adalet.az header logo
  • Bakı 20°C

SAMAN ALTINDAN SU YERİDƏNLƏR

BABƏK YUSİFOĞLU
30517 | 2014-11-27 01:34
Mən deyəndə ki, başda Amerika olmaqla Qərb dövlətlərinin dediyi heç bir sözə inanmaq lazım döyül, bizdəki bəzi qərbpərəstlər daş atıb, başlarını tuturdular ki, sən nə danışırsan, onlar əsl düzlük simvoludur. Sonra da başlayırdılar nəfəs dərmədən Qərbin demokratiya qoruyucusu olmağından, insan haqlarının xilaskar rolundan, onlar olmasa bizlərin əldən gedəcəyindən danışmağa.
Ötən həftə dostlardan biri başımın üstünü almışdı. Deyirdi ki, gör Barak Obama nə qədər "çesniy" adamdı ki, dünyanın super dövlətinin şefi olsa da Keniyada yaşayan ögey qardaşına nə bir qara qəpik, nə də babat bir iş köməkliyi göstərib. Yazıq acından günorta durur.
Bu da bəs deyilmiş kimi dostumuz sonra Obamanın Amerikaya gəzməyə gələn xalasından söz açdı və arvadın viza müddəti bitdiyi üçün miqrasiya idarəsinin "nə verim" işçiləri tərəfindən Amerikadan necə sürüklənib kənara çıxarmasından danışdı. Guya işçilər heç veclərinə də almayıblar ki, sabah prezident Barak onları yanına çağırtdırıb ciyərlərini çıxartdıra bilər. Əslində bu hadisə haqqında elə mən də bəzi şeylər eşitmişdim. Və onda da demişdim ki, bu cür olayların hamısı əslində gözdən pərdə asmaq, özünü demokrat göstərmək üçündü. Vallah, nə gizlədim, bir mərəkə də o vaxt dediyim bu fikirlərdən sonra başlamışdı...g
Çox şükür ki, indi mənim haqlı olduğumu sübuta yetirən məsələlərin özü yavaş-yavaş üzə çıxır. Məlum olur ki, bu gözlərə kül üfürən insan haqları müdafiəçiləri "saman altdan su yeridənlər" imiş.
Belə ki, bir neçə gün öncə internet saytlarının birindən öyrəndim ki, Barak Obamanın bir qohumuna sanballı bir mükafat veriblər. Buna inanmayan qərb aşiqlərinin yenə müxtəlif sözlər danışacağını qabaqcadan bildiyim üçün mənim də məsələ haqqında daha dəqiq, yerli-yataqlı bəhs etməyim lazımdı. Sən demə, Barak Obamanın Keniyadakı doğma kəndində yaşayan ögey nənəsi Sara Obamaya BMT-nin mükafatı verilib. Xəbərdə deyilir ki, 94 yaşlı Sara xanım təhsildən uzaq düşən, xəstə uşaqlara, yeniyetmə yaşlarında hamilə olan gəlinlərə, QİSC-ə yoluxmuş insanlara humanitar yardımlar göstərdiyinə görə Pan Ki Mun da götürüb o qadını mükafatlandırıb.
Ə kişilər, mən demirəm siz deyin, tapşırılmamış birisinə kim mükafat verər? Özü də Afrikada, ucqar bir kənddə qoca bir arvadın gördüyü işlərdən bu BMT haradan xəbər tutdu ki, hələ bir üstəlik onu mükafatlandırdı da. Öz aramızdı, Barak kömək eləmirsə, belə qoca arvadın pulu hardandı ki, bu qədər adama yardım göstərir.
Vallah, nə deyirlərsə desinlər, mən bu cür söhbətlərə inanmıram. Sara xanımın pulu belə çoxdusa niyə öz nəvəsinə - Barakın açından günorta duran ögey qardaşına köməklik eləməyib, gedib tanımadığı adamlara yardımlar göstərib. Gəlin əyri yox, elə düz oturaq, düz də danışaq. Kim inanar bu haqq-hesaba? Başqalarını deyə bilmərəm, bizlər bu cür şeylərin tapşırıqsız, göstərişsiz olmadığını çox gözəl başa düşürük. Heç kimə elə-belə mükafat, iş, yardım, vəzifə, heç qışın oğlan çağında bir parça buz verməzlər. Amma nə məsələdirsə Sara Obamaya o yekəlikdə BMT mükafat veirir. Ay siz öləsiz...g
Amerika o Amerika döyül bəyəm ermənilərin işğalı nəticəsində yurd yerlərindən didərgin düşmüş, adicə evində yaşamaq hüququndan məhrum edilmiş 1 milyon qaçqının yanından ötüb dövlətə xəyanət suçuyla ittiham edilən bir-iki şəxsin arxasında durduğunu elan edən? Bəs yaxanı cırıb guruldayırsan ki, haqqı müdafiə edən, demokratsan?
İndi Barak Obamaya deyən lazımdı, "saman altından su yeridib" nənənə mükafat verdirirsənsə dur, qızıl-qırmızı de ki, filan eləyirəm. Yoxsa, indiyədək bu nə oyunlardı çıxarırsan. Üstəlik də çox hörmətli Pan Ki Mun müəllimi pis vəziyyətdə qoyursan. Ayıb döyül səninçün?
Mən bilirəm ki, bu qərblilərdə bir zərrə qədər də utanan üz yoxdu. Cəhənnəmə olsun onların utanmaz üzü. Amma heç olmasa istəyirəm ki, özümüzün qərbpərəstləri əsil həqiqətləri bilsinlər. Bilsinlər ki, ən böyük "atanşiklər" elə qərblilərdi...g
Belə döyül?..

TƏQVİM / ARXİV