adalet.az header logo
  • Bakı 20°C

QİYAM

3342 | 2014-11-27 01:39
(sənədli hekayə)

Narahat keçirmişdi gecəni: bircəsi, şirin-şəkər balası, Mirzə ilə xoşbəxt günlərinin yadigarı Həmid qızdırma içində qovrulurdu, dili-dodağı uçuqlamışdı, hey su versə də dodaqları qupquru idi. Lap səhərə yaxın huş apardı körpəni və ağlamaqdan şişmiş göz qapaqları öz-özünə yumuldu Zibeydənin. Ah, ah, aman Allah, Mirzədi bu? Tarmaşa söykənib, yan-yana yatan ana-balaya tamaşa eyləyir...g Hövlləndi, istədi qışqıra, qulağına Mirzənin səsi gəldi: "Səbr elə, bir az da döz, az qalıb davanın qurtarmasına, lap az qalıb... Gələcəm, əzizim, gələcəm. Gözlə məni Günəş doğanda! Təkliyin, aclığın, səfalətin əlindən alacam səni. Biz yenə xoşbəxt olacağıq".
Ötən il, Həmidin bir yaşı olanda, Mirzə getmişdi döyüşən orduya. Əvvəllər tez-tez məktubu gəlirdi, son üç ayda xəbər-ətər yoxdu, niyə məktub göndərməsin? Bu, onsuz da əsəbi, hər xırda söz-söhbətdən hirslənib özündən çıxan Zibeydənin əzabını qat-qat artırırdı.
... Mirzəylə cəmi ikicə il yaşadığı illər üçün burnunun ucu göynəyirdi, o günlər xəyalında canlandı və yadına haçansa eşitdiyi bir bayatı düşdü:

Əzizinəm, kəsdi gəl
Kəmər belim kəsdi gəl.
Heç nəyin istəmirəm,
Bircə gözün bəsdi, gəl.

Kimsə astaca qapını döyürdü. Bu vaxt kim olar? Anası bir az uzaqda yaşayır, bəkə odu, uşağın vəziyyətini bilmək üçün gəlib, hə? Qapı arxasından pıçıltı eşidildi:
- Zibi, mənəm ey, Rzaxan, səni görmək istəyirəm. qurban olaram sənə. Aç qapını də...
Nə? Rzaxan? Vücudu titrədi:
- Rədd ol, alçaq köpəkoğlu... Utanmaz! Rədd ol burdan! Niyə gəlibsən, nə itin azıb mənim qapımda?
Əlindəki stəkanı çırpdı qapıya. Sakitlik çökdü həyətə. Və bu sakitliyi hindəki xoruzların səsi pozdu. Deyəsən səhərin gəlişinə çox qalmamışdı.
Bir azdan yenə briqadir Rzaxanın pıçıltısını eşitdi:
- Zibi, qulaq as mənə... Ölürəm səndən ötrü. Yuxum çəkilib ərşə. Gözlərimin içindəsən. Ağez, alacam ey səni. Düz sözümdü, inan mənə... O bircə balana da ata olacam. Çörək gətir and içim. İnsafın olsun Zibi, aç qapını...
"Ölüm istəyirəm, İlahi, ölüm ver mənə. Bu, nə müsibətdi düşdüm? Kimdi o? Heç Mirzənin atılan dırnağına da dəyməz... Biqeyrət, nakişi..." Əsgərliyə gedəndi Mirzənin ona, körpə Həmidə zillənən baxışlarını xatırladı. Həsrət, intizar, nigarançılıq var idi o baxışlarda. Nə deyirdi mənə Mirzə? Birdən özündən asılı olmayaraq qışqırdı:
"Yox, yoox, özümü öldürərəm, Rzaxan kimi gədə-güdəyə "hə" demərəm, nolsun briqadirdi. Allah qəzəb elər mənə. Özümü asaram, Mİrzənin yatağına heç kimi qoymaram. O, mənim ilk əhdim, ilqarımdı, imanımdı... Şeytan girdi qəlbinə, bəlkə qayıtmadı Mirzə hə? Bəs onda? Yoox, bircə Həmidi böyüdərəm, kişi eləyərəm... Qadının bir bəxti olar, iki yox... Xəyalında hündür boylu, qaragözlü Həmid canlandı. Bax ey, necə də Mirzəyə oxşayır...
...İki gündü hərlənib-fırlanıb yanına gəlirdi Rzaxan. Bir dəfə əlindən ketməni alıb, iki cərgənin alağını da təmizlədi. Qəribə, başqa cür baxırdı mənə o alçaq... Ötən ay o birilərinə nisbətən 10 manat çox pul yazmışdı. məqsədi var imiş köpəkoğlunun...
Dərd götürmüşdü gəlini. Düşünürdü, götür-qoy eləyirdi öz-özünə: nə təhər eləsin, bu sirri faş eləsin, orda-burda danışsa, ağzıgöyçəklərin hərəsi bir hədyan, böhtan düzəldər. Rusvay olmazmı? Kim inanar yolumu azmamışam?
Səhər-səhər uşağı anasına verib ayaq körpüsündən kanalı adladı, gəldi tarlaya ketmənini götürüb düşdü bölgüdə ona ayrılan cərgələrin arasına. 4-5 gün əvvəl alağını məhv elədiyi sahədə bu çayır zəhrimar yenə göyrəmişdi. Baş tərəfdə, su arxının üstündə sudan otu, qamış da boy verirdi. Elə təzəcə başını aşağı salıb işə başlamışdı ki, arxada hənirti his etdi. vay, budu Rzaxan yenə at belində gəlir ona tərəf, istədi çata-çat söysün, zəhərləsin onu, amma hövsələsini basdı, bəlkə qapını açmadığı üçün əl çəkib qara-qura niyyətindən? İnsandı, səhvini başa düşüb dönər yolundan...
Ay-hay, Rzaxana bax, buna bax! Deyəsən lap həyasızlaşıb, çıxıb əndazədən. Yenə başladı səfehləməyə. Daha dözməyə, səbr etməyə tabı-tavam tükəndi bu həyasızlığa, bu rüsvayçılığa, əlindəki ketməni hirslə, hikkəylə tulazladı briqadirin üstünə, qışqıra-qışqıra, ağlaya ağlaya qaçdı sahəyə elə indicə gələn Güldəstənin yanına. Üzü üstə düşdü torpağa... Çığırtısına o biri qadınlar da tökülüşüb gəldilər. Noolub? Kim xətrinə dəydi, kim ağlatdı onu? Bəlkə acdı, ürəyi halsız olub, bəlkə... hıçqırdı, hıçqırdı, sonra toxdadı, durub oturdu, içini çəkə-çəkə Rzaxanın alçaq niyyətini, o başdan onun evinə gəldiyini açıqladı iş yoldaşlarına...
(Ardı var)

TƏQVİM / ARXİV