adalet.az header logo
  • Bakı 17°C
27 Noyabr 2014 15:00
7602
MƏDƏNİYYƏT
A- A+

Daşkənd saytında Azərbaycan çörəyi - lavaş haqqında məqalə

Daşkənddəki sharh.uz saytında qədim Azərbaycan çörəyi - lavaş haqqında rus dilində məqalə yerləşdirilib.

Materialda deyilir ki, ta qədimdən lavaş buğda unundan hazırlanır, xəmirə yalnız duz vurulur, sonra oxlovda çox nazik yayılaraq oval formaya gətirilir və təndirə yapılır. Lavaşın uzunluğu 35-90 santimetr, bəzən bir az da artıq olur. Deyilir ki, Azərbaycanda təndirin "Çala”, "Doyma”, Şirəli”, "Qoyma”, "Kürə” və digər növlərindən istifadə edilir. Qeyd olunur ki, kürədə də lavaş bişirilir və belə çörək dəyirmi formada olur.

Tarixçilərin gəldiyi qənaətə görə lavaşın 6 min ildən çox yaşı var.

Məqalədə qeyd edilir ki, lavaşı tək qadın bişirə bilməz, bu çox çətindir. Ona görə də qonşulardan ən azı üç qadın yığılır, biri kündə tutur, o biri yayır, üçüncüsü isə təndirə yapır. Növbəti gün o biri qonşuya çörək bişirilir. Hər ailə iki bəzən üç aya çatacaq qədər lavaş bişirir. Təzə bişiriləndə yumşaq olan lavaş qaldıqca quruyur, istifadə edilməzdən 15-20 dəqiqə əvvəl sulanır.

Məqalədə deyilir ki, Mahmud Kaşğarinin məşhur "Divani Lüğəti-Türk” əsəri, Yusif Balasaqunlunun "Kutatqu bilik” kitabı, Nizami Gəncəvi, Məhsəti Gəncəvi və Xaqani Şirvaninin əsərlərində lavaşın adı çəkilir.

Qeyd edək ki, bundan əvvəl Daşkənddəki uchildiz.uz saytında da lavaş haqqında material verilmişdi. (Azərtac)