adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Noyabr 2014 14:44
3245
GÜNDƏM
A- A+

İlham Əliyev Koreyanın baş nazirini qəbul etdi

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 27-də Koreyanın baş naziri Çanq Honq Vonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Adalet.az-ın məlumatına görə, prezident İ. Əliyev əmin olduğunu bildirib ki, bu səfər ikitərəfli münasibətlərə yeni impuls verəcək: "Biz əlaqələrimizin inkişafından razıyıq. Bu əlaqələr çox dinamik irəliləyir, getdikcə yeni sahələri əhatə edir və inkişaf üçün yaxşı potensiala malikdir. Siyasi səviyyədə möhkəm əlaqələr iqtisadi sahədə, biznes sahəsində yaxşı nəticələr əldə olunmasına kömək edir. Sizin ölkənizin əksər şirkəti Azərbaycanda müxtəlif layihələrdə fəal iştirak edir. Əminəm ki, Sizin səfəriniz ikitərəfli münasibətlərimizə də yeni təkan verəcək və faydalı olacaq”.

Öz növbəsində, qonaq Azərbaycana səfərinə böyük önəm verdiyini qeyd edib: "Çünki Azərbaycan Qafqaz mədəniyyətinin, həmçinin Xəzər regionunun mərkəzidir. Azərbaycan Sizin parlaq rəhbərliyiniz altında möhkəm siyasi sabitlik əsasında gur inkişaf yolu keçir. Sizin prezidentliyiniz dövründə ölkənizin gəlirləri 10 dəfə artıb və bunu Azərbaycanın möcüzəsi hesab etmək olar. Buna görə də Sizə böyük hörmətimi bildirmək istərdim. Biz diplomatik münasibətlərimizi 20 il əvvəl qurmuşuq. Bu, qısa müddətdir. Buna baxmayaraq, münasibətlərimiz sürətlə inkişaf edir”.

Görüşdə Azərbaycanla Koreya arasında infrastruktur, energetika, inşaat, informasiya texnologiyaları, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.