adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Əsl Ziyalı, bütov Şəxsiyyət!

3947 | 2014-11-27 01:33
İnsanlığına, Şəxsiyyətinə hər zaman böyük hörmət bəslədiyim, ehtiram göstərdiyim dəyərli millət vəkilimiz, tanınmış elm xadimimiz, gözəl ziyalımız Gövhər xanım Baxşəliyevanın dünən növbəti doğum günü-yubileyi idi. Gövhər xanımın noyabrın 26-da 60 yaşı tamam oldu. Bəlkə də kimlərsə xanımın, qadının yaşını yazmağımı nəzakətsizlik kimi qəbul edə bilər, çünki dünyada bəzi xalqlar, xüsusilə, avropalılar bunu - qadının yaşını soruşmağı və yazmağı qeyri-etik sayırlar, bu da onların mövqeyidir və bu mövqedə olanlara da hörmətlə yanaşmaq gərəkir. Ancaq mənim şəxsi fikrimcə, burada nəzakətsizlik, qeyri-etik sayıla biləcək bir nüans yoxdur, qadınlar, xanımlar, xüsusilə, Azərbaycan-Türk xanımları yaş üstünə yaş gəldikcə sözün əsl və həqiqi mənasında daha da gözəlləşir, nurlanır, işıqlanır, müdrikləşirlər. Bəlkə də avropalı xanımların sadaladığım keyfiyyətlərlə bağlı problemləri var və ona görə bu məsələyə - yaş məsələsinə belə sərt və kompleksli yanaşırlar, ancaq birmənalı şəkildə və təkrarən qeyd edirəm ki, Azərbaycan-Türk xanımlarının bununla - bu keyfiyyətlərlə bağlı problemləri yoxdur. Nə isə...
Gövhər xanımı qiyabi və əyani şəkildə tanıyanı haradasa 17-18 ilə yaxın olar. Onun adını eşitsəm də, necə deyərlər üzünü, simasını 90-cı illərin sonlarında-mərhum Heydər Əliyevin də qatıldığı və AzTV ilə yayımlanan bir tədbirdə gördüm. Həmin tədbirdə çıxış edərkən mərhum dövlət başçısı birdən Gövhər xanımın çıxışını yarımçıq kəsdi və ona, həmçinin, mərhum atasına - Azərbaycanın layiqli Oğullarından-Kişilərindən olan keçmiş maliyyə naziri, dövlət xadimi Baxşəli müəllimə öz müsbət münasibətini ifadə etdi...
Bunun üstündən az müddət sonra sonra - 2000-ci ilin payızında Gövhər xanım 2-ci çağırış Milli Məclisə deputat seçildi - təbii ki, öz dədə-baba yurdundan - doğma Bərdəmizdən və bir parlament müxbiri kimi də deputat seçilməyindən qısa bir dövr sonra onunla əyani tanışlığımız başladı. Səhv etmirəmsə, 2001-ci və 2002-ci ilin yayı - avqust ayı olardı, redaktorumuz Rəşad müəllim - söhbət "525"-dən gedir - bir məsələ ilə bağlı bir neçə tanınmış insanın, eyni zamanda, onunla səfər yoldaşı olmuş Gövhər xanımın fikirlərini öyrənməyi tapşırdı. Mən də onun tapşırığına əsasən Gövhər xanımla zəngləşdim və vaxt təyin edib Milli Məclisdəki kabinetində - onda Gövhər xanım həm də vitse-spiker idi - görüşdüm və səmimi şəkildə qeyd edim ki, bu görüşdən çox razı qaldım, həm də qısa bir açıqlamanın əvəzində Gövhər xanımdan digər vacib məsələlərlə bağlı geniş müsahibə götürdüm. Və həmin gündən Gövhər xanımla aramızda çox səmimi və qarşılıqlı hörmət-ehtirama dayanan münasibətlər, dostluq əlaqələri yarandı və bugünədək də bu münasibətlər, bu əlaqələr davam etməkdədir.
Çünki Gövhər xanım kimi əsl Azərbaycan-Türk xanımı, əsl Şəxsiyyət, əsl Ziyalı ilə tanış-dost olmaq özü böyük xoşbəxtlikdir, şəxsən bundan qürur və fəxr hissi duyuram. Tanınmış, hörmət-izzətli, adlı-sanlı ailədə dünyaya gəlməsinə, böyük vəzifələr tutmasına (neçə illərdir ki, həm də Şərqşünaslıq İnstitutuna rəhbərlik edir), Azərbaycanın adlı-sanlı simalarından olmasına baxmayaraq, Gövhər xanım çoxlarından fərqli olaraq, çox sadə, çox səmimi, çox kövrək, çox mehriban və çox qayğıkeş İnsandır, Azərbaycan-Türk xanımıdır. Bəlkə də çoxları onun yerində olsaydı, başqa cür rəftar edər, başqa cür davranardı, ancaq böyüdüyü ailə, aldığı tərbiyə sayəsində Gövhər xanım hər zaman olduğu və göründüyü kimi olub, heç zaman nəyinsə xatirinə dəyişməyib, davranışlarında, insanlara qarşı rəftarında korrektələr etməyib. Budur əsl Ziyalılıq, budur əsl İnsanlıq!
Gövhər xanım həm də gözəl, nümunəvi anadır, valideyndir, ailə başçısıdır. Onun tək oğlan övladı, həmçinin, gəlini, nəvəsi ilə necə fəxr etdiyinin, onların üzərində necə titrədiyinin, onlar üçün daim necə narahatçılıq keçirdiyinin, ən əsası onlara olan təmənnasız sevgisinin şahidi olmuşam. Bunları sözlə ifadə etmək belə çətindir, sözlər bu yerdə çox acizdir...
Odur ki, Gövhər xanımı bu əlamətdar doğum günü-yubileyi münasibəti ilə bir daha ürəkdən təbrik edir, ona elmi, siyasi fəaliyyətində növbəti nailiyyətlər, müvəffəqiyyətlər, şəxsi-ailə həyatında daim gözəlliklər arzu edirəm. Doğum gününüz və yubileyiniz mübarək olsun, çox əziz və dəyərli İnsan Gövhər xanım!

TƏQVİM / ARXİV