adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

FƏLƏYiN üZü DÖNƏNDiR

18467 | 2008-02-16 07:54
Bu dünyada hər nə varsa, yaxşı görmək üçün ona yaxından baxmaq lazımdır. Yalnız bir şeydən başqa - bu, tarixdir, tarixi hadisələr, şəxsiyyətlərdir. Onlara yalnız uzaqdan baxanda daha aydın görünür, duyulur, anlaşılırlar. İyirminci əsrdə 70 il əzəmətli imperiyanın tərkibində yaşadıq. Zaman keçdikcə içində çalxalandığımız o böyük nehrənin özünü də, "yağı yağ, ayranı ayran" olan özümüzü də daha doğru tanımağa başlayırıq. Yeddi rəqəmi bizə həmişə əzizdir. Biz hər zaman İlahidən yeddi oğul istəmişik. Yetmiş ildə yeddi rəhbərimiz oldu. Şəxsiyyət kimi sayılanı, sayılmayanı da var idi. Amma bir yerdə sayanda sayı düz gəldi, yeddi oldu: Lenin, Stalin, Xruşşov, Brejnev, Andropov, Çernenko və Qorbaçov. Hər biri dövlət maşınını ölkənin əyri yollarında düz sürmək üçün sükanı bir az sağa, bir az sola burdu. Gələndə noğul kimi şirin-şəkər bildiyimiz oğullar bizə nə nağıllar vəd etdilər, bəs, gerçəklər nə oldu... Gələndə Rüstəmi-Zal, gedəndə lal-kar olan yeddi oğulun aqibətindən indi də yeddi oğul istərəm ki, dərs alsın. O dövlət də getdi, o oğullar oxuduğumuz dərsliklərdə qalmadı. Şahlıq quşuna həmişəlik bir yerdə oturmağı kimsə öyrədə bilmədi. Çox dolaşıb seçdiyi ən qiymətli başda da, yol azıb yorulduğundan təsadüfən qonduğu dəyərsiz başda da əbədi qalacağını kimsəyə vəd etmədi. Gəzən çoxdu, amma gəzəyən adı təkcə Şahlıq quşuna yaraşdı. Səmada pərvazlanıb ölkələr gəzdi. Qonduğu başların başına gələnləri hamıya danışdı. Danışdı ki, bilib agah olaq. Danışdı ki, agah olduqlarımızdan doğru nəticə çıxaraq. Danışdı ki, dünyada əbədi var olan, göylərdə-yerlərdə dövranını sürüb tarix saatının göstəricisiylə bir anlıq o bəxtəvər başa mehman olan Şahlıq quşunun yanında kimsə özünü növbəti dəfə qiymətsiz etməsin. Tarix saatının ərəbləriysə öz bildiyi kimi işləyir... Həm saatın əqrəbləri, həm də ətrafımızda dolaşıb bizi yerimizdən oynadan, ağlımızı qaçıran ölümcül zəhərli əqrəblər bir an belə dayanmır. Hərdən tarixi vərəqləyib ondan ibrət dərsi almaqda fayda var.
   
   
   
   ***
   
   
   
   (əvvəli ötən şənbə sayımızda)
   
   
   
   Leonid Brejnev haqqında sağlığında və vəfatından sonra yazılan çoxsaylı kitablarda bir-birinə zidd fikirlər səslənir, fəaliyyətinə fərqli qiymət verilir. Onun göylərə qaldırıldığını da gördük. Son mənzilə yola salınarkən, kiminsə əlindən sürüşüb çıxan və tappıltıyla qəbrə düşən tabutunun səsini də eşitdik. Durğunluq dövrü bütünlüklə patriarxın ayağına yazıldı. İndi o dövrü stabillik, sabitlik, əmin-amanlıq, rahatlıq illəri kimi yad edənlər Rusiyada çoxalır. Brejnevin anadan olmasının 100 illiyi ərəfəsində bu əhval-ruhiyyə mətbuat səhifələrində dərc olunan yazılarda da aydın hiss olunurdu. Amma bu bir həqiqətdir ki, 1964-1982-ci illər arası SSRİ-yə rəhbərlik edən sayca dördüncü hakimi-mütləqi də ömrünün son illərində şəxsiyyətə pərəstiş mərəzinə yoluxdurdular. Nəticədə Leonid İliç yaşlaşdıqca ixtiyarlaşmaqdansa, dünyanın gözü önündə getdikcə uşaqlaşırdı...
   
   70-ci illərin ortalarından Brejnevin səhhətində ciddi problemlər özünü büruzə verdi. O, daim həkim nəzarətində idi. Çox sonralar açıqlandı ki, hələ 1976-cı ildə Baş katib klinik ölüm vəziyyətinə düşübmüş. Həkimlərin səyi olmasaydı ikinci İliçimizlə alti il əvvəl vidalaşacaqdıq. Qəribədir, müəyyən an gəlir, insan hər şeydən bezir: hətta var-dövlətdən, şan-şöhrətdən, hakimiyyətdən də... Könül rahatlığını başqa yerdə, başqa şeydə axtarır. Həyat adlı uzun məsafəli marafonda illər boyu qazandığı qələbələr, ödüllər ilkin dəyərini itirməyə başlayır. Bəzən səadətin mənasını əvvəllər fərqində olmadığı ən adi şeylərdə tapır. Xoşbəxtlik üçün ən gərəkli nə varsa, insana bu qədər yaxın ikən, uzaqlarda görünən ilğıma doğru bu qədər vaxt qovhaqovla çapmağa dəyərdimi? Bütün maddi nemətlərə malik olanların sahib ola bilmədiyi, sən demə, o qədər adi və ali sevda varmış, İlahi. Əfsus ki, bunu ömür kitabının son səhifələrinə yetişəndə anlamağa başlayırsan... İxtiyar sahibi Brejnevin öz ixtiyarı əlində olsaydı yetmişinci illərin sonunda sağlıq durumuyla bağlı vəzifəsindən istefa verər, Moskva yaxınlığındakı iqamətgahlardan birində rahat yaşayardı. Asudə vaxtlarında müxtəlif markalı minik maşınlarını bir-bir işə salar, bahalı qızıl saatlarına, digər qiymətli hədiyyələrinə doyunca baxmaqdan həzz alardı. Fəqət, ona bu imkanı kim verərdi? Xəstə Brejnevin ətrafındakı Leninçi qvardiyaya yarı əlil, yarı zəlil vəziyyətdə ömür karvanını sürən Baş katib daha sərfəli idi. İdarə olunan padişah əyanlara hərtərəfli əlverişliydi. Rəhbər deyirdi ki, çətinlik çəkirəm, yeriyə bilmirəm. Cavabında "yeriməyə ehtiyac yox, biz sizi hara desəz apararıq,"- sözlərini eşidirdi. Deyirdi, "tez yoruluram, taqətim qalmayıb, əvvəlki halım yoxdur". Onu sakitləşdirirdilər: "bunun çarəsi Çazovdadır. Siz narahat olmayın, o, öz işini yaxşı bilir". Leonid İliçə təlqin edirdilər ki, az qala Vladimir İliç Lenin kimi bütün canlılardan canlıdır. Milyon tirajla cap olunan "Kiçik torpaq", "Xam torpaqlar", "Dirçəliş" kitablarının ədəbiyyat sahəsində Lenin mükafatına layiq görülməsi də zorən-yazarın sönməkdə olan ruhunu dirçəltmədi. Ara-sıra xəstələnəcəkdi, vəziyyəti pisləşəcəkdi, sonra yenə televizorda görünəcəkdi, kimlərisə qəbul edəcəkdi, dadsız-duzsuz çıxışlarını eşidəcəkdik və ölümlə mücadilə edən rəhbərin yenə siyasi rinqə çıxmasına sevinəcəkdik. Görən, bu dəfə neçə raund dayana biləcəkdi? Biz onun əsl azarkeşləri idik. Axı, sevimli Leonid İliçimiz həm də bizim doğma Bakımızın "Fəxri vətəndaşı" idi...
   
   
   
   ***
   
   Hər insan övladının tərbiyəli, təhsilli böyüyüb boya-başa çatmasını, cəmiyyətdə yaxşı mövqe tutmasını, özünə arxa-dayaq olmasını diləyir. Lakin hər zaman belə olmur. Nədən belə olmur sualının da o qədər səbəbi var ki, saymaqla tükənməz. Bircə onu bilirəm ki, yalnız dayaz və cahil adamlara elə gəlir ki, bu məsələdə hər şey təkcə ailə tərbiyəsindən asılıdır. Baş katib Brejnevin ailəsində də belə bir problem yaşanırdı. Qızı Qalina tələbəlik illərindən bəla olmuşdu onun başına. Təsəvvür edin ki, təqvimdə 1951-ci ildir. Mahiyyəti hamıya məlum olan Stalin rejimi, Beriyanın amansız repressiya maşını öz minvalı ilə işləyir. Faşızm üzərində qələbə qazanan çoxmillətli sovet xalqı indi də əmək cəbhəsində səfərbər olub sənayedə, kənd təsərrüfatında yaranan geriliyi aradan qaldırır, dağıdılan şəhərlərin, kəndlərin bərpasıyla məşğuldur. Brejnev Moldova Kommunıst Partiyası Mərkəzi Komitəsinin birinci katibidir. Kişinyov Universitetində təhsil alan qızı isə komsomol sıralarına qəbul olmaqdan qəti imtina edir. İş o yerə çatır ki, Leonid İliç özü Universitetə gəlib Qalinanın rəfiqələriylə görüşür. Yeganə xahişi bu olur ki, bir təhər onu dilə tutub yola gətirsınlər. Axı, söz böyüyüb, dağlar, dərələr aşıb Moskvaya çata bilərdi. Məsələ Stalin yoldaşa məruzə edilsə, onun aqibəti kim bilir necə olacaqdı. Axı, Mərkəzi Komitə katibinin ailə üzvlərinin siyasi əqidəsinin qeyri-müəyyən olması yolverilməz idi. O vaxt 22 yaşlı Qalinanı başqa qayğılar bürümüşdü. Kişinyovda qostrol səfərində olan "Şapito" sirkinin Yevgeni Maleyev adlı akrobatı qızın olan-qalan ağlını da başından çıxarmışdı. Təhsilini yarımçıq buraxıb özündən 20 yaş böyük, iki uşaq atası olan kişiyə qoşulub evdən getdi. O, sirk truppasının tərkibində ölkələr dolaşır, qayğısız günlərini yaşayırdı. Zaman keçdıkcə əriylə olan münasıbətləri sərinləşdi. Bu minvalla yaxşı-pis on ilə yaxın vaxt ötdü. Günlərin birində Yaponiyaya qostrol səfərində 32 yaşlı mötəbər xanımın vurğun qəlbini özündən xeyli cavan olan sehrbaz İqor Kio ovsunladı. Kio ilə keçirdiyi romantik Tokio gecələrinin birində Oalinanın soyuqqanlıqla akrobat ərinə dediyi sözlər təxminən belə oldu: "Mən artıq başqasını sevirəm. Səninlə boşanmaq qərarına gəlmişəm". Vətənə qayıtdıqdan sonra Rusiya şəhərlərinin birində İqorla kəbin də kəsdirdilər. Fəqət, qızının özbaşınalığından qəzəblənən, o zaman artıq Moskvada çalışan nüfuzlu ata bu işə qol qoymadı, aləmi bir-birinə qatdı. Onları Soçidə tapdılar. Sənədlərini əllərindən alıb, özlərini təcili Moskvaya göndərdilər. Qalınanın ikinci izdivacı rəsmən pozuldu. Qurşfeld-Renard İqor (Kionun sənədlərdə göstərilən əsl adı belə idi.-E.B.) bir neçə gün sonra evlilik qeydiyyatı olmayan yeni vətəndaşlıq pasportu aldı. Lakin, Qalinanın sehrbazla olan fokusları bundan sonra da xeyli davam etdi.
   
   Leonid İliçin vəzifəsi böyüdükcə, ictimai-siyasi aləmdə nüfuzu artdıqca qızının pərəstişkarları da çoxalırdı. Yevgeni Maleyev və İqor Kiodan sonra onun məhəbbətini qazanan daha bir qoçaq tapıldı. Bu bəxtəvər yaraşıqlı, qəddi-qamətli Yura idi. O da evliydi, iki övlad atasıydı. Amma, Qalina ilə təsadüfən yaxınlaşandan sonra onu ilk məhəbbətinin gələcəyi deyil, öz karyerası düşündürürdü. Zabit əmin idi ki, yeni sevgilisinin soyadı yaxın gələcəkdə onun üzünə bütün qapıları açacaq, yeni uğurlarının rəhni olacaq. Bu sevdanın oduna yanmağa dəyərdi... Bir gün Qalina onu valideynlərilə tanış etmək üçün evlərinə apardı. Brejnev qızının növbəti namizədini təmkinlə qarşıladı. Düşündü ki, bəlkə bu cavan milisioner şıltaq qızın əl-ayağını yığışdıra bildi. Təzə kürəkən ölkə başçısıyla qohumluq əlaqəsindən sonra Daxili İşlər orqanlarında sürətlə yüksəlməyə başladı. On il ərzində podpolkovnik Çurbanov general-leytenant rütbəsinə qədər qalxdı, nazirin birinci müavini vəzifəsini tutdu. Amma, nə yazıq ki, beynində daim sərsəri küləklər dolaşan Qalinanı özünə ram edə bilmədi. Bir qədər sonra general arvadının növbəti dəfə ağlı başından qaçırıldı və bu dəfə "cani" 20 yaş (!) özündən cavan qaraçı teatrının artisti Boris Buryatsev idi. Alababat tenor səsli Boris üçün böyük hamisinin sayəsində Boyük teatrın qapıları taybatay açıldı. Buna baxmayaraq, onun həyatda yaratdığı ən böyük rol yenə də Qalinanın məşuqu obrazı oldu. O gündən hər kəsin diqqətini çəkən Böyük teatrın kiçik solisti tək tamaşaçı - Curbanovun inadkar xanımı Qalina ilə yarı gizli yaşamağa məhkum oldu. Bu da bizə18 il rəhbərlik edən, millətə mənəviyat dərsi verən Baş katibin ailəsindəki "sağlam" mənəvi iqlim şəraiti... Tarıxdə belə hallar cox olub: hamı ilə bacaran, ölkələr fəth edən hökmdarlar da bəzən ailə üzvlərinin əlində aciz qalıblar. Ya arvadlarının, ya övladlarının köləsi olublar. Brejnev özü deyirdi ki, mən bir gözümlə ölkəyə, digəriylə qızıma nəzarət edirəm. Demək, 260 milyon insana və bir şıltaq qıza Leonid İliç eyni ölçülü iki pəncərədən diqqət ayırırdı. Bəlkə ona görə ölkədəki real vəziyyətdən cox vaxt xəbərsiz olurdu? Nəticə də göz qabağında. Qalina onsuz da su dəyirmanı kimi, oz bildiyini edirdi, çax-çaxu isə ancaq Baş katibin başını ağrıdırdı, ata kimi qəlbini yaralayırdı. Amma, şıltaq şahzadə qızn ağlamalı günləri hələ qabaqdaydı. Kübar məclislərin yaraşığının atasından sonra süfrəsinin bəzəyi, könlünün sirdaşı, dərdinin dilmançı gör kimlər olacaqdı...

TƏQVİM / ARXİV