GÖRÜNDÜYÜ VƏ OLDUĞU KİMİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
69710 | 2014-11-27 01:35
"İçimdəki adamlar" silsiləsindən

Yaşayan dünya adamı


Düşünməyin ki, çox obrazlı, poetik bir başlıq olan bu sərlövhə hansısa şairə, yazıçıya, rəssama, bəstəkara, heykəltaraşa həsr olunub. Xeyr, bu yazının kimin barəsində olduğunu oxuyub başa çıxanda özünüz mənim bugünkü qəhrəmanımı yazıçı kimi də, şair kimi də, rəssam kimi də, heykəltaraş kimi də sevəcəksiniz və görəcəksiniz ki, mən bu böyük mənaları ifadə edən, sənət ünvanını göstərən sözləri təsadüfdən seçməmişəm. Bir də onu görəcəksiniz ki, mən bəlkə də bir az xəsislik etmişəm, daha böyük, daha geniş mənaları özümdə birləşdirən sözləri dilə gətirməmişəm. Təbii ki, bu da səbəbsiz deyil. Həmin o böyük anlamlı sözləri, ifadələri işlətməkdə ehtiyatlanmışam. Çünki mən onu yaxşı tanıyıram. Xarakterinə, həyata baxışına, hətta özünün özünə yanaşmasına da bələdəm. Ona görə də o böyük pafoslu, böyük mənalı sözlərdən qaçdım. Bildim ki, sadədən sadə, ziyalıdan ziyalı olan bu kişi o fikirləri, o sözləri qəbul etməyəcək, hətta məni qınayacaq. Necə deyərlər, mən də işimi bəri başdan ehtiyatlı tutdum. İstəmədim ki, ona toxunan, onu incidə bilən hansısa bir sözü, ifadəni işlədim. Axı o mənim içimdəki adamlardan biridi və mən də bu adamları sizə təqdim edəndə birmənalı olaraq həm də özümü təqdim edirəm. Yeri gəlmişkən, atalar deyib ki, "dostunu, qardaşını göstər, sənin də kimliyini deyim". Bunu sözgəlişi yazdım. Barəsində özünüz düşünərsiniz, əgər istəsəniz...
Çox səmimi bir etirafı dilə gətirirəm. Mən onu Azərbaycanın müstəqilliyinin ilk illərindən, yəni siyasi burulğanın tüğyan etdiyi, sözün urvatdan, insanın dəyərdən düşdüyü, cəmiyyətin hövsələsinin daraldığı bir zamanda tanıdım. Bu elə bir zaman idi ki, az qala ağız deyəni qulaq da eşitmirdi. Amma məhz həmin o zamanın içində fərqli kişilər var idi ki, onların dediklərini təkcə öz qulaqları yox, həm də eşitməyə maraqlı, həvəsli, eləcə də ehtiyacı olan insanların qulaqları eşidirdi və bu səsə, bu sözə yavaş-yavaş qiymət verirdi. Mən bir mətbuat işiçsi olaraq həmin o illərin media arenasında ortaboylu, qarayanız və son dərəcə diqqətli baxışları olan bir şəxsin, bir insanın açıqlamaları ilə, yazıları ilə qarşılaşırdım. Özü də onun açıqlamaları, rəyləri, yazıları o qədər sadə olurdu ki, sanki orta məktəb müəllimi oxucuya, onu dinləyənə nəyisə elementar qaydalara uyğun şəkildə izah etməyə çalışırdı. Düzü, siyasi müstəviyə gəlib və bu qədər sadə bir şəkildə də hadisələrə, ətrafda baş verənlərə, Qarabağ probleminə, ən vacibi isə insan amilinə münasibət sərgiləmək həm maraqlı idi, həm də bir az mənə sadəlöhvlük kimi təsir bağışlayırdı. Elə bilirdim ki, bu hansısa bir savadlı müəllimin ötəri bir hissidi, istəyidi, keçib gedəcək. Amma zaman mənim yanıldığımı özümə sübut etdi, elə mənim kimi düşünənlərə də. Bizlərə aydın oldu ki, siyasi müstəviyə gələn, hadisələri görən və bəzən onu qabaqlayan, bəzən də onu lap ürəyinin özəyindən xəbər verən bu ortaboylu, qarayanız ziyalı məsələlərə aydınlıq gətirən AYDIN bir insandı. Özü də təkcə bu aydınlıq onun içinin işıqlı, nurlu olması demək deyildi. Görünür, ona ad qoyanlar onun iç dünyasını əvvəlcədən biliblər və ürəyinə görə də adını qoyublar.
Bəli, həmin o siyasi hadisələrin durulduğu zamanda biz artıq onunla ara-sıra əlaqə saxlayır, bir qəzetçi kimi suallarını cavablandırır və bəzən özü redaksiyamıza zəng vurub hər hansı bir yazıya, məqaləyə, rəyə münasibətini bildirir, xoş sözlər dilə gətirirdi. Yəqin bütün bunlar mənim tale yazımın özümə bəlli olmayan tərəfi imiş. Çünki aylar, illər ötdükcə bu təmaslar, bu telefon zəngləri o qədər doğmalaşdı ki, günlərin bir günündə mən bu aydın adamı, bu işıqlı ziyalını ürəyimin içində gördüm. Özü də təkcə siyasi savadına, dünya görüşünə, cəmiyyətdə tutduğu yerə görə yox, bəlkə də daha çox əxlaqına, mənəviyyatına görə. Bax, bu da mənim iç dünyamın bir açarı oldu. Həmin o aydın insan, o əxlaq, o mənəviyyat açarı ilə ürəyimin qapısını açdı...
Bugünkü kimi yadımdadı. İlk dəfə onunla 1994-cü ildə, təqribən may ayının birinci ongünlüyündə görüşdük. Həmişə ancaq telefonla əlaqə saxlayıb hal-xoş etdiyim, söhbətləşdiyim Aydın müəllimlə ilk dəfə onda bir verilişin qonağı kimi yanaşı əyləşdik. Dövlət televiziyasının həmin verilişində bizdən başqa professor, millət vəkili Musa Qasımlı və "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də iştirak edirdi. Veriliş öncəsi, eləcə də verilişdən sonra onun ayırdığı vaxtdan istifadə edib biz xeyli fikir mübadiləsi apardıq. Yalnız mən onda bildim ki, Aydın müəllim Mingəçevir şəhərində doğulub... yalnız onda bildm ki, Aydın müəllimin pedaqoji təcrübəsi var... yalnız onda bildim ki, Aydın müəllimin ailəsindəki xanım da uşaqların təlim-tərbiyəsi ilə məşğuldur... və bir də onda bildim ki, Aydın müəllim iki övlad atasıdı. Bütün bunları bilmək yalnız qəlbən, ruhən yaxın olan adamlar üçün münasib sayılır. Aydın müəllim ürəyini açmaqla mənim özünə bir az da yaxın gəlməyimə icazə verdi. Bu da həm istiqanlılığın, həm sadəliyin, həm də qarşısında əyləşənin içini görməyin, bacarmağın bir əlaməti idi. Mən də onda hiss etdim ki, Aydın müəllim birmənalı şəkildə mənim iç dünyamı, mənim ürəyimi görür. Zaman yanılmadığımı təkrar-təkrar sübut etdi. Bizim o dostluğumuz bir pöhrə kimi böyüməyə, qol-budaq atmağa, xan çinar olmağa başladı. Elə bir çinar ki, onun saralan yarpaqları da özünəməxsus qızılı rəngi ilə mənalar ifadə etdi və etməkdədi də. O rənglər ömrümüzün səhifələridi, məqamlarıdı, yəni bizim kompleksimizdi. Axı insan həmişə deyib gülmür, həmişə sevinmir, həmişə qələbə qazanmır. Normal insanın həyatı rəngarəng olur, sevinclə, kədərlə, uğurla uğursuzluqla, həm də normal insanın həyatında bir əqidə, bir də mübarizə əzmi hakim mövqe tutur. Bu da onun öz yoluyla şair Vaqif Bayatılı demiş, başını aşağı salıb getməsinə həm stimul verir, həm də əlavə enerji...
Bu yazını yazdıqca gözümün önündən Aydın müəllimlə birlikdə keçən günlərimi, anlarımı, bütövlükdə zaman kəsiklərini canlandırıram. Və o zaman kəsiyinin hər biri mənə həm ən əziz xatirə, həm də ən uzun, necə deyərlər, sonu görünməyən xoş anlar kimi gəlir. Çünki həmin o vaxtın içində mən bir ziyalıyla, bir işıqla, bir Azərbaycan aydınıyla yol-yoldaşı olmuşam, üz-üzə oturmuşam, fikirlərimi bölüşmüşəm. Hətta ən ağrılı hisslərimi, ən ağrılı və zərurətdən doğan problemlərimi dilə gətirmişəm. Hansı ki, bunu öz içinlə bölüşə bilərsən, öz içindəkinə deyə bilərsən...
Səhhətimdə problem yaranmışdı, müalicə olunurdum. Telefonuma zəng gəldi. Aydın müəllim idi. Hal-xoş etdi və sonra birbaşa mövzuya keçdi:

- Neçə müddətdi "Ədalət"də yazılarını görmürəm, nə məsələdi?
Cavab verdim ki, müalicə olunuram, xəstəxanadayam. Ünvanı soruşdu. Mən də təbii ki, dedim. Aradan çox qısa bir vaxt keçdi. Bir də gördüm ki, xəstəxana otağının qapısı döyülür. Kiminsə gələcəyini gözləmədiyimdən elə çarpayıda uzandığım vəziyyətdə "buyurn" - dedim. Qapı açıldı. Dərhal yerimdən ayağa qalxdım. Gələn Aydın müəllim idi. Xeyli söhbət etdik. Bir qardaş, bir dost ərki ilə bir azca qınadı məni. Sonra xəstəxananın baş həkimi ilə də görüşüb getdi. O gedəndən sonra baş həkim mənim yanıma gəldi. Əvvəlki günlərdəkindən fərqli bir şəkildə səsinə mehribanlıq qatıb:
- Müəllim, niyə deməmisiniz Aydın müəllimin qohumusunuz? Özünüz də jurnalistsiniz - dedi.
Mən də təbii ki:
- Həkim, bunlara nə ehtiyac var ki? Sağ olsun, personalınız. Hər şey qaydasındadı - söylədim. Buna baxmayaraq, o gündən sonra hiss etdim ki, bu xəstəxanada artıq mənə əvvəlkindən fərqli bir münasibət bəslənilir, bir canıyananlıq nümayiş etdirilir. Bütün bunlar isə Aydın müəllimin həmin xəstəxanaya gəlişinin çox kiçik bir detalı idi. Amma o gəliş də, onun bütün anları da mənim yaddaşıma həmişəlik yazıldı.
Təbii ki, bu adi bir insani münasibətdi, onu hər kəs edə bilər və çoxları da edir. Ancaq burda mənim üçün ən önməlisi o idi ki, Aydın müəllim heç nə demədən, yəni elə həmin an reaksiya verdi, elə həmin an özünün dost missiyasını, qardaş münasibətini sərgilədi, üstəlik də cəmiyyətdəki nüfuzunun ani kölgəsini də dostdan, qardaşdan əsirgəmədi...
Biz onunla tədbirlərdə də birgə iştirak etmişik, yol-yoldaşı da olmuşuq. Dəvət olunduğu görüşlərə məni də çağırıb. Getmişəm, bir kənarda oturub müşahidələr aparmışam. Tam səmimiyyətimlə deyim ki, bu görüşlər məni sıxmayıb. Çünki protokol xarakter daşımayıb. Çox sərbəst, çox səmimi disskusiyalar aparılıb, fikir mübadiləsi edilib. Aydın müəllimin görüş iştirakçıları ilə təmas qurmaq məharəti məni valeh edib. Elə ilk sözündən, ilk jestindən zalda oturanlar onu dinləməyə başlayıblar. Elə onların üz-gözündən açıq şəkildə oxunub ki, bu qonaq, bu tədbir onların ürəyincədi və onlar bu tədbirə ayrılan vaxta heç nə itirmirlər, əksinə, nələrisə qazanarılar, nələrisə öyrənirlər. Çünki qarşılarında çıxış edən adam sadə şəkildə, hətta onların bildiklərini də elə şərh edir ki, o bilgilərdə bir az da möhkəmlənir. Yeri gəlmişkən, Dağlıq Qarabağ İcmasının qərargahında Aydın müəllimlə keçirilən görüşdə yurd-yuvasını itirmiş, torpaq həsrəti ilə yaşayan adamlar onun tariximizlə bağlı araşdırmalarından ibarət olan kitabını çox yüksək qiymətləndirdilər. Bu kitaba elə bir oxucu münasibəti ortaya qoydular ki, Aydın müəllim tədbirdən sonra mənə bildirdi ki, bu adamlarla görüşümüzdə mən bir daha əmin oldum ki, hələ Qarabağ tarixinin öyrənilməli çox səhifələri var. Biz o səhifələri öyrənib dünyaya çıxarmalıyıq, haqqımızı əlimizdə olan qılıncdan kəsərli faktlarla hər kəsin qarşısına qoymalıyıq...
Xocavəndə gedirdik. Təhsil aldığım orta məktəbin təşəbbüsü ilə burada bir görüş keçiriləcəkdi. Onu da dəvət etdim. Məmnuniyyətlə qəbul etdi və getdik də. Yol boyu söhbətlərimiz... xocavəndlilərlə görüşdəki çıxışı... tədbirdən sonra rayon rəhbərliyi ilə, ziyalılarla təması... və Bakıya dönəndə söylədiyi sözlər bütün ömrüm boyu mənimlə qalacaq. Onun bir kəlməsini xatırlatmaq istəyirəm:
- Çox dözümlü, həm də öz aralarından çıxmış oğullarını sevib qiymətləndirən həmyerlilərin var. Onların qədrini bilmək hamımızın borcudu...
Mən Aydın müəllimin bizim ailədə, öz ailəsində olan mərasimlərdə iştirakını da tamam fərqli gördüm. Bu insan bütün ruhu ilə, bütün səmimiyəti ilə və ailəsi ilə birlikdə qatıldığı mərasimlərdə özünü evin adamı kimi, elin adamı kimi o qədər rahat aparırdı ki, mən bəzən onun bu qədər böyük ürəyinin qarşısında sıxıntı keçirirdim. Axı mən bu diqqətə hələ tam layiq olduğumu tam sübut eləyə bilməmişəm. Buna baxmayaraq, istər mikrofonla çıxışı, istər xanımı ilə birlikdə qol qaldırıb oynaması mənim soyadımın daxilində möhürlənən bir sevgi, bir diqqət münasibətidi. Deməli, insan ən iri, ən ölçüsüz hərflərlə yazıla biləcək daxili bir işığa, daxili bir sevgiyə, daxili bir diqqətə və nəhayət, daxili bir Kişiliyə malik olduğunu sübut etmək üçün özünü oda-közə vurmaya da bilər. Bunun üçün sadəcə AYDIN olmaq lazımdı. İçin də, çölün də AYDIN olmalıdı ki, sən olduğun kimi də, göründüyün kimi də hamının gözü qarşısında dayana biləsən, söz deyə biləsən. Şükürlər ki, mənim içimdəki həmin o aydın adam həm də mənim ailəmin içindəki dostum Aydın Mirzəzadədi!

TƏQVİM / ARXİV