adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Noyabr 2014 01:50
3402
GÜNDƏM
A- A+

HƏFTƏNİN SORĞUSU


İndi media yaşadığımız bugünkü həyatın demək olar ki, bütün sahələrindən, baş verən hər bir hadisədən cəmiyyəti xəbərdar etməyi bacarır. Hətta onun sayəsində ölkəmizdən kənardakı olayları belə öyrənmək imkanlarına malikik. Əlbəttə, bu hamının təqdir etdiyi bir prosesdir. Kim ətrafda, ümumiyyətlə, dünyada baş verənləri, başqa insanların fəaliyyətlərini bilmək istəməz ki? Amma...
Amma etiraf edək ki, bu məlumatlar, hadisələr, adamlar sırasında daha çox tanınmış şəxslər, daha səs-küylü olaylar, daha kəskin xarakterli hadisələr insanlara təqdim olunur. Sıradan olan adamların gündəlik qayğıları, məişət problemləri, hansı dərdlərlə günlərini keçirdikləri nisbətən arxa planda yer alır. Ona görə də biz "Həftənin sorğusu"nda tamam əksinə hərəkət edərək ən adi vətəndaşlarımıza üç sual ünvanlayır, onların cavablarını olduğu kimi dərc edirik. Qoy cəmiyyət eksklüziv də olsa öz qayğılarını bir də qəzetdən oxusun. Bəlkə bu, işin xeyirinə oldu...

VERDİYİMİZ
SUALLAR:


- 1-ci sual: Son dövrlər intihar edənlərin sayı çox artıb. Sizin fikrinizcə insanlar niyə canlarına qıyırlar?
- 2-ci sual: Soyuqlar getdikcə artır. Adətən belə zamanlarda mənzillərə verilən təbii qazın təzyiqi çox azalır. Siz belə bir problemlə üzləşirsinizmi?
- 3-cü sual: Qızılın qiymətinin çox ucuzlaşacağı bildirilir. Ucuzlaşma baş versə, bu sizin maddi durumunuza necə təsir edəcək?

1. - Cəfər: (təqaüddə olan həkim) Həqiqətən də son vaxtlar az qala hər gün intihar xəbəri eşidirik. Özü də çox maraqlıdır ki, bu bütün yaş dövrlərini əhatə edir. Ən dəhşətlisi isə budur ki, indi hətta çox yaşlı şəxslər də özlərinə əl qaldırırlar. Mənim fikrimcə bu cür vəziyyət insanların hazırkı zamanda məruz qaldıqları daimi streslərlə bağlıdır. Artan gərginlik sonda insanları belə bir yola əl atmağa məcbur qoyur. Çox yaxşı olar ki, ölkədə bu problemi elmi şəkildə araşdıran, yaxud vətəndaşlara psixoloji yardımlar göstərən mərkəzlər yaradılsın. Fikrimcə bu təhlükəyə barmaqrası baxılmamalıdır.
2. - Bizim mənzil çox uzun müddət bu zəhrimar istilik sistemlərindən əziyyət çəkib. Axırda canımız boğazımıza yığıldı, borc-xərc "konbi" düzəltdirdik. Bizə baha başa gəlsə də bunu elədik. İndi hökumətin istilik sisteminə heç bir ehtiyacımız yoxdur. Mənzilimizdə temperatur normaldı.
3. - Qızılın ucuzlaşıb-bahalaşması vətəndaşlara nə təsir edəcək ki? Bu əsasən hökumətlərə birbaşa təsir eləyir. Hökumətlərə də təsir eləyəndə bunun ziyanını təbii ki, camaat da çəkməli olur. Bizdə evdəki xanımıların bir-iki zinyət əşyasından başqa nə qədər qızıl ola bilər ki, hələ bizə də təsir göstərsin. Heç nə...g

1. - Vaqif: (rəssam) Düz deyirsiz, intiharlar çoxalıb. Ən çox da gənclər bu yola əl atırlar. Əlbəttə, bu çox vacib problemlərdən biridi. Bunun səbəblərini öyrənmək üçün mütləq elm adamlarının tədqiqatı lazımdır. Öyrənilməlidir ki, adamlar niyə özlərinə qıyırlar. Bu cür dərin məsələni ayaqüstü fikirlə düzgün bilmək mümkün deyil. Məncə, bunun müxtəlif səbəbləri mövcuddur.
2. - Vallah, nə deyim. Mənə elə gəlir ki, belə bir problem bizim evdə hələ ki, yaşanmır. Çünki ondan bilirəm ki, əgər belə bir şey olsaydı xanım çoxdn bir "trevoqa" qaldırmışdı.
3. - Məncə təkcə qızıl yox, ümumiyyətlə qiymətli şeylərin dünyadakı qiymət dəyişikliyi heç yaxşı deyil. Qızıl da o cümlədən. Bunun hansı çətinliklərə səbəb olacağını dəqiq bilməsəm də hesab eləyirəm ki, hər kəsə hansısa ziyanı olacaq.

1. - Almaz: (iş yerini söyləmədi) Camaat neyləsin axı? O qədər problemlərlə qarşılaşırlar ki, artıq əsəbləri dözmür. Bir az da zəif xarakterli olanlar belə eləyirlər. Axtarıb maraqlansanız görəcəksiniz ki, hər kəsin o qədər dərd-səri var ki, altından qalxa bilmir. Yoxsa adam niyə özünü öldürsün ki?
2. - Üzləşirsiniz deyəndə ki, cəmi 10-15 gündü ki, bu cür bəladan canımız qurtarıb. İndi-indi soyuq düşdüyünə baxmayaraq qazımız yaxşı yanır. Vallah, əvvəllər qışda qaz elə yanırdı ki, deyirdin bəs şamdı. Allaha çox şükür, indi babatdı...g
3. - Bizə nə təsiri olacaq ki? Qoy bunun dərdini kilolarla qızıl-brilinatı olanlar çəksin. Olsa-olsa bizim kimilərdə bir-iki üzük-sırğa var.

1. - Cəlal: (özəl bank işçisi) Həqiqətən də özlərini öldürənlərin sayı çoxalıb. Məncə bunun səbəbi adamların problemlərinin artmasıyla bağlıdır. Bəziləri çıxış yolu tapmadığı üçün belə bir şeyə əl atırlar.
2. - (gülür) Lap məsələnin onluğundan vurdunuz. Qış aylarında evdə bizim ən çox danışdığımız mövzudur. Elə bil qəsdən soyuqlar düşən kimi qazı azaldırdılar. Amma nə məsələdisə, bu dəfə pis döyül. Göz dəyməsin, şikayət eləyə bilmərəm.
3. - Mənim fikrimcə dünyada qiymətli metalların ucuzlaşması gedirsə bunun mənfi nəticələri də olacaq. Əlbəttə, bu elə döyül ki, kimin evində qızıl-zinət əşyası varsa onlar ziyan çəkəcək. Xeyr, bu ümumi iqtisadi vəziyyətə təsir göstərəcək.

1. - Vəfa: (orta məktəbdə müəllimə) Doğrusu mən bunun eləmi izahını verə bilmərəm, amma hesab eləyirəm ki, insanların yaşayışında çətinliklər çoxaldığı üçün belə problemlər ortaya çıxır. Bəzilərində isə psixoloji problemlər olduğu üçün intihara əl atır. Yoxsa normal vəziyyətdə, insan niyə bu cür qorxunc üsuldan istifadə etsin ki?..
2. - Hələlik belə bir problem yoxdur. Amma inanmıram ki, bütün qış boyu bu cür olacaq. Kaş ki, qazı indiki kimi verəydilər.
3. - Mənim belə məsələlərdən o qədər də başım çıxmır. Ona görə də nəsə deməyim düz olmaz.

1. - Əkbər: (taksi sürücüsü) Müəllim, intiharların sayı artacaq da. Adamlar neyləsinlər axı? Çətinliklər çox, imkanlar zəif. İndi oturub mən problemlərimdən danışsam, dəhşətə gələrsiz. İnanın, qazancımın çoxunu aparıb kreditə ödəyirəm. Çünki başqa çıxış yolum yoxdu. Bu maşını götürməsəydim necə çörəkpulu qazanacaqdım? Böyük oğlumu da 3-4 ay bundan qabaq müdiri işdən çıxarıb. Deyib ki, işçilərin sayı çoxdu, ixtisar aparıram. Belə şey olar? Adamı da qəfildən işsiz qoyarlar? Belə bir şey eləyəcəksən, heç olmasa iki-üç ay qabaqcadan xəbər elə ki, adam gedib başına bir çarə qılsın da...g
2. - Vallah, nə bilim ey. Qazın da dərdini çəkəsi döyüləm ki...g
3. - Guya hər bir işimiz düz idi, qalmışdı qızılımız. Bizdə elə şeylər olmadığı üçün ucuzlaşıb-bahalanmasının bizə heç dəxli yoxdu.


BABƏK YUSİFOĞLU
[email protected]