Yaranmış vəziyyət, bu kənddə baş verən hadisə bizi çox narahat edir. Müharibə gedir, hər şey qələbəmiz üçündür. Bu kənd ön cəbhəyə arxadı, köməkdi. Bu gün döyüşən, sinəsini düşmən gülləsinə sipər edən əsgər evindən, qoyub getdiyi ailəsindən arxayın olmalıdı. Əsgər ailəsinin, əri müharibədə olan gəlinin namusu, şərəfi, təmiz adı yüksək tutulmalıdır... Briqadir, o kimdi əsgər ailəsinin üstünə başqa niyyətlə getsin, hə? Görəsən sədr İbi Cavadov yoldaş hara baxır, kənd Sovetinin sədri, partkom utanıb-qızarırlarmı? Sədrə cəza veririk: şiddə tli töhmət. Kənd Sovetinin sədri işdən getməlidi...
Birinci katibin havadarlığı hiddətlənən qadınların qiyamını yatırdı. Kolxozun üç pambıqçılıq briqadasının bütün üzvləri tarlaya çıxdı.

TƏQVİM / ARXİV